PDF Oxu

Əsas

  • 29

Oğuzda YAP-ın 20 illik yubileyi təntənə ilə qeyd olunur

Oğuzda YAP-ın 20 illik yubileyi təntənə ilə qeyd olunur

Dünən Oğuz rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib. YAP Oğuz rayon təşkilatının fəalları və qonaqlar əvvəlcə partiyanın memarı və yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.

Tədbirdə çıxış edən YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov partiyanın yaranma tarixinə geniş nəzər salmış, zamanın çətin sınaqlarından çıxmış Yeni Azərbaycan Partiyasının bu gün ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrildiyini, öz ətrafında cəmiyyətimizin intellektual təbəqələrini birləşdirdiyini xüsusi vurğulamışdır. Qeyd olunmuşdur ki, Yeni Azərbaycan Partiyasının siyasi yönümü Azərbaycan dövlətçiliyinə, Ümummilli Lider, partiyanın yaradıcısı Heydər Əliyevə, Onun siyasi ideyalarının təntənəsinə və respublikamızın tərəqqisinə sədaqətdir. İqtidar partiyası olaraq YAP öz fəaliyyətinin başlıca mənasını xalqa xidmətdə görür.

Tədbirdə o da diqqətə çatdırılmışdır ki, Yeni Azərbaycan Partiyasının ən fəal və sadiq dəstəsi olan Oğuz təşkilatı 1993-cü ilin martında təsis edilmişdir. 75 ərazi ilk partiya təşkilatını özündə birləşdirən təşkilatın 3820 nəfər üzvü vardır. Üzvlərin 1584 nəfərini qadın, 1242 nəfərini isə gənclər təşkil edir. Təşkilatın nəzdində qadınlar şurası və gənclər birliyi fəaliyyət göstərir. Partiya üzvləri rayonun sosial-iqtisadi və ictimai-siyasi həyatında olduqca fəal rol oynayırlar. YAP-ın 20 illiyi ərəfəsində partiyaya axın daha da çoxalmışdır. Son vaxtlarda partiya sıralarına 250 nəfərə yaxın gənc daxil olmuşdur.

Yubiley tədbirində YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və Oğuz rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov çıxış edərək ölkəmizdə ən güclü siyasi qüvvəyə çevrilən Yeni Azərbaycan Partiyasının dövlətçilik qarşısındakı tarixi rolundan bəhs etmiş, qazanılan uğurlarda partiyanın yaradıcısı, Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusi vurğulamışlar. Qeyd olunmuşdur ki, müstəqil Azərbaycan dövlətinin son 20 illik inkişaf tarixində Yeni Azərbaycan Partiyasının rolu danılmazdır. Bu gün sıralarında 550 mindən artıq üzvü birləşdirən YAP Ulu Öndərin parlaq ideyalarının daşıyıcısı kimi, cəmiyyətdə öz aparıcı rolunu gündən-günə möhkəmləndirməkdədir.

Yubiley tədbirində YAP Oğuz rayon təşkilatı idarə heyətinin üzvü Xalid Babayev, YAP Oğuz rayon təşkilatı qadınlar şurasının sədri Mariya Həsrətova və rayon təşkilatının gənclər birliyinin sədri Anar İbrahimov çıxış etmişlər.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə toplantı iştirakçıları adından müraciət qəbul olunmuşdur.

Sonda YAP Oğuz rayon təşkilatının fəallarına yubileylə bağlı xatirə hədiyyələri, həmçinin, partiya sıralarına yeni daxil olan gənclərə üzvlük vəsiqələri təqdim olunmuşdur.

Aytən

Digər xəbərlər