Azərbaycanın ən böyük gənclər ordusunu ətrafıda birləşdirən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi mütamadi olaraq silsilə tədbirlər təşkil edib keçirir. Keçirilən tədbirlər əsasən gənc nəslin milli-vətənpərvərlik ruhunda tərbiyə olunması və onların tariximizə, mədəniyyətimizə daha dərindən bələd olması məqsədi daşıyır. YAP Gənclər Birliyinin belə silsilə tədbirlərdən biri də 9 noyabr Dövlət Bayrağı Gününə həsr edilmişdir. Bu məqsədlər dünən YAP Gənclər Birliyinin fəal gəncləri Dövlət Bayrağı Meydanını ziyarət edib.
YAP Gənclər Birliyinin fəal gəncləri Dövlət Bayraq Meydanı və Muzeyi ilə yaxından tanış olublar. İlk öncə gənclərə Dövlət Bayraq Meydanı ilə bağlı məlumat verildi. Bildirildi ki, 2007-ci il noyabrın 17-də Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə Sərəncam imzalayıb. Elə həmin ilin dekabr ayının 30-da paytaxtın Bayıl qəsəbəsində Dövlət Bayrağı Meydanının təməli qoyulub: "Meydan üçün seçilən yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. Meydanın ümumi ərazisi 60, yuxarı hissəsinin sahəsi isə 3 hektardır. İnşa olunan dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Meydanda qurulan Azərbaycanın gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb".
Muzeylə tanışlıq zamanı fəal gənclərə məlumat verildi ki, səkkizguşəli ulduz formasında yaradılan muzey Dövlət Bayrağı Meydanında bayraq dirəyinin pyedestalının altında yerləşir. Muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olan dövlətlərin, xanlıqların, o cümlədən, İrəvan xanlığının bərpa olunmuş bayraqları, həmçinin, XVII-XVIII əsrlərə aid bayraqların uc elementləri, gerblər nümayiş olunur. Burada, həmçinin, Azərbaycannın müxtəlif illərdə qəbul olunan konstitusiyaları, poçt markaları, pul nişanlarının nümunələri, orden və medalları da var. Dünyada bu cür nadir muzeylərdən biri olan Dövlət Bayrağı Muzeyində, həmçinin, Ginnes dünya rekordları təşkilatının Azərbaycanın dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edən sertifikatı nümayiş olunur. Muzeydə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin yaranması, formalaşması və inkişafını, Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi ilə bağlı fəaliyyətini əks etdirən çoxsaylı fotolar və sənədlər, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin prezident seçildikdən sonra andiçmə mərasimlərində öpdükləri dövlət bayraqları, Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları və mərasim geyimləri də nümayiş olunur.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov "Səs" qəzetinə açıqlamasında bildirdi ki, YAP-ın Gənclər Birliyinin Bakı, Sumqayıt şəhərləri və eləcə də, Abşeron rayonu üzrə aktiv gəncləri Dövlət Bayrağı Meydanına ziyarətə gəliblər. Prezident İlham Əliyevin Sərəncamı ilə inşa edilən Dövlət Bayrağı Meydanı bizim gənclərin vətənpərvərlik duyğusunun daha da möhkəmlənməsində mühüm rolu vardır. Gənclər bura gələndə, muzeylə tanış olanda Azərbaycanın tarixi haqqında, Azərbaycanın tarixdə əldə etdiyi naliyyətləri barədə, ümumiyyətlə, bizim orden, medalların tarixi barədə məlumatlar toplayırlar.
Tədbirin sonunda tədbir iştirakçıları xatirə şəkili çəkdiriblər.
İntizarə Məmmədova