PDF Oxu

Əsas

  • 37

"Heydər Əliyev vətənpərvərliyi müasir gənclik üçün örnəkdir"

YAP Xətai rayon təşkilatında partiyanın 20-ci ildönümü ilə bağlı tədbir keçrildi

"Heydər Əliyev vətənpərvərliyi müasir gənclik üçün örnəkdir"

Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 ili ilə bağlı tədbirlər davam edir. Dünən bu münasibətlə YAP Xətai rayon təşkilatı gənclər birliyinin təşkilatçılığı ilə "Heydər Əliyev vətənpərvərliyi müasir gənclik üçün örnəkdir" mövzusunda dəyirmi masa keçirildi. 20 illik fəaliyyəti dövründə sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirən YAP-a xalqın sevgisinin, dəstəyinin inkaredilməz olduğunu bildirən YAP Xətai rayon təşkilatı aparatının rəhbəri Mayıl Kərimov qeyd etdi ki, 1992-ci ildə 91 nəfər ziyalının Ulu Öndər Heydər Əliyevə müraciəti təkcə 91 nəfərin deyil, ölkədə baş alıb gedən hakimiyyət böhranı nəticəsində yaranmış hərc-mərclikdən, özbaşınalıqdan cana doymuş bütöv bir xalqın ümummilli liderə böyük ümidinin ifadəsi idi: "YAP zamanın tələbi ilə yarandı.

Tarix boyu azad, müstəqil olmaq arzusu ilə yaşayan xalqımız 1991-ci ilin oktyabrında bu istəyinə nail olsa da, müstəqilliyimizin ilk illərində ölkəyə səriştəsiz, idarəçilik qabiliyyəti olmayan, ən əsası şəxsi maraqlarını xalqın, dövlətin mənafeyindən üstün tutan şəxslərin rəhbərlik etməsi bu sevincə kölgə saldı. Ölkədə ictimai-siyasi durumun gərginliyi, iqtisadi böhran, vətəndaş müharibəsi təhlükəsinin yaranması, digər tərəfdən silahlı qüvvələrimizin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəçisinə çevrilməsinin, həmin dövrün iqtidarının dövlətin mənafeyini arxa plana keçirməsinin nəticəsi olaraq ərazilərimizin bir-birinin ardınca ermənilər tərəfindən işğalı xalqın sabaha ümidini itirməsinə səbəb olmuşdu. Belə bir çətin dövrdə xalq üzünü Naxçıvana-öz xilaskarına tutdu. Ümumilikdə, Azərbaycan vətəndaşlarının ictimai maraq və mənafelərinin ifadəsi olan 91 nəfər ziyalının Ulu Öndər Heydər Əliyevə "Azərbaycan Sizin sözünüzü gözləyir" adlı müraciətində həmin dövrün səciyyəvi cəhətləri geniş təhlil olunaraq, bu inam ifadə edilmişdir ki, indiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz. Ümummilli Lider Heydər Əliyev bu müraciətə cavabı ilə müstəqil dövlətimizin gələcək taleyini müəyyənləşdirdi, YAP-ın obyektiv zərurətdən yarandığını bildirərək, belə bir təşkilatın fəaliyyətində iştiraka hazır olduğunu bəyan etdi. 1992-ci il noyabrın 21-də Azərbaycanın əksər bölgələrindən cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 nümayəndənin iştirakı ilə təsis konfransını keçirən Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 600 minə yaxın üzvün birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inamın göstəricisidir".

YAP Xətai rayon təşkilatı gənclər birliyinin idarə heyətinin üzvü Könül Abbasova qeyd etdi ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə partiyanın həyatında yeni dövrün əsası qoyulmuşdur: "Dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul edən YAP-ın cəmiyyətdə nüfuzunun artmasında, sıralarının genişlənməsində bu amilin rolu inkaredilməzdir. Dövlət başçısı İlham Əliyev bu günün reallıqlarına əsaslanaraq, YAP-ın nəinki ölkənin, bölgənin aparıcı siyasi qüvvəsi olduğunu bildirir".

Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatı gənclər birliyinin sədr müavini Kənan Rzayev, fəal gənclərdən Aqil Ağalarov, Tərlan Səfərov və başqaları bildirdilər ki, bu gün nəinki ölkədə, regionda aparıcı siyasi təşkilata çevrilən YAP-ın üzvlərinin 40 faizini gənclərin təşkil etməsi bir daha bu reallığı təsdiqləyir ki, onlar YAP-ın sıralarına qoşulmaqla öz potensiallarından səmərəli istifadə etmək, dövlətə, dövlətçiliyə xidmət etmək üçün böyük meydan görürlər. Gənclər ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək həyata keçirilən siyasəti dəstəkləyir, gələcəyə böyük inamla irəliləyirlər.

R.KAMALQIZI

Digər xəbərlər