Azərbaycanın ictimai-siyasi həyatında özünəməxsus yeri və rolu olan, ümumxalq partiyasına çevrilən, ölkəmizin əsas siyasi partiyası kimi tanınan Yeni Azərbaycan Partiyasının yaranmasının 20 ili tamam olur. Ötən 20 il ərzində Yeni Azərbaycan Partiyası çox mühüm və əhəmiyyətli bir yol keçmişdir. Bu illər Müstəqil Azərbaycanın inkişaf tarixi ilə bağlıdır. Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi, ölkəni düşdüyü xaos və anarxiyadan, siyasi, sosial-iqtisadi və hərbi böhrandan çıxarılması, istiqlalımızın dönməzliyinin təmin olunması və hazırda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən geniş və çoxşaxəli islahatlar, sosial-iqtisadi inkişaf məhz YAP-ın lideri, müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf konsepsiyası ilə bağlıdır.
Yeni Azərbaycan Partiyasının yarandığı 90-cı illərin əvvəli ölkəmiz üçün fəlakətli illər idi. Respublikamız "olum, ya ölüm" dilemması qarşısında qalmışdı. Respublika rəhbərliyi problemləri həll etmək iqtidarında deyildi. Torpaqlarımız bir-birinin ardınca işğal olunurdu. Qarabağ müharibəsində Azərbaycan məğlub olmuşdu, ermənilər sürətlə irəliləyirdi. Hakimiyyət hərisləri isə Bakıda vəzifə davası aparırdı. Respublikada vətəndaş müharibəsi artıq başlamışdı. Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə idi. Belə çətin vaxtda republika ziyalıları Naxçıvanda yaşayan və fəaliyyət göstərən Heydər Əliyevə üz tutdular. Xalqı parçalayan bu siyasət ölkənin siyasi varlığını təhlükə qarşısında qoymuşdu. Xalqın ümumi narazılığı getdikcə daha çox vahid siyasi axarda birləşir, siyasi hərəkata çevrilirdi. Xalqın içindən, onun qəlbindən gələn bu güclü axını duyan Azərbaycanın mütərəqqi ziyalıları 1992-ci il oktyabrın 16-da Naxçıvana, Heydər Əliyevə müraciət edərək ona yeni yaranmaqda olan siyasi hərəkata rəbərliyi öz üzərinə götürməyi təkidlə xahiş etdilər. Bu müraciəti 91 nəfər ziyalı imzalamışdı. Əslində isə bu, bütün xalqın ürəyinin səsi və arzusu idi. Respublika ziyalıları, əhalinin tam əksəriyyəti ölkənin gələcək taleyini Heydər Əliyevlə əlaqələndirir, onda görürdülər. Bu qeyri-adi günlərdə siyasi iradə və təmkilik nümayiş etdirən Heydər Əliyev yeni partiyaya rəhbərlik etmək barədə 91-lərə məşhur cavabını yazdı. Burada YAP-ın yaranmasının zəruriliyi bildirilməklə belə bir partiyanın prespektivdə ölkənin siyasi həyatında aparıcı rol oynayacağı əminliklə qeyd edilirdi. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan və formalaşan Yeni Azərbaycan Partiyasının 20 illik yaranma və inkişaf tarixi göstərdi ki, Yeni Azərbaycan Partiyasını yaradanlar bu partiyanın təməl daşını qoyanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində, düşüncə və əməllərində, rəy və proqnozlarında haqlı olmuşlar.
Heydər Əliyev kursunu bu gün qəti və prinsipial şəkildə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev özünün yüksək dövlətçilik amallarına söykənən təşəbbüsləri, ölkənin hər tərəfli inkişafına, xalqın rifahının yüksılməsinə yönəlmiş addımları ilə ik gündən Dövlət başçısı kimi vətəndaşların layiqli hörmət və rəğbətini qazanmışdır. Ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı, ölkə başçımız cənab İlham Əliyevin apardığı siyasət Sabirabad rayonunda da diqqətlə qarşılanır, təhlil edilir və dəstəklənir. Azərbaycanı dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevirməyə bacarmış cənab İlham Əliyev bu gün Azərbaycanda gerçəkləşdirilən qlobal iqtisadi islahatları, demokratik hüquqi prosesləri, sürətli quruculuq işlərini uğurla həyata keçirir. Bu uğurlar, yaradıcısı ümummilli liderimiz Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının uğurlarıdır.
