PDF Oxu

Əsas

  • 27

YAP yüksəliş illərində

YAP Ağsu rayon təşkilatında partiyanın 20-ci ildönümü qeyd olunub

YAP yüksəliş illərində

Dünən Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü ilə əlaqədar Ağsu rayonunda yubiley tədbiri keçirilib. Tədbir iştirakçıları öncə Ağsu rayonun mərkəzi meydanında partiyanın yaradıcısı, xalqımızı və dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas etmiş Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər çiçəklər düzüblər. Rayon mədəniyyət sarayında keçirilən tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə öz işinə başlayıb. YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynov geniş məruzə ilə çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci ildönümü təkcə partiyada deyil, bütün xalq tərəfindən, vətənini, dövlətini sevən, onun bu gününə, sabahına, xoşbəxt gələcəyinə biganə qalmayan bütün vətəndaşlar tərəfindən yüksək bayram əhval-ruhiyyəsi ilə qeyd edilir:

"İctimai-siyasi proseslərin kifayət qədər mürəkkəb, keşməkeşli axarda cərəyan etdiyi bir vaxtda dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də təsis edilən Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin gələcək taleyini müəyyənləşdirən, əsas qüvvəyə çevrilən siyasi təşkilat oldu. Tarixi zərurətdən yaranan partiya ötən 20 ildə xalqa xidmət missiyasını şərəflə yerinə yetirmişdir". Yeni Azərbaycan Partiyasının yaradılmasının o dövrün tələbi olduğunu deyən Ə.Hüseynov onu da qeyd edib ki, 1990-cı illərin əvvəlində hakimiyyətdə olanların səriştəsiz siyasəti nəticəsində Azərbaycan uçuruma sürüklənirdi: "Belə bir şəraitdə ölkəmizin nüfuzlu 91 ziyalısı Ulu Öndər Heydər Əliyevə müraciət etdilər. 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin Sədrliyi ilə, Azərbaycanın bütün regionlarından seçilmiş 550 nümayəndənin təmsil olunduğu təsis konfransı keçirilib və Yeni Azərbaycan Partiyasının yarandığı elan edilib. Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçilib".

Yığıncaqda YAP Ağsu rayon təşkilatı təhsil işçiləri ərazi ilk təşkilatının sədri Tahir Xasi, YAP Ağsu rayon qadınlar şurasının sədr müavini Sevil Mirzəliyeva, rayon təşkilatı gənclər birliyinin sədri Fərmail Nəsrullayev, rayon təşkilatının şura üzvü Cavan Cavadov, rayon veteranlar cəmiyyətinin sədri Camaləddin Zeynalov, Təklə kənd orta məktəbinin müəllimi Əmrulla Kərimov və başqaları çıxış edərək Yeni Azərbaycan Partiyasının 20 ildə çətin və şərəfli yol keçdiyini bildirdilər.

Tədbirdə YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı çıxış edərək ölkəimzin son dərəcə çətin sınaqlar qarşısında qaldığı bir vaxtda yaranan Yeni Azərbaycan Partiyasının rolundan ətraflı bəhs etdi. YAP-ın hakimiyyətdə olduğu illərdə Azərbaycanın iqtisadiyyatı inkişaf etmiş, ölkəmizin hər bir vətəndaşının həyatında, yaşayış səviyyəsində ciddi irəliləyişlərin əldə olunduğunu vurğulayıb. Millət vəkili onu da bildirib ki, Azərbaycanın uğurları yalnız bölgənin güclü dövlətinə çevilməsi ilə məhdudlaşmır, Azərbaycan, eyni zamanda, beynəlxalq aləmdə yeri və rolunu artırmışdır. Bunun ən bariz nümunəsi kimi bu yaxınlarda Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini qeyd etmək lazımdır. M.Qurbanlı Ağsu rayonunda aparılan abadlıq işlərindən danışaraq bildirib ki, respublikamızın hər yerində olduğu kimi, Ağsu rayonunda da aparılan tikinti, abadlıq, quruculuq işləri çox sevindirici haldır. M.Qurbanlı sonda rayon təşkilatına öz tövsiyyələrini də verib.

Millət vəkili Ərəstun Cavadov çıxış edərək bildirib ki, tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası böyük inkişaf yolu keçərək , bu gün cəmiyyətin ən aparıcı qüvvəsinə çevirilmişdir: "Partiyanın böyük nüfuza malik olması onun yaradıcısı, Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bölgənin aparıcı siyasi qüvvəsinə çevrilən YAP-ın sıralarının günbəgün artması Heydər Əliyev ideyalarına sədaqətin, həyata keçirilən siyasətin gələcəyinə inamın göstəricisidir. Bu gün bu siyasət möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

YAP Ağsu rayon təşkilatının idarə heyətinin üzvü, Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, Azərbaycanın uğurlarından geniş bəhs edib. Bildirib ki, Azərbaycanın hazırda ən yüksək zirvələri fəth etməsi Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Bu gün Azərbaycanın hər bölgəsi, qəsəbəsi inkişaf, tərəqqi dövrünü yaşayır.

Yığıncaqda partiya sıralarına yeni qəbul olunmuş bir qurup gəncə partiya üzvlük vəsiqələri təqdim olunub. Sonda yığıncaq iştirakçıları adından ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul olunub.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər