PDF Oxu

Əsas

  • 34

YAP Abşeron rayon təşkilatında silsilə tədbirlər davam edir

YAP Abşeron rayon təşkilatında silsilə tədbirlər davam edir

Bilman Vəliyev: "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin qurucusu olduğu və bu gün ölkə Prezidenti İlham Əliyevin Sədrlik etdiyi Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə böyük nüfuza və dəstəyə malikdir"

Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illik yubileyi ilə bağlı respublikamızın bütün rayon və şəhərlərində silsilə tədbirlərin keçirilməsi davam edir. Belə ki, bu günlərdə Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatında ərazi ilk partiya təşkilatlarının yığıncağı keçirilmişdir.

YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev qeyd etmişdir ki, YAP siyasi səhnəyə 20-ci əsrin 90-cı illərinin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə gəlmişdir: "YAP Ümummilli Lider Heydər Əliyevin ideyalarını həqiqətə çevirən nüfuzlu bir siyasi təşkilatdır. Partiyamız bu gün ölkənin aparıcı siyasi qüvvəsi kimi dünyanın lider siyasi təşkilatı imicini formalaşdırmışdır. Məhz bu baxımdan, 600 minə yaxın üzvü olan partiyamız geridə qoyduğumuz 20 ildə çətin, çətin olduqca da şərəfli, qüdrətli yol keçmişdir.

Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranan siyasi təşkilatdır. Tarixi zərurətdən yaranan təşkilatları isə xalqın gücü və iradəsi ilə təsis edirlər ki, burada YAP-ın ən ali məqamda dayanması deyilənlərin bariz nəticəsidir. Partiyanın ideyalarına sadiq qalan insanlar, Azərbaycan dövlətinə, dövlətçiliyinə sadiq insanlar, ziyalılar, ictimai-siyasi xadimlər bu gün də YAP-da təmsil olunmaqla partiyanın fəaliyyətində müstəsna xidmətlər göstərirlər".

B.Əliyev, eyni zamanda, vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış və bu gün Prezident İlham Əliyevin Sədri olduğu YAP-ın nüfuzu gündən-günə artmaqdadır. YAP-ın cəmiyyətin inkişafını hədəfləyən çoxsaylı sosial layihələr reallaşdırması, gəncləri dövlətçilik, milli maraqlar ətrafında sıx birləşdirməsi onun tərəfdarlarının sayının yüz dəfələrlə artmasına səbəb olub: "Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan nəinki Cənubi Qafqazda ümumiyyətlə, Avropada lider dövlətə çevrilmişdir".

Rayon təşkilatının sədri daha bir maraqlı məqama toxunaraq, qeyd etmişdir ki, bu günlərdə partiyanın Abşeron rayon təşkilatı ikili bayram sevincindədir. Belə ki, YAP-ın 20 illik yubileyi ilə yanaşı, Abşeron rayonunun yaradılmasının 50 illiyi də yüksək səviyyədə qeyd olunacaq.

YAP Abşeron rayon təşkilatının fəaliyyəti və görülən işlər barədə məlumat verən təşkilat sədri, eyni zamanda, qeyd etdi ki, hazırda rayon təşkilatında təmsil olunan gənclərin sayı 2523, qadınların sayı 3316, ümumi say isə 6200 nəfəri təşkil edir. Ərazi ilk partiya təşkilatlarının sayı isə 120-dir: "Qeyd etmək istərdim ki, mən YAP Abşeron rayon təşkilatına sədr kimi fəaliyyətə başladıqdan bu günə qədər rayon təşkilatının sıraları 2200 nəfərdən 6200 nəfərə qədər yüksəlmişdir. Bu, həm də, onun göstəricisidir ki, durmadan artan üzvlərimizin sayı mütəmadi xarakter alıb, bu baxımdan, gələcəkdə sıralarımızın daha da artacağı şübhəsizdir" - deyə təşkilat sədri bildirib.

Daha sonra Mərkəzi Poliklinika ərazi ilk partiya təşkilatının sədri Nəriman Baxşəliyev, YAP Abşeron rayon Qadınlar Şurasının sədri Təyyibə Hüseynova, təhsil şöbəsi ərazi ilk partiya təşkilatının sədri Qəyyum Davudov, eləcə də, Novxanı ərazi ilk partiya təşkilatının sədri Məsumə İsayeva çıxış edərək söylədilər ki, Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi həyatına yeni nəfəs verməklə yanaşı, qurtuluş və tərəqqinin simvoluna çevrilib.

Sonda isə, qeyd olunmudur ki, silsilə tədbirlər "Mətanət-A", "Caspian Fish", "Azbetonit" şirkətlərinin, eləcə də, Meşəçilik İnstitutunun ərazi ilk partiya təşkilatlarında keçirilib.

RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər