Alman jurnalistlər bundan sonra Azərbaycan haqda məlumatları yalnız SİA-dan alacaqlar
Bu gün "Səs" Media Holdinqdə eyniadlı qəzet, agentlik və digər bölmələrin əməkdaşları ilə almaniyalı jurnalistlər arasında görüş keçirilib. SİA-nın məlumatına görə, ümumilikdə 21 nəfərdən ibarət olan almaniyalı jurnalistin qatıldığı tədbirdə "Səs" Media Holdinqin icraçı direktoru Vəli Vəliyev, "Səs" qəzetinin baş redaktor müavini Fətulla Həsənov, SəsTV intenet televiziyasının redaktoru Vüqar Əliyev və digər şəxslər iştirak edib. Tədbirə qonaqları salamlamaqla başlayan icraçı direktor Azərbaycan, ölkə mətbuatı və "Səs" Media Holdinqi, onun ayrı-ayrı strukturları haqqında ətraflı məlumat verib.
Bildirilib ki, SİA 2008-ci il iyulun 23-də Azərbaycan Respublikası Vergilər Nazirliyi, Bakı şəhər Vergilər Departamenti, Dövlət Qeydiyyat İdarəsində qeydiyyatdan keçib və fəaliyyətə başlayıb: "Agentlik Azərbaycan, İngilis, Rus dilində xəbər xidməti göstərməkdədir. Yaxın gələcəkdə bir neçə əcnəbi dillərdə də xəbər xidməti aparılacaq. Xəbər xidməti xüsusi bülletenlər və online sistemi ilə həyata keçirilir. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər və analitik yazılar, rəylər əksini tapır. Operativ, dəqiq, tərəfsiz informasiya siyasəti yürütməyi qarşısına məqsəd qoyan SİA Azərbaycanın bütün bölgələrində xüsusi müxbirlər təyin edib. O cümlədən, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Baltikyanı ölkələr, Moldova, Avropa dövlətləri və ABŞ-ın aparıcı kütləvi informasiya vasitələri, telekanallar, elektron yayım quruluşları və mətbuat orqanları ilə əməkdaşlıq əlaqələri qurub".
V.Vəliyev həmçinin xarici qonaqlarına diqqətinə çatdırıb ki, əlaqələr qurduğumuz qurumlar sırasında Azərbaycanda fəaliyyət göstərən xarici səfirlik və konsulluqlar, diplomatik missiyalar, beynəlxalq təşkilatların təmsilçilikləri, dövlət strukturları, nazirliklər, maliyyə qurumları, beynəlxalq maliyyə təşkilatlarının ölkəmizdəki nümayəndəlikləri, qeyri-hökumət təşkilatları, siyasi partiyalar, xarici dövlətlərdə fəaliyyət göstərən diaspora qurumlarımız, xarici şirkətlər, yerli və xarici biznes strukturları da var: "Bizim "Səs" Media Holdinqin nəzdində SİA, Səs TV, SİASport idman portalı, SİATravel turizm agentliyi fəaliyyət göstərir".İcraçı direktor almaniyalı jurnalistlərə həmçinin Azərbaycan mətbuatının inkişafından söhbət açaraq deyib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da mətbuat qarşıda duran vəzifələri yeni informasiya resurslarının ardıcıl inkişafı ilə şərtlənən mürəkkəb rəqabət mühitində yerinə yetirir: "Azərbaycan dövlətinin artan imkanları milli mətbuatımızın inkişafı yolunda çətinliklərin aradan qaldırılması, onun aktual problemlərinin həlli məqsədilə kompleks tədbirlərin həyata keçirilməsinə şərait yaradıb. Bu gün mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin stimullaşdırılması, dövlət orqanları ilə mətbuat arasında səmərəli əməkdaşlığın inkişafı, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına daha münbit şəraitin yaradılması, onların sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan dövləti və cəmiyyətinin qarşısında duran mühüm vəzifələrdir".
