PDF Oxu

Əsas

  • 28

Əli Həsənov: “ABŞ-da kimin prezident seçilməsindən asılı olmayaraq, ikitərəfli əməkdaşlıq davam edəcək”

Əli Həsənov: “ABŞ-da kimin prezident seçilməsindən asılı olmayaraq, ikitərəfli əməkdaşlıq davam edəcək”

"Düşünürəm ki, kimin prezident seçilməsindən asılı olmayaraq, Azərbaycanla ABŞ arasında əlaqələr və əməkdaşlıq davam edəcək. Hər iki namizədə həyata keçirdikləri seçki kampaniyasının bəhrəsini görməyi arzu edirik. Amma iksindən biri seçilməlidir - biz kimə nə arzu etməyimizdən asılı olmayaraq, Amerika xalqı öz taleyini həll edəcək, iki şəxsdən biri seçiləcək". Bu fikirləri jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Əli Həsənov bildirib ki, Azərbaycanla ABŞ bir çox sahələrdə strateji tərəfdaşlığa malikdir, əməkdaşlq edir. "Xüsusən beynəlxalq sülhyaratma proseslərində biz ABŞ-la dünyanın müxtəlif qaynar nöqtələrində iştirak edirik, o cümlədən beynəlxalq terrorizmə qarşı birgə mübarizə aparırıq. Enerji sahəsində transmilli layihələrin həyata keçirilməsi və Avropanın enerji təhlükəsizliyinin təmin olunması sahəsində Azərbaycan ABŞ-la ciddi əməkdaşlığa malikdir. Demokratiya, demokratik inkişaf, söz, mətbuat, məlumat azadlığı, vətəndaş cəmiyyəti quruculuğu və daxili siyasətin digər məsələləri üzrə biz ABŞ-la əməkdaşlıq edirik", - deyə Əli Həsənov bildirib. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri eyni zamanda bildirib ki, Beynəlxalq İnternet İdarəçilik Forumunun Bakıda keçirilməsi ölkəmizdə bu sahənin inkişafını daha da sürətləndirəcəkdir. Azərbaycan gələn il süni peykini buraxmaq istiqamətində fəaliyyət göstərir. İnternet provayderlərinin sayının gündən-günə artması, süni peykimizin buraxılması gələcəkdə sektoru daha da gücləndirəcək və bu da digər sahələrdə olduğu kimi, Azərbaycanı dünyanın qabaqcıl ölkələrindən birinə çevirəcəkdir. Prezidenti Administrasiyasının rəsmisi qeyd etmişdir ki, dünyada internetdən həm faydalı, həm də ziyanlı məqsədlər üçün istifadə edilir. İnternetdən terrorçuluq məqsədi ilə istifadə olunması bütün dünyanı narahat edən problemdir. Azərbaycan internet terrorçuluğuna qarşı mübarizədə qabaqcıl təcrübəni bölüşür, ABŞ və dünyanın inkişaf etmiş digər ölkələri ilə sıx əməkdaşlıq edir. Internet ölkəmizin həm siyasi, həm ictimai, həm də vətəndaşların ümumi həyatına elə daxil olub ki, artıq bundan sonra Azərbaycanı internetsiz təsəvvür etmək mümkünsüzdür. Əli Həsənov demişdir ki, Azərbaycanda informasiya resurslarının qorunması ilə bağlı xüsusi proqram hazırlanmış və struktur yaradılmışdır. Bu proqrama əsasən intensiv tədbirlər görülür.

Azərbaycanda internetin qismən azad olduğu haqda yayılan informasiyanın reallığı əks etdirmədiyini bildirən Əli Həsənov demişdir ki, bu cür informasiyalar əsassızdır. Azərbaycanda azad internet mövcuddur və hazırda əhalinin 60 faizdən çox bu xidmətdən bəhrələnir. Azərbaycan bəlkə də dünyada yeganə ölkədir ki, internet fəaliyyətinə heç bir məhdudiyyət qoyulmur.

Digər xəbərlər