PDF Oxu

Əsas

  • 37

Mingəçevir şəhərində Yeni Azərbaycan Partiyasının 20 illiyi təntənə ilə qeyd olunur

Mingəçevir şəhərində Yeni Azərbaycan Partiyasının 20 illiyi təntənə ilə qeyd olunur

Dünən Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyi münasibəti ilə Mingəçevir şəhər təşkilatının qadınlar şurası növbəti tədbirini keçirib. Tədbir iştirakçıları öncə şəhərin mərkəzində ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, Ona öz dərin ehtiramlarını bildiriblər. Mingəçevir şəhər təşkilatının akt zalında keçirilən "Yeni Azərbaycan Partiyası dünənimiz, bu günümüz və gələcəyimizdir" adlı elmi-nəzəri konfransı giriş sözü ilə açan YAP Mingəçevir şəhər təşkilatının qadınlar şurasının sədri Ofeliya Əzizova tədbir iştirakçılarını partiyanın yubileyi münasibəti ilə təbrik edərək, siyasi fəaliyyətlərində onlara uğurlar arzulayıb. O.Əzizova Ümummilli Lider, müasir dövlətimizin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən danışıb, Ulu Öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb.

YAP Mingəçevir şəhər təşkilatının qadınlar şurasının idarə heyətinin üzvləri, Aidə İsmayılova "Azərbaycanın 20 il ərzində keçdiyi yol YAP-ın şərəf tarixi, şərəf salnaməsidir", Dilşad İlyasova "Yeni Azərbaycan Partiyası Azərbaycanın bu gününə, gələcəyinə xidmət edən partiyadır", Ədalət Quliyeva "Müstəqil Azərbaycan dövlət quruculuğunda qadınların rolu" mövzularında çıxış edərək, Yeni Azərbaycan Partiyasının 20 il öncə çətin bir şəraitdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradıldığını bildiriblər.

Tədbirdə YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov çıxış edərək qeyd edib ki, Ümummilli Liderimiz Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edib: "Ulu Öndər Azərbaycan torpağının, dövlətinin, xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliymizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün olan hər bir işi görüb".

Şəhər təşkilatının sədri onu da vurğulayıb ki, YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında xidmətləri danılmazdır və partiyamızın bu istiqamətdə gördüyü böyük işlər hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın 20 il ərzində keçdiyi yol Yeni Azərbaycan Partiyasının şərəf tarixi, şərəf salnaməsidir.

Mingəçevir şəhər icra hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov çıxış edərək, YAP-ın yaranmasını zəruri edən səbəblər və tarixi şəraitlə bağlı bəzi məqamlardan danışaraq, keçən 20 il ərzində Azərbaycanı uğurlu gələcəyə aparmağa nail olduğunu və Azərbaycan xalqına sədaqətlə xidmət etdiyini bildirdi: "YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında xidmətləri danılmazdır və partiyamızın bu istiqamətdə gördüyü böyük işlər hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirilir".

R.HÜSEYNOVA

Digər xəbərlər