Laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü ərazisində Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illik yubileyi münasibətilə təntənəli bayram tədbiri keçirilib. Bayram mərasimində Milli Məclisin vitse spikeri Bahar Muradova, millət vəkili Nazim Fərəcov, YAP mərkəzi aparatının məsul işçisi Araz Xudadanov iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Taxtakörpü qəsəbəsində ağac əkmiş, Ümummilli Lider Heydər Əliyevin büstü və şəhidlərin xatirə kompleksi önünə gül dəstələri qoyublar. Rayon icra hakimiyyətinin akt zalında keçirilən tədbirdə dövlət himni səsləndirilib, YAP-ın qurucusu Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilibdir.
Laçın rayon icra hakimiyyətinin başçısı Ramiz Cəbrayılov tədbiri giriş sözü ilə açaraq partiyanın yarandığı tarixi şərait, keçdiyi şərəfli yoldan danışıb. Bildirib ki, ölkəmizin ən ağır sınaq günlərində yaranan YAP Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlətçiliyin qorunması, sabitliyin və demokratik dəyərlərin bərqərar edilməsində mühüm rol oynamışdır: "Partiya 2003-cü ildən Ulu Öndərin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin Sədrliyi ilə daha da inkişaf edərək, ümumxalq partiyasına çevrilmiş, xalqımızın inam və etimadını qazanmışdır. Bu gün 600 minə yaxın üzvü olan YAP nəinki ölkəmizdə, eləcə də, beynəlxalq aləmdə nüfuzlu bir partiyaya çevrilmişdir".
Milli Məclis sədrinin müavini Bahar Muradova və deputat Nazim Fərəcov YAP-ın yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik ediblər. Çıxış edənlər Azərbaycanın bugünkü uğurlarında partiyanın tarixi xidmətlərindən danışıblar. Tədbirdə YAP-ın 20 illiyi ilə bağlı keçirilən idman yarışlarının, inşa yazı, mahnı, rəqs və bədii qiraət müsabiqələrinin qaliblərinə fəxri fərman və hədiyyələr, partiya sıralarına yeni qəbul olunan üzvlərə üzvlük vəsiqələri təqdim edilib. Sonda tədbir iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə müraciət qəbul olunub.
Bayram mərasimi Taxtakörpü qəsəbəsindəki Heydər Əliyev adına Parkda geniş konsert poqramı ilə dava edib.
Rəfiqə