PDF Oxu

Əsas

  • 38

Yaşıllığı qorumaq hər bir vətəndaşın borcudur

YAP Sabunçu rayon təşkilatı partiyanın 20 illiyi ilə bağlı ağacəkmə kampaniyası keçirib

Yaşıllığı qorumaq hər bir vətəndaşın borcudur

Dünən YAP Sabunçu rayon təşkilatı Yeni Azərbaycan Partiyasının 20 illik yubileyi ilə bağlı ağacəkmə kampaniyası keçirib. Mərasimdən öncə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva partiyanın yaranma tarixindən, inkişafından bəhs edərək Yeni Azərbaycan Partiyasının 20 il ərzində şərəfli yol keçdiyini vurğuladı: "Ötən 20 ildə Yeni Azərbaycan Partiyası mühüm hadisələr, qələbələrlə dolu, zəngin, şərəfli bir tarix keçib. Zərurətdən yaranan Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin ideyalarını rəhbər tutaraq xalqın sağlam qüvvələrini öz ətrafında birləşdirməklə, dövlətçiliyə və millətə xidmət göstərir".M.Abasquliyeva yubileylə bağlı keçirilən növbəti ağacəkmə kampaniyasında rayon təşkilatının müxtəlif ərazi ilk partiya təşkilatlarından 70 nəfər partiya fəallarının iştirak etdiyini söylədi: "Tədbir iştirakçıları tərəfindən Sabunçu rayonu Bakıxanov qəsəbəsinin avtomobil yolunun kənarına 100 ədəd sərv şamı əkilib. Bu, həm də YAP-ın 20 illiyi ilə bağlı keçirilən növbəti aksiyadır. İnanırıq ki, hər bir sakin bir vətəndaş kimi belə uğurlu işlərin keçirilməsində yaxından iştirak edib və edəcək". Ağacəkmə kampaniyasında iştirak edən YAP Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının millətini və dövlətini sevən insanların iştirakı ilə yarandığını söylədi: "Yeni Azərbaycan Partiyası ilk təsis konfransı keçirilən gündən sivil, demokratik yolla xalqın dəstəyi ilə hakimiyyətə gəlməyi qarşısına məqsəd kimi qoydu və buna nail oldu". YAP Sabunçu rayon təşkilatının keçirdiyi ağacəkmə kampaniyasının vacib olduğunu deyən M.Quliyev Azərbaycanın yaşıllaşdırılması təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğuladı.YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə YAP Sabunçu rayon təşkilatının bu addımını yüksək dəyərləndirərək dəstəklədiyini dedi: "Yeni Azərbaycan Partiyasının hər bir rayon təşkilatı yubileylə bağlı çox əhəmiyyətli və xeyirxah tədbirlər keçirir. Bugünkü ağacəkmə kampaniyası da bu baxımdan müsbət haldır". A.Mirzəzadə, həmçinin, onu da vurğuladı ki, bu gün respublikamızın hər yerində Yeni Azərbaycan Partiyasının üzvləri abadılıq-quruculuq işlərində fəal iştirak etdiyi halda, dağıdıcı müxalifət şəhərin mərkəzində qanunsuz aksiyalar keçirməyə, asayişi pozmağa çalışırlar. Bu isə, müxalifətin dağıdıcılıq mövqeyini bir daha təsdiqləyir. Onların bu hərəkəti nəinki cəmiyyətə, eyni zamanda, ətraf mühitə vurmaq istədiyi ziyankarlıqdan başqa heç bir şey deyil. YAP Sabunçu rayon təşkilatı idarə heyətinin üzvü, Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev rayon təşkilatının keçirdiyi bu aksiyanı müsbət təşəbbüs olduğunu bildirdi: "Bu gün Azərbaycanda hər bir vətəndaş birmənalı şəkildə dərk edir ki, Azərbaycanın nailiyyətləri, uğurları, inkişafı və gələcəyi Prezident İlham Əliyevin fəaliyyəti, Onun həyata keçirdiyi siyasətlə bağlıdır. Bu tədbiri keçirən Yeni Azərbaycan Partiyası həm də cəmiyyətimizdə abadlığa və quruculuğa önəm verən bir siyasi təşkilat olduğunu bir daha təsdiq edir". İcra hakimiyyətinin başçısı onu da vurğuladı ki, ağacı əkməklə yanaşı, ona qulluq etmək, bu zaman isə aqrotexniki qaydaları gözləmək və suvarma işini təşkil etmək vacibdir. Çünki diqqət və qayğı olmasa, əkilən ağaclar qısa müddətdə quruya bilərlər. Ona görə də, hesab edirik ki, bu cür tədbirlər rayonumuzda ekoloji tarazlığın qorunmasına böyük dəstək olur.YAP Mərkəzi Aparatının məsul işçisi Misirxan Vəliyev çıxış edərək, dövlət müstəqilliyi və azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan Yeni Azərbaycan Partiyasının ölkəmizin siyasi həyatına yeni nəfəs verdiyini, qurtuluş və tərəqqinin simvoluna çevrildiyini bildirdi. YAP-ın 20 illiyi ilə bağlı tədbirlərin yüksək təntənə ilə keçirildiyini deyən M.Vəliyev ağacəkmə kampaniyasının da müsbət təşəbbüs olduğunu söylədi.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər