Astara rayonunda Yeni Azərbaycan Partiyasının yubileyi geniş şəkildə qeyd olunur
Respublikamızın hər yerində olduğu kimi, Astara rayonunda da Yeni Azərbaycan Partiyasının 20 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Yeni Azərbaycan Partiyasının 20-ci ildönümünə həsr olunmuş növbəti ümumrayon tədbirində partiya fəalları, ziyalılar, rayonun inzibati orqanlarının rəhbərləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib. Azərbaycan Respublikasının Dövlət Himni ilə açılan tədbirdə Yeni Azərbaycan Partiyasının yaradıcısı - xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. YAP Astara rayon təşkilatının sədri Faiq Həsənov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının şanlı tarixindən bəhs edən "Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranmış siyasi təşkilatdır" mövzusunda məruzə ilə çıxış edib: "Ötən 20 ildə Yeni Azərbaycan Partiyası qələbələrlə zəngin, şərəfli bir tarix yaşayıb. Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında xalqın sağlam qüvvələrini öz ətrafında birləşdirərək, daima dövlətçiliyə, millətə xidmət edib. Bu gün də partiya özünün bu prinsiplərinə sadiqliyini əməli fəaliyyəti ilə ləyaqətlə nümayiş etdirir".
Tədbirdə YAP Astara rayon təşkilatı ağsaqqallar şurasının sədri Həsən İbrahimov, rayon təşkilatının qadınlar şurasının sədri Bəsti Əliyeva, gənclər birliyinin sədri Rəsul Nəsirov, "91-lər"in üzvü akademik Südeyif İmamverdiyev və başqaları çıxış edərək, Yeni Azərbaycan Partiyasının banisi Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın inkişafı naminə gördüyü möhtəşəm işlərdən danışmış, bu siyasəti uğurla davam etdirən Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı yüksək nailiyyətləri iştirakçıların diqqətinə çatdırıblar.
Tədbirdə YAP Astara rayon təşkilatı idarə heyətinin üzvü, rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev mərasim iştirakçılarını bu tarixi yubiley münasibəti ilə təbrik edərək, partiyanın Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki fəaliyyətindən bəhs edib: "1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev qısa zaman ərzində mövcud problemləri aradan qaldırdı və müasir, qüdrətli Azərbaycanın əsasını qoydu. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu layiqli şəkildə davam etdirən Prezident İlham Əliyev demokratik Azərbaycanın inkişafına öz töhfələrini verir. Möhtərəm Prezidentimizin diqqət və qayğısı nəticəsində Azərbaycanın bütün regionlarında, o cümlədən, Astara rayonunda olan bütün problemlər əsaslı şəkildə həll olunur".
Rayon rəhbəri onu da bildirib ki, bu gün Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti Möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə bütün beynəlxalq tədbirlərdə ölkəmiz dünya dövlətləri tərəfindən dəstəklənir və əməkdaşlıq üçün layiqli tərəfdaş kimi qəbul edilir: "Bakı İkinci Beynəlxalq Humanitar Forumu, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Bakıda keçirilən XII zirvə toplantısında beynəlxalq münasibətlər sistemində mövqelərimizin getdikcə möhkəmlənməsi, baş verən proseslərdə təsir imkanlarının artması, müsəlman dövlətlərin dini, siyasi, tarixi, mədəni və ticarət əlaqələrinin güclənməsini təsdiqləyən faktorlardır".
Q.Ağayev ölkəmizin yüksək inkişafının bu gün bölgələrdə də aydın göründüyünü vurğulayıb: "Möhtərəm Prezidentimiz bu il rayonumuza səfəri zamanı "İdman ili" ilə əlaqədar gənclərə Astara Olimpiya İdman Kompleksini hədiyyə etmişdir. Eyni zamanda, cənab İlham Əliyev YAP rayon təşkilatı üçün yeni inzibati binanın açılışında iştirak etmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonumuzda təhsil, səhiyyə, mədəniyyət və digər sosial yönümlü obyektlər inşa edilir, yollar asfaltlaşdırılır, şəhər, qəsəbə və kəndlərə təbii qaz xətti çəkilir, genişmiqyaslı abadlıq-quruculuq işlərinin həyata keçirilməsi davam etdirilir. Bütün bu görülən işlərə görə astaralılar Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıq edir, ölkəmizin inkişafı naminə aparılan uğurlu siyasəti ətrafında daha sıx birləşəcəklərini bəyan ediblər".
Tədbirin sonunda bir qrup partiya üzvlərinə YAP rayon təşkilatının fəxri fərmanları, hədiyyələr təqdim olunub, partiyaya yeni üzv olmuş şəxslərə üzvlük vəsiqələri verilib.
RƏFİQƏ HÜSEYNOVA