Yeni Azərbaycan Partiyasının yerlərdə təşkilatlanma çağırışına Sabirabad rayonu ilk səs verənlərdən oldu
Azərbaycanın tarixinə 1992-ci il noyabr ayının 21-i unudulmaz və möhtəşəm bir gün kimi daxil oldu. Ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti əticəsində yaradılan YAP ani olaraq Azərbaycanın ictiami-siyasi həyatına daxil oldu və bununla Azərbaycanın tarixində yeni dövr başladı. Yeni Azərbaycan Partiyasının yerlərdə təşkilatlanma çağırışına Sabirabad rayonu ilk səs verənlərdən oldu. YAP Sabirabad rayon təşkilatı Respublikada sayca ikinci ilk rayon oldu ki, öz konfransını keçirdi. Bu tarix 16 yanvar 1993-cü il idi. Rayon təşkilatının təsis olunması və olduqdan sonra ilk illərdə fəaliyyət göstərməsi çox çətin və mürəkkəb şəraitdə olmuşdur. Lakin bütün bu çətinliklərə baxmayaraq rayon təşkilatı öz mütəşəkkilini taparaq fəaliyyət göstərdi. Partiyanın qarşımızda qoyduğu bütün tapşırıqlara layiqincə əməl edəcəyinə qarşısına məqsəd qoydu.
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatında cəmləşən üzvlərin sayı günü-gündən kəmiyyət və keyfiyyət baxımından daha da artaraq təkmilləşir və nüfuzunu artırır. Bu göstərici YAP-a olan inamın göstəricisidir. Artıq YAP Sabirabad rayon təşkilatında üzvlərin sayı 6500-dən çoxdur. Bunlardan 31% - gənclər və 30% - qadınlar təşkil edir. YAP Sabiraabad rayon təşkilatı özünün 20 illik fəaliyyəti dövründə Partiyanın Proqram və Nizamnaməsini, Partiyanın öz qurultaylarında qəbul edilmiş qərarların icrası ilə əlaqədar qarşıda duran vəzifələri Heydər Əliyev siyasi kursunun alternativsizliyini, ümummilli lider Heydər Əliyev ideyalarına sadiqliyini, Partiyanın sədri və dövlətimizin başçısı möhtərəm cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətinə dəstək olmasını ölkənin ictimai-siyasi həyatında əldə edilmiş nəaliyyətləri rayon əhalisi arasında geniş təbliğ etmiş, ideya-siyasi iş istiqamətində müəyyən nəaliyyətlər əldə etmişdir. Partiya fəallarının yerlərdə apardığı məqsədyönlü fəaliyyətin nəticəsi olaraq rayon partiya təşkilatının rayonun ictimai-siyasi həyatında nüfuzu daha da yüksəlmiş, onun sosial bazası xeyli güclənmişdir. İdeoloji-təbliğat işinin gücləndirilməsi, partiyanın məram və məqsədinin daha geniş yayılmasının məntiqi nəticəsidir ki, rayon təşkilatının öz fəaliyyəti dövründə yerlərdə 88 ilk partiya təşkilatı yaradılmışdır.
Bizə məlumdur ki, hər-hansı bir partiya üçün seçki qədər əhəmiyyətli ikinci bir şey yoxdur. Bütün demokratik dövlətlərdə seçki əhalinin öz iradəsini ifadə etməyin ən əsas formasıdır. YAP Sabirabad rayon təşkilatı keçirilmiş seçkilərdə fəallıq və mütəşəkillik göstərmiş və əksəriyyətində qalibiyyət qazanmışdır. Keçirilmiş referendumlarda seçicilərin fəal iştirakının təmin edilməsində bütün imkanlardan maksimum istifadə etmişdir. Seçkilərin azad, demokratik şəffaf keçirilməsi üçün rayon təşkilatı bütün qüvvələrini səfərbər etmiş və bütün ərazilərdə güclü təbliğat kompaniyası aparmışdır. Rayon təşkilatı aparatının əsas funksiyalarından biri ərazi ilk təşkilatlarda səmərəli işin qurulmasıdır. Bu məqsədlə ilk təşkilatlar aparat üzvləri rasıda təhkim edilmişdir. Təlimatçılar öz kurasiyasında olan ilk təşkilatlarla mütəmadi əlaqə saxlayaraq yığıncaqlar keçirirlər. Bu yığıncaqlarda Partiyanın Mərkəzi Aparatının verdiyi təlimatlar, tapşırıqlar və partiya həyatının müxtəlif məsələləri haqqında tövsiyyələri ilk sədrlərinə çatdırılır. Təşkilati və ideoloji işin səviyyəsinin daha da yüksəldilməsi haqda fikir mübadiləsi aparılır. Rayon mərkəzində Partiya təşkilatının inzibati binasının yenidən inşa edilməsi aparat işçiləri və partiya üzvləri tərəfindən çox rəğbətlə və sevinclə qarşılandı. Hal-hazırda inzibati binanın tamamlanma işləri aparılır.
