PDF Oxu

Əsas

  • 31

Yeni Azərbaycan Partiyası gələcəyə çox yüksək nikbinliklə baxır

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı partiyanın 20 illik yubileyini qeyd etdi

Yeni Azərbaycan Partiyası gələcəyə çox yüksək nikbinliklə baxır

Dünən YAP Nəsimi rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illik yubileyi ilə bağlı Azərbaycan Dövlət Tibb Universitetində geniş tədbir keçirdi. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, milli məclisin üzvləri, rayon təşkilatının fəalları iştirak edirdilər.

Tədbirdən öncə Azərbaycanın Dövlət Himni səsləndirildi. Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı tədbir iştirakçılarını partiyanın 20 illik yubileyi münasibətilə təbrik etdi. Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illik tarixi dövrünə nəzər salaraq ictimai-siyasi prosesləri diqqətə çəkdi. O bildirdi ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaranmışdır.

M.İbrahimqızı qeyd ki, müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar təşəkkül tapmağa başlamışdı. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar: "Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış edərək, bu məqsədlə xalqın sınanmış Lideri və Müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər."

Məlahət İbrahimqızı partiyanın üzvü olan hər bir azərbaycanlının bu partiyanın sıralarında olmasını özünə şərəf bildiyini söylədi. Bu gün Azərbaycan Prezidenti, Partiyanın Sədri İlham Əliyev tərəfindən Heydər Əliyev ideyalarının yüksək səviyyədə həyata keçirildiyini bildirən təşkilat sədri əldə olunan nailiyyətlərə də nəzər saldı: "İnkişaf etmiş dövlətlər sırasında duran Azərbaycan BMT-nin TŞ-nin qeyri-daimi üzvüdür. Vaxtilə xarici dövlətlərin yardımına ehtiyacı olan Azərbaycan bu gün beynəlxalq aləmdə humanitar dövlət kimi tanınır."

Tədbirdə çıxış edən Nəsimi rayon icra hakimiyyətinin başçısı, YAP Nəsimi rayon təşkilatının idarə heyətinin üzvü Nəsib Məhiməliyev YAP-ın keçdiyi tarixə qısa nəzər salaraq, YAP-ın gördüyü işələrin böyük bir tarixə bərabər olduğunu bildirdi. Ətrafında yarım milyondan artıq üzvü birləşdirən YAP-ın üzvlərinin əksəriyyətini intellektual səviyyəsi inkişaf etmiş insanlar təşkil edir. Azərbaycanın bu gün iqtisadi, siyasi, mədəni cəhətdən inkişaf etmiş dövlət olduğunu qeyd edən icra hakimiyyətinin başçısı bu inkişaf mərhələsində YAP-ın da özünəməxsus rolu olduğunu bildirdi.

Azərbaycan Tibb Universitetinin rektoru, YAP Nəsimi rayon təşkilatının idarə heyətinin üzvü, millət vəkili Əhliman Əmiraslanov çıxışında qeyd etdi ki, bugünkü yubiley tədbirinin bu təhsil ocağının akt zalında keçirilməsi təsadüfi deyil. İlk yaranan təşkilatlardan biri olan Nəsimi rayon təşkilatı bu universitetdə yaradılıb. 2000-dən çox üzvü özündə ehtiva edir. O bir faktı da qeyd etdi ki, rayonda daha çox ali təhsil ocaqları olduğundan partiyanın sıralarında ziyalılar təbəqəsi daha çoxdur. Universitetin rektoru YAP-ın rolunu qiymətləndirərək, partiyanın liderlik xüsusiyyətlərini səciyyələndirdi.

YAP Nəsimi rayon təşkilatının idarə heyətinin üzvü, Bakı Slavyan Universitetin rektoru Kamal Abdullayev 20 illik tarixi bir dövrü əhatə edən YAP-ın fəaliyyətini tarixi bir missiya kimi qiymətləndirdi.

Onu da bildirdi ki, YAP öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasi partiyadır. YAP yarandığı gündən indiyə kimi ölkəmizin taleyüklü vəzifələrinin həyata keçirilməsində mühüm rol oynamışdır.

Partiyanın mənəvi məsuliyyətdən yarandığını bildirən rektor bu məsuliyyətin daşıyıcıları olan hər bir partiya üzvünün vətəndaşlıq borcunu yerinə yetirərək, Azərbaycanın quruculuğunda, onun inkişafında yaxından iştirak etməyə çağırdı.

YAP Gənclər Birliyi Ofisinin rəhbəri, YAP Nəsimi rayon təşkilatı gənclər birliyinin sədri Sərraf Hüseynov çıxışında bildirdi ki, bu gün 600 minə yaxın üzvü sıralarında birləşdirən Yeni Azərbaycan Partiyasının 250 minə yaxın üzvünü gənclər ordusu təşkil edir. Ulu Öndərin ideyaları ətrafında sıx birləşən gənclik doğma Azərbaycanın xoşbəxtliyi, sağlam gələcəyi uğrunda daim mübarizə aparır. Beynəlxalq ali kürsülərdə Azərbaycanı təmsil edirlər.

Tədbirin sonunda 1992-ci ildən partiyanın üzvü olan veteranlara hədiyyələr verildi və YAP-ın sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim olundu. Yubiley tədbiri konsert proqramı ilə sona yetdi.

NƏZAKƏT

Digər xəbərlər