Dünən YAP Qaradağ rayon təşkilatı Ə.Əmirov adına NQÇİ ərazi ilk təşkilatında partiyanın 20-ci ildönümü ilə bağlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Ə.Əmirov adına NQÇİ-nin rəisi Ramin Quliyev YAP-ın yaranma tarixindən, keçdiyi çətin, həm də şərəfli yoldan danışdı.
Bildirdi ki, Yeni Azərbaycan Partiyasının təsis konfransı ilk dəfə 1992-ci il 21 noyabrda Naxçıvan şəhərində keçirilib: "Təsis konfransında mühüm qərarlar, partiyanın proqram və nizamnaməsi qəbul olundu və Ulu Öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının Sədri seçildi. Yeni Azərbaycan Partiyası güc mərkəzi kimi Azərbaycanın siyasi həyatına daxil oldu. Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatına məhz Ulu Öndər Heydər Əliyev partiyası kimi daxil olması cəmiyyətimizdə bu partiyanın yerini müəyyənləşdirən ən başlıca amil oldu. Xalqımız Heydər Əliyev şəxsiyyəti və Onun yaratdığı Yeni Azərbaycan Partiyasının ətrafında daha sıx birləşdi."
YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov isə çıxışında Yeni Azərbaycan Partiyasının 20 il ərzində keçdiyi zəngin və şərəfli yola nəzər saldı: "Fərəhli haldır ki, 1992-ci ildə yaradılarkən sıralarında 7250 nəfəri birləşdirən Yeni Azərbaycan Partiyası bu gün xalqın ən mətin, monolit birliyə malik olan siyasi qüvvəsinə çevrilib. Hazırda partiyanın 600 minə yaxın üzvü var. Yeni Azərbaycan Partiyasının üzvləri cəmiyyətin inkişafına öz töhfələrini verməklə, Azərbaycan dövlətini sözdə deyil, əməli işdə də sevdiklərini göstərirlər. Partiyanın cəmiyyətimizdə qazandığı nüfuzun nəticəsidir ki, keçirilən parlament və bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası ən çox təmsil olunan partiya kimi qələbə qazanıb. Bildiyiniz kimi, növbəti il prezident seçkiləri keçiriləcək. Heç şübhəsiz ki, bu seçkilərdə də partiyanın namizədi Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev olacaq. Azərbaycan Onun rəhbərliyi altında daha uğurlu sabahlara doğru inamla addımlayacaq."
A.Hüseynov çıxışında YAP Ə.Əmirov adına NQÇİ ərazi ilk partiya təşkilatının fəaliyyətini də yüksək qiymətləndirdi. Qeyd etdi ki, neftçilər Azərbaycan iqtisadiyyatının dayaqlarıdırlar: "Onlar istehsalatla yanaşı, ictimai-siyasi sahədə də, fəallıq nümayiş etdirirlər. Bu isə müxtəlif sahələrdə çalışan insanların partiyaya bağlılığından irəli gəlir."
Tədbirdə çıxış edən Ə.Əmirov adına NQÇİ-nin rəis müavini Mətləb Qarayev, YAP Ə.Əmirov adına NQÇİ ərazi ilk partiya təşkilatının sədri Ramiz Məmmədov, YAP Qaradağ rayon təşkilatı aparatının əməkdaşı Zaməddin Ziyadoğlu YAP-ın ölkənin ictimai-siyasi həyatındakı rolundan danışdılar. Bildirildi ki, Ümummilli Lider Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında böyük zirvələrə yüksələcək. Sonda NQÇİ-nin bir neçə əməkdaşına, o cümlədən, Ramin Quliyev, Mətləb Qarayev, Ramiz Məmmədov və başqalarına YAP Qaradağ rayon təşkilatının fəxri fərmanları təqdim olundu.
R.HÜSEYNOVA