Qarşıda görülməli işlər çoxdur. Bu gün Yeni Azərbaycan Partiyasının üzvü olaraq hər birimizin qarşısında ölkəmizin inkişaf tempinə uyğun olaraq çox zəruri və təxirəsalınmaz vəzifələr durur. Hər birimiz öz fəaliyyətimzdə partiyamızın sədri və dövlətimizin başçısı möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin tempindən geri qalmamağa çalışmalı, dövlət siyasətinə uyğun olaraq operativ və təxirəsalınmaz işlər görməliyik. Dövlətimizin başçısının bütün sahələrdə həyata keçirdiyi islahatlar Yeni Azərbaycan Partiyasının hər bir üzvünün ideoloji silahı olmalıdır.
Gənclərimizin qarşısında xalqımıza, dövlətimizə, ölkəmizə sədaqətləxidmət etmək, həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq vəzifəsi durur
Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı il fevralın 2-də Müstəqil Azərbaycan Gənclərinin I Forumunun keçirilməsi ölkəmizin tarixində müstəsna əhəmiyyətə malik bir hadisə oldu. Ümummilli liderimizin bu məclisdə məzmunlu çıxışı gənclərimiz üçün proqram sənədinə çevrildi. 1997-ci ildə gənclərin I Forumunun il dönümü ərəfəsində isə forumun keçirildiyi gün fevral ayının 2-si Müstəqil Azərbaycan Gəncləri günü elan edilməsi gənclərimizə bayram bəxş etməklə yanaşı, onların cəmiyyətdə nə dərəcədə mühüm rol oynamalarının bir daha diqqət mərkəzində olduğunu göstərdi.
YAP Sabirabad rayon təşkilatı Gənclər Birliyi 150 nəfər gəncin iştirakı ilə 27 iyun 1996-cı ildə təsis olunmuşdur. Hal-hazırda birliyin 1926 nəfərdən artıq üzvü vardır. Çox sevindirici haldır ki, gənclər partiyada çoxluq təşkil edən qrupdur. Müşahidə və təhlillər göstərir ki, gənclərin partiya sıralarına axınının əsas səbəbi möhtərəm Prezidentimiz İlham Əliyevin gənclərlə işi gücləndirmək, gənclərə geniş meydan vermək sahəsindəki tapşırığı əsas rol oynamışdır. Dünyada çox az ölkə var ki, onlar gənclər gününü dövlət səviyyəsində qeyd edirlər. Ölkə başçısı cənab İlham Əliyevin Fərmanı ilə 2007-ci ili Gənclər ili və 2012-ci ili İdman ili elan olunması gənclərə dövlət qayğısının əyani sübutudur. YAP Sabirabad rayon təşkilatı Gənclər Birliyi möhtərəm Prezidentimiz İlham Əliyevin yeritdiyi daxili və xarici siyasətin, Respublikamızın əldə etdiyi uğurların təbliğini öz fəaliyyətinin ana xətti kimi qəbul etmişdir.
Gənclərin asudə vaxtının səmərəli keçirilməsi üçün rayonda mövcud olan Olimpiya İdman Kompleksi, stadion, klub və parklar gənclərin istifadəsinə verilmişdir.
Bu ilin 09-12 oktyabrında Sabirabad rayon Olimpiya İdman Kompleksində Yeni Azərbaycan Partiyasının yaranmasının iyirminci ildönümünə həsr olunmuş Futzal üzrə zona birinciliyi yarışı keçirilmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin 2 fevral 1998-ci il tarixdə YAP-ın Gənclər Birliyinin Ümumrespublika toplantısında söylədiyi "Gənclərimizin qarşısında xalqımıza, dövlətimizə, ölkəmizə sədaqətlə xidmət etmək, həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq vəzifəsi durur" tövsiyyələrinə Sabirabad gəncləri daim sadiq qalmışdır və bundan sonra da qalacaqdır.
Azərbaycan irəli gedən, inkişaf edən bir dövlətdir və bu dövlətin qadınları öz hüquqlarını müdafiə etməyə qadir olan, dövlət quruculuğu prosesində fəal iştirak edən bir qüvvədir
Azərbaycanın müasir tarixinin çox mühüm bir hissəsi Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bağlıdır. Yarandığı ildən bəri bu partiya Azərbaycanda milli dövlətçilik ənənələrinin formalaşmasında, respublikamızın bir çoxlu taleyüklü problemlərinin aradan qaldırılmasında həlledici rola malik olan bir siyasi təşkilat kimi öz bəhrəsini vermişdir. Bu bir həqiqətdir ki, Azərbaycanda dövlət quruculuğu sahəsində mühüm işlər görülür. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən başlanan bu proses onun siyasi xəttinin layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu prosesdə Azərbaycan qadınlarının da öz payı vardır. Azərbaycan cəmiyyətində qadınlara böyük etiram və etimad göstərilir. Məhz bunların nəticəsidir ki, bu gün Azərbaycan cəmiyyətində qadınlar önəmli yer tuturlar. Qadınlarımız təkcə ailədə uşaq böyütmür, eyni zamanda ölkənin siyasi, sosial, mədəni həyatında bütün sahələrdə uğurla fəaliyyət göstərir.
