YAP nümayəndələri Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlliləri üçün pansionatın sakinləri ilə görüşdülər
Dünən Yeni Azərbaycan Partiyasının nümayəndələri Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün pansionatın sakinləri ilə görüşdülər. Görüşdə YAP Sədrinin müavini, İcra katibi, millət vəkili Əli Əhmədov, İcra Katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov və Mübariz Qurbanlı, YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev, YAP Sabunçu rayon təşkilatınnı sədri Mehriban Abasquliyeva iştirak edirdilər.
Əli Əhmədov: "Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsi ondan ibarətdir ki, dövlətimizin iqtisadi imkanlarından hər bir vətəndaşın həyatının yaxşı təşkil olunması üçün istifadə edilsin"
YAP Sədrinin müavini Əli Əhmədov bildirdi ki, Yeni Azərbaycan Partiyası mütəmadi olaraq əhalinin bütün təbəqələri, o cümlədən, ahıllarla görüş keçirir: "Bu məkana gəlişimiz yenilik deyil. Artıq bu, ənənəyə çevrilib. Ahıllara yardım etmək, imkansıza əl tutmaq, kimsəsizə, himayəsiz insanlara qayğı göstərmək ümumbəşəri prinsiplərdir. Gündən-günə yeniləşən, müasirləşən, daha qüdrətli, zəngin dövlətə çevrilən Azərbaycanın hər bir vətəndaşı fəaliyyətini bu prinsiplər üzərində qurmalıdır".
Müharibə və Əmək Əlilləri üçün pansionatın sakinləri ilə mütəmadi görüşdüklərini söyləyən Ə.Əhmədov qeyd etdi ki, onların problemləri ilə maraqlanır, imkan daxilində həllinə köməklik göstərməyə çalışırıq: "Bir növ bu qocalar evini qeyri-rəsmi şəkildə himayəmizə götürmüşük. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, burada yaşayan insanların gümrahlığı, əhval- ruhiyyəsinin yaxşı olması bizi sevindirir. Bu, hökumətimizin həyata keçirdiyi siyasətin humanizmindən, insanpərvərliyindən, insanlara qayğısından xəbər verir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsi də ondan ibarətdir ki, dövlətimizin iqtisadi imkanlarından hər bir vətəndaşın həyatının yaxşı təşkil olunması üçün istifadə edilsin, o cümlədən də, qocalar evləri də diqqət mərkəzindən kənarda qalmasın".
Ahıllarla mütəmadi görüşlərin yaxın ünsiyyətin yaranmasına səbəb olduğunu bildirən YAP Sədrinin müavini qeyd etdi ki, burda yaşayan insanların sağlamlığı, əhval-ruhiyyəsinin yaxşı olması bizi çox sevindirir: "Bu, dövlətin həyata keçirdiyi siyasətin humanizmindən, insana qayğısından xəbər verir. Dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin qayəsi də ondan ibarətdir ki, ölkəmizin iqtisadi imkanlarından hər bir vətəndaşın həyatının yaxşı təşkil olunması üçün istifadə edilsin. O cümlədən, qocalar evi də diqqətdən kənarda qalmır".
Müharibə və Əmək Əliləri üçün pansionatın direktoru Bəhruz Əlimədətov çıxış edərək qeyd etdi ki, hazırda pansionatda 161 nəfər qoca və əlil yaşayır. Pansinonat 1964-cü ildən fəaliyyət göstərir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyindədir. Burda yaşayan qoca və əlillər dövlətin qayğısı ilə əhatə olunurlar.
Pansionatda yaşayan qoca və əlillər dövlətin onlara diqqətindən razılıqlarını ifadə etdilər. Ölkəmizin daha da qüdrətlənməsi istiqamətində atılan addımları alqışladıqlarını bildirən sakinlər Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, həyata keçirilən siyasətə dəstək olduqlarını, ölkənin aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının milyonların partiyası olduğunu bildirdilər.
YAP rəhbərliyi tərəfindən pansionata hədiyyə təqdim olundu, qurban payı verildi. Mərasim bayram süfrəsi ilə davam etdi.
RƏFİQƏ KAMALQIZI