YAP Hacıqabul rayon təşkilatı partiyanın yubileyini təntənə ilə qeyd edir
Hacıqabul rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci ildönümü münasibətilə YAP rayon təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə silsilə tədbirlər davam etməkdədir. Belə ki, tədbirlər planına əsasən, şəhər ərazisində yerləşən məktəbəqədər uşaq tərbiyə müəssisələrində, ümumtəhsil məktəblərinin, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin həyətlərində yüzlərlə ağac əkilib. Dünən tədbirlər planı üzrə növbəti tədbir rayon mədəniyyət evində partiya fəalları ilə görüşün keçirilməsi olub. Tədbir iştirakçıları ilk öncə rayonun mərkəzində ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzüblər.
Rayon mədəniyyət evində keçirilən tədbir dövlət himninin səslənməsi ilə öz işinə başlayıb. Yubiley mərasimində çıxış edən YAP Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov Yeni Azərbaycan Partiyasının keçdiyi 20 illik keşməkeşli və uğurlu yoldan danışaraq, partiyanın xalqımızın inam və güvənc yeri olduğunu söyləyib: "Bir neçə gün öncə, müstəqilliyinin 21-ci ildönümünü qeyd etdiyimiz müstəqil Azərbaycan dövlətinin tarixi Yeni Azərbaycan Partiyasının tarixi ilə vəhdəti təşkil edir. Yeni Azərbaycan Partiyasının 20 illik yüksəliş yolunda qazandığı uğurlar, əldə etdiyi nailiyyətlər bir tərəfdən Ulu Öndər Heydər Əliyevin müdrik dühasından süzülüb gələn unikal fikirlərə, düşüncələrə, həmişəyaşar ideyalara söykənirsə, digər tərəfdən, cənab İlham Əliyevin yaradıcı, qurucu, yenilikçi fəaliyyətindən qaynaqlanır".
"Partiyamızın ideya və məqsədləri rayon təşkilatının iş prinsipinə çevrilmişdir" deyən H.Bəşirov YAP Hacıqabul rayon təşkilatının 103 ərazi ilk təşkilatında 4250 nəfər partiya üzvünü birləşdiyini vurğulayıb: "Azərbaycanımızın çiçəklməsi yolunda partiyamızın bütün üzvləri ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin apardığı uğurlu siyasəti daima dəstəkləyir və Onun ətrafında həmişə sıx birləşəcək".
Mərasimdə Hacıqabul rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarov ölkəmizdə Yeni Azərbaycan Partiyasının uzun illərə hesablanmış proqramından danışıb, xalqına, vətəninə, xidmət edən Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin daim qalib gəlməsindən, idmana göstərdiyi xüsusi diqqət və qayğıdan geniş söhbət açıb.
Tədbirdə millət vəkili Rüstəm Xəlilov tədbir iştirakçılarını tarixi bayram münasibəti ilə təbrik edərək, onlara bu yolda uğurlar arzulayıb. R.Xəlilov çıxışında vurğulayıb ki, bu gün Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunan hər bir kəs bundan fəxr və qürur hissi duymaqdadır: "Əbəs yerə deyil ki, bu gün Yeni Azərbaycan Partiyasının yarandığı 20 ildən indiyədək, yarım milyonu keçmişdir. Bu, həm də onun göstəricisidir ki, YAP xalqın partiyasıdır. Partiyamızın Sədri, cənab Prezident İlham Əliyev bu gün yürütdüyü uğurlu, məqsədyönlü siyasəti ilə məhz Ulu Öndər Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirir. Demək istərdim ki, bizim hər birimiz müdrik Prezidentimiz cənab İlham Əliyevin ətrafında daha sıx birləşərək, Azərbaycanın davamlı, uğurulu inkişafında daha yaxından iştirak edəcəyik".
Tədbirdə rayon təşkilatının sədr müavini Şükür Məmmədov, rayon təşkilatının idarə heyətinin üzvü Rəfiqə Həmzəyeva və başqaları çıxış edərək, xalqın arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi reallıqdan irəli gələrək, vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan Yeni Azərbaycan Partiyasının ölkəmizin siyasi həyatına yeni nəfəs verdiyini, qurtuluş və tərəqqinin simvoluna çevrildiyini bildiriblər.
Tədbirdə "Gənc Heydərçilər" şeirlər oxudular. Həmçinin, yubiley mərasimində bir qrup yeni seçilmiş gənc YAP üzvülərinə üzvlük vəsiqələri təqdim olundu, partiyanın fəxri fərmanları, hədiyyələri təqdim edildi. Sonda tədbir iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.
Tədbir konsert proqramı ilə davam etdirilib.
A.Səmədova