Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatında partiyanın yaradılmasının 20 -ci ildönümünə həsr olunmuş möhtəşəm bayram tədbiri keçirildi
Dünən Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatı rayon icra hakimiyyəti ilə birgə partiyanın yaradılmasının 20-ci ildönününə həsr olunmuş möhtəşəm bayram tədbiri keçirdi. Tədbir iştirakçıları ilk öncə Xırdalan şəhərinin mərkəzində yerləşən Heydər Əliyev adına Xiyabanda Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri düzdülər.
Bayram tədbiri Mədəniyyət Sarayında davam etdirildi. Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra, tədbir iştirakçılarına Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə həsr olunmuş sənədli film təqdim olundu. Filmə baxışdan sonra, Yeni Azərbaycan Partiyasının sıralarına yeni qoşulmuş gənclərə partiya biletləri təqdim edildi. Partiya biletlərini YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev, Milli Məclisin deputatı Hadı Rəcəbli, YAP İdarə heyətinin üzvü Nizami Xudiyev və Abşeron rayon icra hakimiyyətinin humanitar işlər üzrə müavini İradə Gülməmmədova təqdim etdilər.
YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev çıxışında qeyd etdi ki, YAP siyasi səhnəyə 20-ci əsrin 90-cı illərinin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə gəlmişdir: "YAP Ümummilli Lider Heydər Əliyevin ideyalarını həqiqətə çevirən nüfuzlu bir siyasi təşkilatdır. Partiyamız bu gün ölkənin aparıcı siyasi qüvvəsi kimi dünyanın lider siyasi təşkilatı imicini formalaşdırmışdır. Məhz bu baxımdan, 600 minə yaxın üzvü olan partiyamız geridə qoyduğumuz 20 ildə çətin, çətin olduqca da şərəfli, qüdrətli yol keçmişdir.
Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranan siyasi təşkilatdır. Tarixi zərurətdən yaranan təşkilatları isə xalqın gücü və iradəsi ilə təsis edirlər ki, burada YAP-ın ən ali məqamda dayanması deyilənlərin bariz nəticəsidir. Partiyanın ideyalarına sadiq qalan insanlar, Azərbaycan dövlətinə, dövlətçiliyinə sadiq insanlar, ziyalılar, ictimai-siyasi xadimlər bu gün də YAP-da təmsil olunmaqla partiyanın fəaliyyətində müstəsna xidmətlər göstərirlər".
B.Əliyev, eyni zamanda, vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış və bu gün Prezident İlham Əliyevin Sədri olduğu YAP-ın nüfuzu gündən-günə artmaqdadır. YAP-ın cəmiyyətin inkişafını hədəfləyən çoxsaylı sosial layihələr reallaşdırması, gəncləri dövlətçilik, milli maraqlar ətrafında sıx birləşdirməsi onun tərəfdarlarının sayının yüz dəfələrlə artmasına səbəb olub: "Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan nəinki Cənubi Qafqazda ümumiyyətlə, Avropada lider dövlətə çevrilmişdir".
Milli Məclisin deputatı Hacı Rəcəbli partiyanın 20 illik şərəfli və zəngin tarix keçdiyini, Ümummilli Lider Heydər Əliyevin və Onun layiqli davamçısı partiyanın Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bir sıra uğurlara imza atdığını bildirib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaranması ilə ölkədə demokratik cəmiyyətin formalaşmasının əsası qoyulub: "20 il Azərbaycanın möhkəmlənməsi, qüdrətlənməsi və dünyada tanınması ilidir. 20 ildir YAP Azərbaycan miqyasında siyasi nəhəngdir. Partiya ölkənin ən ağır vaxtında yaradılıb və həmin vaxt partiya daxilində də təşkilatı dağıtmağa cəhdlər olub. Lakin Heydər Əliyev buna imkan verməyib. Bu gün isə onun yolunu Azərbaycanın Prezidenti Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev davam etdirir".
Daha sonra çıxış edənlər, Nizami Xudiyev və İradə Gülməmmədova da qeyd etdilər ki, bu gün Azərbaycanın lider dövlətə çevrilməsi, bütün dünyada söz sahibinə çevrilməsi məhz Ulu Öndər Heydər Əliyevin tarixi fəaliyyətinin bariz nəticəsidir. Belə ki, həmin tarixi fəaliyyətin ən vacib və ən əhəmiyyətli məqamlarından biri təbii ki, Yeni Azərbaycan Partiyasının yaradılması və Ümummili Lider Heydər Əliyevin partiyaya sədr seçilməsidir.
Tədbir tanınmış incəsənət ustalarının bir-birindən maraqlı konsert çıxışları ilə başa çatdırıldı.
RÖVŞƏN NURƏDDİNOĞLU