V.Vəliyev qeyd edib ki, ölkə Prezidentinin sərəncamı ilə yaradılan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) media qurumlarının inkişafını təmin etmək, burada çalışan əməkdaşların hər birinin sosial problemlərini həll etmək missiyasını yerinə yetirir: "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 iyul tarixli 2957 nömrəli Sərəncamına uyğun olaraq yaradılıb. Fondun əsas məqsədi Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı genişləndirmək, jurnalistlərin peşəkarlığı və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən, habelə kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqramları, layihələri və digər tədbirləri maliyyələşdirməkdir".
Daha sonra almaniyalı jurnalistləri maraqlandıran suallara aydınlıq gətirilib. Qonaqlar Bakıda keçirilmiş "Avroviziya" mahnı müsabiqəsi zamanı Almaniyanı təmsil edən jurnalistlərin öz ölkələrinin mətbuatında xoşa gəlməyən yazıların dərc olunmasına Azərbaycan tərəfindən verilən reaksiya barəsində məlumat əldə olunmasını istəyiblər. Onlara bildirilib ki, "Eurovisiya" musiqi yarışması olduğu üçün bu tədbirin siyasiləşdirilməsi Azərbaycan tərəfindən heç də yaxşı qarşılanmayıb. Jurnalistin hansı ölkəni təmsil etməsindən asılı olmayaraq daim obyektiv mövqedə olması tövsiyyə edilib. Bir sözlə alman jurnalistlərin "Eurovisiya"dan kənar hadisələri gördükləri kimi yox, eşitdikləri kimi dərc etmələri jurnalistin peşə fəaliyyəti ilə uzlaşmadığı diqqətə çatdırılıb.
Qadınların mediada təmsil olunması, rəhbər strukturlarda fəaliyyəti, eləcə də Azərbaycan mediasında həmkarlar təşkilatlarının mövcudluğu və gördüyü işlər də növbəti müzakirə predmeti olub. SİA-nın rus bölməsinin redaktoru Aynur Mehtiyeva çıxış edərək bildirib ki, qadınların nəinki mediada, eyni zamanda Azərbaycanda fəaliyyət göstərən bütün strukturlarda təmsil olunması üçün heç bir problem yoxdur: "Rəhbər strukturlarda təmsilçilik hətta bəzi qurumlarda əksəriyyət təşkil edir. Təmsil etdiyim agentlikdə çalışmağıma ailəm və həmkarlarım tərfindən heç bir maneə yoxdur. Ümumiyyətlə, Azərbaycanda bu problemin nə vaxtsa olduğunu söyləmək çətindir. Biz coğrafi nöqteyi-nəzərdən Şərq ölkəsi olsaq da, daha çox Avropaya yaxınıq, yeni dəyərlər, yeni münasibətlər, yanaşmalar əldə etməyə çalışırıq".
Jurnalistlərin həmkarlar təşkilatlarında təmsil olunmasına gəlincə A.Mehtiyeva bildirib ki, hal-hazırda Azərbaycanda müxtəlif jurnalist birlikləri mövcuddur. Jurnalistlərin Həmkarlar İttifaqı adlı qurumda çoxlu sayda media təmsilçiləri birləşib. Jurnalist Qadınlar Assosiasiyası da qadın jurnalistləri özündə birləşdirməklə yanaşı onların problemlərinin həllində də yaxından iştirak edir.
V.Vəliyev qadınların mediada rolunu müsbət dəyərləndirərək bu istiqamətdə Azərbaycan dövlətinin gördüyü işləri diqqətə çatdırıb. Qərara alınıb ki, tədbirdə iştirak edən alman jurnalistlər bundan sonra Azərbaycan haqda məlumatları yalnız SİA-dan alacaqlar.
Daha sonra tədbir maraqlı diskussiya şəklində davam etdirilib. Tədbirin sonunda qonaqlar Səs Media Holdinqin binasını gəzərək əməkdaşların iş şəraiti ilə tanış olub, maraqlandıqları suallara cavab alıblar.
SIA