Şəmkir rayon icra hakimiyyəti və YAP Şəmkir rayon təşkilatının birgə təşəbbüsü ilə "Yeni Azərbaycan Partiyası yüksəliş illərində" adlı elmi-praktiki konfrans keçirib. Tədbir ilk olaraq Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil və tər gül çiçəklərinin qoyulması ilə başlanıb. Tədbirdə YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, Şəmkir rayon icra hakimiyyətinin başçısı Nazim Veysov, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, millət vəkili, Slavyan Universitetinin professoru Sahibə Qafarova, YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov, idarənin təşkilat müdirləri və işçiləri iştirak edib. Ə.Cavad adına mədəniyyət evində davam edən tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev qeyd edib ki, Ümummilli Liderimiz Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edib. Ulu Öndər Azərbaycan torpağının, Azərbaycan dövlətinin, Azərbaycan xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliymizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün olan hər bir işi görüb. F.Vəliyev YAP Şəmkir rayon təşkilatının 125 ilk partiya təşkilatında 9352 nəfər üzvünün birləşdiyini, onlardan 3521 nəfərin gənclər, 4630 nəfərin isə qadınlar olduğunu vurğulayıb.
Tədbirdə YAP Şəmkir rayon təşkilatı sədrinin müavini, rayon təhsil şöbəsinin müdiri Məcid Şıxlıniski, rayon gənclər və idman idarəsinin rəisi Pərvin Gözəlov və başqalırı Yeni Azərbaycan Partiyasının 20 il öncə çətin bir şəraitdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradıldığını bildiriblər.
Elmi-praktiki konfransda YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı partiyanın 20 illik yubileyi münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək, onlara siyasi fəaliyyətlərində uğurlar arzulayıb. M.Qurbanlı partiyanın ötən 20 ildə şərəfli yol keçdiyini bildirib: "YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında xidmətləri danılmazdır və partiyamızın bu istiqamətdə gördüyü böyük işlər hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın 20 il ərzində keçdiyi yol Yeni Azərbaycan Partiyasının şərəf tarixi, şərəf salnaməsidir. Bu yolun hər bir uğurunda, qələbəsində bütövlükdə YAP-ın və onun hər bir üzvünün özünəməxsus töhfələri var".
YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyasının çətin yollardan keçdiyini vurğulayıb: "Ulu Öndərin titanik fəaliyyəti nəticəsində ölkə daxilində ayrı-ayrı siyasi qüvvələrə tabe olan hərbi birləşmələr ləğv edildi, vətəndaş müharibəsinin və separatçılığın qarşısı alındı. Bu gün müstəqil Azərbaycan Respublikası, möhkəm özülə söykənən dövlətçiliyimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu gələcəyə doğru addımlayır".
Millət vəkili Sahibə Qafarova YAP-ın zamanın tələbi ilə yarandığını, Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə partiyanın qısa müddətdən sonra iqtidar partiyasına çevrildiyini söyləyib.
Tədbirdə çıxış edən Şəmkir rayon icra hakimiyyətinin başçısı Nazim Veysov Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini, ölkədə bütün sahələrin yeni inkişaf mərhələsini yaşadığını bildirib.
A.Səmədova