Azərbaycanın parlament üzvləri oktyabrın 28-də Ukraynada keçiriləcək parlament seçkilərini izləmək üçün yola düşüblər. Yola düşməzdən öncə Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov qəzetimizə verdiyi açıqlamasında bildirib ki, bu yaxınlarda Belarusda parlament seçkilərini izlədik, indi isə bir qrup millət vəkili Ukraynaya parlament seçkilərini müşahidə edəcəyik: "Mən həm Azərbaycan-Ukrayna parlamentlərarası Dostluq Qrupunun rəhbəri, həm də ATƏT PA-nın üzvü kimi Ukraynada seçkiləri izləyəcəyəm. MDB Parlament Assambleyasının xətt ilə isə birinci vitse-spiker Ziyafət Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti - YAP İcra Katibinin müavini, millət vəkili Siyavuş Novruzov və başqa bir neçə şəxs Ukraynadakı seçkiləri müşahidə edəcək".
Millət vəkili hesab edir ki, Belarusda olduğu kimi, Ukraynada da bu seçkilər, çox güman sakit, rahat keçəcək, insanlar gəlib öz səsini istədikləri namizədlərə verəcək: "Kimi deputat seçəcəklər, o, Ukrayna xalqının öz işidir, onların istəyidir kimi deputat görmək istəyirlər, hansı partiyaya daha çox səs vermək istəyirlər, onların öz işləridir".
Bununla yanaşı, E.İbrahimov qeyd edib ki, onun qənaətincə, Ukrayna prezidenti Viktor Yanukoviçin lider olduğu Regionlar Partiyası budəfəki parlament seçkilərində də qalib gələcək: "Şəxsən mən yüzdə-yüz bu qənaətdəyəm. Çünki iki dəfə - elə bu yaxınlarda da- həmin partiyanın qurultayında olmuşam, orada olan ab-havanı ki, görürəm, bəli, o partiyanın seçkilərdə birinci olmasına heç bir şəkk-şübhə yoxdur. Hətta Yuşenko prezident, Timoşenko baş nazir olanda da yenə Yanukoviçin partiyası qalib gəldi, birinci yerə çıxdı. Onlar isə ikinci, üçüncü yerə çıxdılar. Yəni, bu partiyanın potensialı çox böyükdür".
RƏFİQƏ