Heydər Əliyev fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri millət vəkili Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyətini mən bir Azərbaycan qadını kimi yüksək qiymətləndirirəm. Heydər Əliyev fondu Mehriban xanım Əliyevanın təşəbbüsü ilə nəinki ölkəmizdə həmçinin ölkə hüdudlarından kənarda da həyata keçirdiyi humanitar missiyasının bütün dünyaya örnək olduğunu xüsusi vurğulamaq istəyirəm. Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti milli-mənəvi və intellektual yüksəlişə xidmət edən idealların cəmiyyətdə daha da möhkəmlənməsinə yönəlmişdir. Azərbaycanın birinci xanımının istər elm və təhsili səviyyəsinin yüksəldilməsi istərsə də səhiyyənin inkişafı insanların fiziki-mənəvi sağlamlığının təminatı yönümündə həyata keçirdiyi strateji ləyihələr onun fəal vətəndaşlıq mövqeyində dayanmasının, yüksək mənəvi məsuliyyətinin təzahürüdür.
Heydər Əliyev fondunun təşəbbüsü ilə mənim yaşadığım Sabirabad rayonunda beş böyük və bütün standartlara cavab verən ümumtəhsil orta məktəbi tikilmiş, bir çox məktəb və səhiyyə ocaqlarında əsaslı təmir həyata keçirilmişdir. Yeni Azərbaycan Partiyasının Sabirabad rayon təşkilatında birləşən partiya üzvlərinin 1889-nəfərini qadınlar təşkil edir.
Cənab Prezident İlham Əliyev daim gənc nəslin fiziki və mənəvi inkişafına, uşaq hüquqlarının təmin edilməsinə, uşaqlara dövlət qayğısının artırılması məsələlərinə həssaslıqla yanaşır. Habelə, 2009-cu ilin Azərbaycan Respublikasında "uşaq ili" elan edilməsinə görə cənab Prezidentə öz minnətdarlığımızı bildiririk. Rayonumuzda yaranan "uşaq fondunun" əsas fəaliyyəti sosial-psixoloji çətinliklərlə qarşılaşan ailələrə sadəcə yardım göstərmək deyil onları respublikamızın ictimai həyatına sağlam cəlb etməkdir. Respublikamızın digər bölgələrində olduğu kimi Sabirabad rayonunda da hər il təşkil olunan "ailə bayramında" nümunəvi ailələrin seçilməsi artıq ənənəyə çevirlmişdir.
Cənab Prezidentin 2006-cı ildə təsdiq etdiyi "Gender bərabərliyinin təminatları haqqında" qanun respublikada bərabər imkanların təmin edilməsi sahəsində mühüm addım olmuşdur. Azərbaycan az sayda ölkələrdən biridir ki, son iki ildə dövlət büdcəsindən gender və məişət zorakılığı problemlərinin həllinə xüsusi vəsait ayrılır.
Heydər Əliyev fondu gözlədiyimizdən xeyli böyük amalları reallaşdırmağa başladı. Xeyriyyəçilik, insansevərlik, mərhəmət Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, əsrlər boyu formalaşan ənənələrinə xas gözəl keyfiyyətlərdən biridir və fərəhlidir ki, hazırda Heydər Əliyev fondu bu ənələri uğurla davam etdirir. Fondun Prezidenti Heydər Əliyev fondu bu ənələri uğurla davam etdirir. Fondun Prezidenti Mehriban xanım Əliyeva ulularımızdan bizə miras qalan ali mənəvi dəyərləri öz fəaliyyətində yaşatmaqla həyatını xalqa həsr edən maarifpərvər ziyalılarımızın, nurlu insanlarımızın yolunu uğurla davam etdirir.
Gələn il respublikamızda növbəti Prezident seçkiləri keçiriləcəkdir. Təbii ki, taleyüklü seçimdə sağlam düşüncəli bütün insanlar kimi çox minli Sabirabad əhalisi də fəal iştirak edəcəkdir. Əminəm ki, bütün Azərbaycan xalqı kimi Sabirabad əhalisi də bu seçkilərə prezidentliyi dövründə xalqın rifahı və dövlətçilik naminə gördüyü tarixi xidmətlərini yüksək qiymətləndirərək, məhz cənab İlham Əliyevin prezident seçilməsinə yekdilliklə səs verəcəkdir.
Nadir Quliyev,
YAP Sabirabad rayon təşkilatının sədri
yap.org.az