PDF Oxu

Əsas

  • 33

Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvədir

Abşeron rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvədir

Dünən Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatı Abşeron rayon icra hakimiyyəti ilə birgə partiyanın yaradılmasının 20-ci ildönümünə həsr olunmuş bayram tədbiri keçirib. Tədbir iştirakçıları öncə Xırdalan şəhərinin mərkəzində yerləşən Heydər Əliyev adına Xiyabanda Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri düzüblər.

Rayon mədəniyyət sarayında davam edən tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra Ümummilli Lideri Heydər Əliyevə həsr olunmuş sənədli film təqdim olunub. Sonra YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev Yeni Azərbaycan Partiyasının 20 il ərzində keçdiyi çətin və şərəfli siyasi yolundan danışıb: "Yeni Azərbaycan Partiyası siyasi səhnəyə XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə gəlib. YAP Ümummilli Lider Heydər Əliyevin ideyalarını həqiqətə çevirən nüfuzlu bir siyasi təşkilatdır. 600 minə yaxın üzvü olan partiyamız geridə qoyduğumuz 20 ildə çətin, çətin olduqca da şərəfli, qüdrətli yol keçmişdir. Partiyanın ideyalarına, sadiq qalan insanlar, Azərbaycan dövlətinə, dövlətçiliyinə sadiq insanlar, ziyalılar, ictimai-siyasi xadimlər bu gün də YAP-da təmsil olunmaqla partiyanın fəaliyyətində müstəsna xidmətlər göstərirlər".

B.Əliyev, eyni zamanda, vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının nüfuzu gündən-günə artmaqdadır. YAP-ın cəmiyyətin inkişafını hədəfləyən çoxsaylı sosial layihələr reallaşdırması, gəncləri dövlətçilik, milli maraqlar ətrafında sıx birləşdirməsi onun tərəfdarlarının sayının artmasına səbəb olub: "Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan, nəinki Cənubi Qafqazda, ümumiyyətlə, inkişaf etmiş ölkələr cərgəsindədir".

Mərasimdə Milli Məclisin deputatı Hacı Rəcəbli partiyanın 20 illik şərəfli və zəngin yol keçdiyini, Ümummilli Lider Heydər Əliyevin və Onun layiqli davamçısı, partiyanın Sədri, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə bir-birinin ardınca uğurlu layihələrə imza atdığını bildirib. O, qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaranması ilə ölkədə demokratik cəmiyyətin formalaşmasının əsası qoyulub: "20 il Azərbaycanın möhkəmlənməsi, qüdrətlənməsi və dünyada tanınması ilidir. 20 ildir YAP Azərbaycan miqyasında siyasi nəhəngdir".

Mərasimdə YAP İdarə Heyətinin üzvü Nizami Xudiyev çıxış edərək ölkəmizdə ən güclü siyasi qüvvəyə çevrilən Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyi qarşısındakı tarixi rolundan bəhs etdi. N.Xudiyev qazanılan uğurlarda partiyanın yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusi vurğuladı.

Abşeron rayon icra hakimiyyəti başçısının müavini İradə Gülməmmədova və digər çıxış edənlər bildirdilər ki, ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrilmiş YAP Azərbaycan dövlətçiliyinin qorunmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında böyük və əhəmiyyətli işlər görüb. Çıxış edənlər onu da vurğuladılar ki, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti Yeni Azərbaycan Partiyasına olan ümumxalq inamını daha da genişləndirmiş, onu ümumxalq partiyasına çevirmişdir."

Yubiley tədbiri konsert proqramı ilə davam etdirilib.

R.Nurəddinoğlu

Digər xəbərlər