PDF Oxu

Əsas

  • 28

Tarixi zərurətdən yaranan partiya

YAP Gədəbəy rayon təşkilatı Yeni Azərbayacan Partiyasının 20-ci il dönümü ilə bağlı tədbir keçirib

Tarixi zərurətdən yaranan partiya

Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatı rayon icra hakimiyyəti ilə birgə partiyanın yaradılmasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirib. Tədbir iştirakçıları öncə rayonun mərkəzində ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül-çiçək dəstələri düzüblər.

"Eldorado" istirahət mərkəzində davam edən tədbirdə millət vəkili Sevinc Hüseynova, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, SİA-nın baş direktoru, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, YAP Mərkəzi Aparatının məsul işçisi Rəfael Gülməmmədov, Gədəbəy rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov, idarə, müəssisə rəhbərləri, ilk partiya təşkilatı sədrləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan YAP Gədəbəy rayon təşkilatının sədri Ramazan Muradov əlamətdar tarixi bayramla bağlı tədbir iştirakçılarını təbrik edib. R.Muradov partiyanın XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə yarandığını və bu gün nüfuzlu siyasi təşkilata çevrildiyini vurğulayıb: " YAP-ın keçdiyi keşməkeşli yola nəzər salaraq bildirdi ki, tarixi zərurətdən yaranan YAP çətin və şərəfli yol keçməklə yanaşı, həm də siyasi-ictimai mühitdə kifayət qədər nüfuz toplamış siyasi təşkilatdır: "YAP Ümummilli Lider Heydər Əliyevin ideyalarını həqiqətə çevirən nüfuzlu bir siyasi təşkilatdır. 600 minə yaxın üzvü olan partiyamız geridə qoyduğumuz 20 ildə çətin, çətin olduqca da şərəfli, qüdrətli yol keçmişdir. Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranan siyasi təşkilatdır. Partiyanın ideyalarına sadiq qalan insanlar, Azərbaycan dövlətinə, dövlətçiliyinə sadiq insanlar, ziyalılar, ictimai-siyasi xadimlər bu gün də YAP-da təmsil olunmaqla partiyanın fəaliyyətində müstəsna xidmətlər göstərirlər". R.Muradov onu da qeyd edib ki, yarandığı zamandan Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə sülh, əmin-amanlıq və demokratiya, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, hüquqi-demokratik dövlətin yaranması, milli həmrəylik, geniş demokratik islahatların həyata keçirilməsini qarşısına məqsəd kimi qoyub.

Gədəbəy rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası zəngin yol keçib, özünü ölkənin siyasi taleyində həlledici qüdrətə malik olan siyasi qüvvə kimi təsdiqləyib. R.Yediyarovun sözlərinə görə, 20 illik tariximizdə ölkəmizin ictimai-siyasi həyatında partiyamız əhəmiyyətli rol oynayıb: "Bu illər ərzində Azərbaycan Respublikasının dövlətçilik sahəsindəki qələbələrinin hamısı Yeni Azərbaycan Partiyasının fəaliyyəti, Ulu Öndər Heydər Əliyevin şərəfli zəhməti nəticəsində əldə edilib. Bu gün qürurla deyə bilərik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai həyatında fəaliyyəti olduqca əhəmiyyətlidir".

YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə partiyanın ötən 20 ildə şərəfli yol keçdiyini bildirib: "YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında xidmətləri danılmazdır və partiyamızın bu istiqamətdə gördüyü böyük işlər hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın 20 il ərzində keçdiyi yol Yeni Azərbaycan Partiyasının şərəf tarixi, şərəf salnaməsidir. Bu yolun hər bir uğrunda, qələbəsində bütövlükdə YAP-ın və onun hər bir üzvünün özünəməxsus töhfələri var". V.Rəhimzadə müstəqil Azərbaycan dövlətinin son 20 illik inkişaf tarixində Yeni Azərbaycan Partiyasının rolunun danılmaz olduğunu bildirib: "Öz sıralarında 600 minə yaxın üzvü birləşdirən YAP Ulu Öndərin parlaq ideyalarının daşıyıcısı kimi, cəmiyyətdə öz aparıcı rolunu gündən-günə möhkəmləndirməkdədir. Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti Yeni Azərbaycan Partiyasına olan ümumxalq inamını daha da genişləndirmiş, onu ümumxalq partiyasına çevirmişdir."

SİA-nın baş direktoru, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev partiyanın 20 illik yubleyi münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirib ki, Azərbaycanın müasir tarixinin ən mühüm siyasi hadisələri sırasında Yeni Azərbaycan Partiyasının yaradılması önəmli yer tutur: "Bu 20 il ərzində ölkəmizin keçdiyi yol, əldə olunan nailiyyətlər, qələbələr, Azərbaycanın müasir, güclü dövlətə çevrilməsi, bütövlükdə, Yeni Azərbaycan Partiyasının şərəfli tarixini ifadə edir. 20 il Azərbaycanın möhkəmlənməsi, qüdrətlənməsi və dünyada tanınması ilidir. 20 ildir YAP Azərbaycan miqyasında siyasi nəhəngdir. YAP hər zaman Azərbaycan xalqının yüksək səviyyədə etimad göstərdiyi bir siyasi qüvvə olduğunu sübut edib. Bu o deməkdir ki, YAP xalqın böyük hissəsinin dəstəyini qazanan, onun inamını öz siyasətində ifadə edən və 20 ilə qədər hakimiyyətdə olduğu dövrdə bu inamı qoruyub saxlamaq qüdrətində olan bir partiyadır. Bu, hər partiyaya nəsib olan uğur deyil. Digər bir tərəfdən, partiyamızın bu gün 600 minə qədər üzvü var ki, bu da böyük bir göstəricidir. Bütün bünlara əsaslanaraq vurğulamaq istərdim ki, Yeni Azərbaycan Partiyası Azərbaycan xalqına sədaqətlə xidmət etməyə, onu xoşbəxt etməyə qadir bir partiyadır".

Millət vəkili Sevinc Hüseynova YAP-ın zamanın tələbi ilə yarandığını, Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə partiyanın qısa müddətdən sonra iqtidar partiyasına çevrildiyini söyləyib.

Tədbirin sonunda YAP sıralarına yeni qoşulmuş gənclərə partiya vəsiqələri təqdim olunub. Həmçinin, bir qrup YAP fəalı fəxri fərmanlar və mükafatlarla təltif edilib.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər