PDF Oxu

Əsas

  • 34

Bakıətrafı kənd və qəsəbələr inkişafın yeni mərhələsində

Sahibkarlığın inkişafına dəstək davam edir

Bakıətrafı kənd və qəsəbələr inkişafın yeni mərhələsində

"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair "Dövlət Proqramı" həyata keçirilməkdədir. Bu proqramda Bakıətrafı rayonların elektrik, su təchizatı və kanalizasiya sistemi, nəqliyyat sahəsi, abadlıq və yaşıllaşdırma sahibkarlığın inkişafına dəstək və digər sahələrin inkişaf etdirilməsi nəzərdə tutulub. Dövlət Proqramının yüksək səviyyədə həyata keçirilməsi üçün Bakı şəhəri və onun qəsəbələrinin inkişafının sürətləndirilməsi, əhaliyə göstərilən kommunal xidmətlərin həcminin və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq işlər görülür.

Nəzərdə tutulan işlərin sürətləndirilməsi məqsədi ilə İqtisadi İnkişaf Nazirliyinin də qarşısında bir sıra vəzifələr qoyulub. Bu vəzifələr arasında Bakı şəhəri və ətraf qəsəbələrin inkişafı üçün investisiyaların cəlb edilməsi və ixracatın dəstəklənməsi məqsədilə kiçik və orta sahibkarlıqla məşğul olan fiziki və hüquqi şəxslərin maarifləndirilməsi, treninqlərin keçirilməsi və onlara güzəştli kreditlərin verilməsinə xüsusi yer ayrılıb. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" 2011-2013-cü illər qəbul olunmuşdu. Həmin dövrdən indiyədək Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 145 sahibkara 23 mln. manat məbləğində güzəştli kreditlər verilib. Belə ki, verilmiş kreditlər hesabına 5 çörəkbişirmə müəssisəsi, 6 istixana, 4 quş əti istehsalı müəssisəsi yaradılacaq. Gələcəkdə də bu istiqamətdə tədbirlərin davam etdirilməsi planlaşdırılır. Bakı qəsəbələrində əsasən zəfərançılığın inkişafı və emalı, zeytun bağlarının salınması, quşçuluq, çörək və digər sahələr prioritet hesab olunan sahələrdir. Sahibkarlığa Kömək Milli Fondu ayrılan kreditlərin monitorinqini aparır. Belə ki, fond iri layihələrə ayrılmış vəsaitlərin aidiyyəti üzrə xərclənməsini tənzimləmək üçün ayda iki dəfə monitorinq aparır. Ümumiyyətlə, SKMF 2011-ci ilin ötən dövrü ərzində 110 mindən çox sahibkara 92,1 mln. manat məbləğində güzəştli kredit ayırıb. Qeyd olunan proqramların icrası sayəsində Bakı şəhəri sürətlə inkişaf edib, yol təsərrüfatının və şəhər nəqliyyatının işinin yaxşılaşdırılması, elektrik enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya xidməti, sosial infrastruktur sahəsində xidmət səviyyəsinin yüksəldilməsi üzrə layihələr həyata keçirilib. Nəticədə, şəhər abadlaşıb, tikinti işləri geniş vüsət alıb, yeni müəssisələr və iş yerləri açılıb. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair "Dövlət Proqramı" çərçivəsində ölkədə təkrar istehsalı inkişaf etdirmək üçün əsas vasitələrdən biri olan Balaxanı Eko-Sənaye Parkı yaradılması qərara alınımışdır. Bu parkın yaradılmasında başlıca hədəf təkrar istehsal sahəsində potensial sahibkarlar və investorlar üçün əlverişli şərait yaratmaqdan ibarətdir. Sənaye Parkı Balaxanı poliqonuna və tullantıların yandırılması zavoduna, həmçinin, nəqliyyat qovşağına yaxındır. Bu da əsas veriri ki, xammal - enerji təchizatı və əldə edilmiş xam material və ya istehsal edilmiş məhsulun asanlıqla satış bazarına çıxmasına əlverişli imkan yaratsın. Eko-Sənaye Parkının başlıca faydaları bunlardır. Bir məkanda vahid infrastruktur yaratmaq, yaşıl biznesin fəaliyyəti nəticəsində ətraf mühitə təsiri azaltmaq, təkrar istehsal istifadəni və istehsal müəssisələrini yaratmaqdan ibarətdir. Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəmərinin inşası isə hələ də davam edir. Bu magistral kəmərinin tikintisi 2013-cü ildə başa çatacaqdır.

Buradakı borular qaynaq edilib, 5 km-dən artıq hissədə xəndək qazılıb. İşlərin keyfiyyətlə yerinə yetirilməsi üçün texniki tələblərə uyğun olaraq boruların qaynaq edilmiş hissəsi ultrasəs aparatı vasitəsilə yoxlanılır və hər bir qaynaq tikişi üçün fərdi rəy verilir. Nəql olunacaq suyun keyfiyyət göstəricilərinin yüksək saxlanması üçün borular daxildən xüsusi boya ilə örtüklənib. Bir sözlə, Dövlət Proqramına uyğun olaraq, ətraf qəsəbələrin hər birində içməli su və kanalizasiya şəbəkəsi yaradılır. Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı xətti ilə nəql olunan suyun bir hissəsi Hövsan, Suraxanı və Sabunçu qəsəbələrinə yönəldiləcək. Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun istismara verilməsi və Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral kəmərinin çəkilişi Abşeron yarımadasında 1 milyondan artıq sakinin içməli su təchizatının yaxşılaşmasına səbəb olacaq. Belə ki, qəsəbələrdə təkcə yol, qaz, işıq, su problemləri deyil, eyni zamanda, işsizlik, məşğulluq məsələləri də öz həllini tapacaqdır.

Ruqiyyə Cəfərova

Digər xəbərlər