PDF Oxu

Əsas

  • 21

Yeni Azərbaycan Partiyası dövlətin qüdrətlənməsinə xidmət edən ümumxalq partiyasıdır

Yeni Azərbaycan Partiyası dövlətin qüdrətlənməsinə xidmət edən ümumxalq partiyasıdır

Dünən YAP Binəqədi rayon təşkilatı Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun ərazi ilk təşkilatının Yeni Azərbaycan Partiyasının 20 illik yubileyinə həsr olunmuş tədbiri keçirildi. Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov Yeni Azərbaycan Partiyasının yaranma tarixinə diqqət yetirib, hakim partiyanın dövlətimizin idarəçiliyində əsas və aparıcı yerlərdən birini tutduğunu bildirdi.

N.Xəlilov bildirdi ki, illər keçdikcə partiyanın ölkənin ictimai-siyasi həyatında tutduğu mövqe möhkəmlənir, YAP yüksək fəallıq nümayiş etdirir. Təşkilat sədri, YAP Binəqədi rayon təşkilatının 13419 partiya üzvünü özündə birləşdirdiyini diqqətə çatdırdı. 209 ərazi ilk partiya təşkilatından 7-si gənclər ərazi ilk partiya təşkilatını təşkil edir. O bildirdi ki, həmin təşkilatlardan biri 10 May Gənclər təşkilatıdır ki, bu, Heydər Əliyevin ad günündə yaradılıb və həmin gün 18 yaşı tamam olan gənclər partiya sıralarına üzv olurlar. N.Xəlilov Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan və bu gün Prezident İlham Əliyevin Sədri olduğu YAP-ın cəmiyyətdə nüfuzunun gündən-günə artdığını söylədi: "Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi siyasətin önündə xalqa, dövlətə xidmətin dayanması bu partiyanın ötən illər ərzində keçirilən prezident, parlament və bələdiyyə seçkilərində uğur qazanması dayanır. Prezident, parlament, bələdiyyə seçkilərində, referendumlarda Yeni Azərbaycan Partiyasının qələbə qazanması xalqımızın bu partiyanın gələcəyinə inamının göstəricisidir". Təşkilat sədri qarşıdan gələn prezident seçkilərində, hər zaman olduğu kimi fəallıq göstəriləcəyini, partiyanın yeganə namizədi olan Prezident İlham Əliyevi dəstəklənəcəyini bildirdi.

Tədbirdə çıxış edən Milli Məclisin Sosial-siyasət komitəsinin sədri Hadi Rəcəbli Yeni Azərbaycan Partiyasının yaranmasının xalqın istəyi və zamanın tələbi nəticəsində reallaşdığını bildirdi. O, qeyd etdi ki, ölkənin son dərəcə ağır və ciddi sınaqlara məruz qaldığı zamanda yaranan Yeni Azərbaycan Partiyası dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların firavan həyatının təmin edilməsində əhəmiyyətli rol oynadı. Ümummilli Lider Heydər Əliyevin "Dünənin, bu günün, gələcəyin partiyası" dediyi YAP-ın xalq, dövlət qarşısındakı xidmətləri bu təşkilatın cəmiyyətdəki mövqeyinin daha da möhkəmlənməsinə imkanlar açdı.

Tədbirdə YAP Binəqədi rayon icra başçısının müavini Vüsal İsmayılov, rayon təşkilatının sədr müavini Füzuli İsmayılzadə, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru Asəf Zamanov, institutun ərazi ilk partiya təşkilatının sədri İntizar Məmmədova və başqaları çıxış edərək, partiyanın keçdiyi yoldan, onun sıralarının genişlənməsindən və Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyev ideyalarına olan inamından söz açdılar. Tədbirdə o da qeyd olundu ki, Yeni Azərbaycan Partiyası bu gün bölgənin aparıcı siyasi təşkilatıdır. Daim xalqın mənafeyinə uyğun siyasət yeridən təşkilatın beynəlxalq əlaqələri genişlənməkdədir. Bu gün partiyanın dünyanın müxtəlif ölkələrinin siyasi partiyaları ilə əməkdaşlığı, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri beynəlxalq nüfuzun göstəricisidir.

Tədbirdə partiyaya yeni üzv olan 6 nəfərə üzvülük vəsiqələri təqdim olundu. Partiyanın yaradılmasının 20 illiyi münasibəti ilə partiya həyatında fəal iştirak edən 2 nəfərə, o cümlədən, YAP Binəqədi rayon təşkilatı tərəfindən institutun ərazi ilk partiya təşkilatına fəxri fərman təqdim edildi.

ZÜMRÜD

Digər xəbərlər