YAP Səbail rayon təşkilatı partiyanın 20 illik yubileyi ilə bağlı silsilə tədbirləri davam etdirir
Dünən Yeni Azərbaycan Partiyasının 20 illik yubileyi ilə əlaqədar partiyanın Səbail rayon təşkilatının 132-134 saylı Təhsil Kompleksi ilk ərazi təşkilatında tədbir keçirildi. Dövlət himni səsləndikdən sonra ilk ərazi təşkilatının katibi Dilşad Cavadova tədbiri açaraq, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, ötən illərdə qazanılan uğurlardan danışdı. D.Cavadova Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanın müstəqilliyi uğrunda apardığı yorulmaz fəaliyyəti, Ulu Öndərin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin Azərbaycan müəlliminə və təhsilinin inkişafına göstərdiyi diqqət və qayğıdan danışdı.
Ümummilli Liderimiz Heydər Əliyevə həsr olunmuş film nümayiş olunduqdan sonra "İlin ən yaxşı müllimi" adına layiq görülən müəllimlərdən Aygün Əfəndiyeva, Aynur Dadaşova və başqaları çıxış edərək, Yeni Azərbaycan Partiyasının keçdiyi çətin və şərəfli tarixi yoldan, bu illər ərzində ölkədə baş verən siyasi durumdan, Ümummilli Liderimiz Heydər Əliyevin ölkəmizin müstəqilliyi uğrunda apardığı yorulmaz fəaliyyətindən və Onun layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycan təhsilinin inkişafına göstərdiyi diqqət və qayğıdan danışdılar.
YAP Səbail rayon təşkilatının 132-134 saylı Təhsil Kompleksi ilk ərazi təşkilatınnı sədri Sara Xanlarova tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdi və bildirdi ki, 1992-ci ildə Azərbaycanın yenicə qazandığı müstəqilliyini qorumaq, dövlətimizi gücləndirmək və ölkəni bərabərhüquqlu aktor kimi beynəlxalq münasibətlər sisteminə çıxarmaq məqsədilə ətrafında vətənpərvər, uzaqgörən insanları birləşdirən Yeni Azərbaycan Partiyası yaradıldı: "Çox ağır şəraitdə Ulu Öndər Heydər Əliyevin ətrafında toplaşmış vətənpərvər insanlar Naxçıvana gedərək, Azərbaycanın işıqlı sabahına olan ümidlərinin yalnız və yalnız Ümummilli Liderimizlə bağlı olduğunu sübuta yetirdilər. Həyatları təhlükədə olmasına baxmayaraq, dövlətimizin və xalqımızın gələcəyini düşünən bu insanlar yaradılmış partiyanı inkişaf etdirərək, Cənubi Qafqazın və hətta bütövlükdə, regionun avanqard, ən güclü siyasi qüvvəsinə çevirdilər. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında partiyamız daha böyük uğurlar və nailiyyətlər əldə etməkdədir". "Yeni Azərbaycan Partiyasının üzvləri cəmiyyətin bütün sağlam qüvvələrini öz ətrafında toplayaraq Azərbaycanımızı sözdə deyil, əməli işdə sevdiklərini göstərirlər" fikrini deyən S.Xanlarova partiyanın cəmiyyətimizdə qazandığı nüfuzun nəticəsində ölkədə keçirilən bütün seçkilərdə Yeni Azərbaycan Partiyası böyük qələbələr qazanmışdır: "Yeni Azərbaycan Partiyası bu gün xalqın ən mətin və monolit birliyə malik olan siyasi qüvvəsinə çevrilibdir. Bu gün Yeni Azərbaycan Partiyasının sıralarında 600 minə yaxın insan birləşib. Bu insanlar, sadəcə olaraq, partiyaya üzv olmaq naminə deyil, müstəqil, demokratik, hüquqi, dünyəvi və sosialyönlü dövlətin qurulması naminə birgə səy göstərmək amalı ilə Yeni Azərbaycan Partiyasının ətrafına toplaşmış üzvlərdir".
S.Xanlarova onu da bir daha vurğuladı ki, qarşıdakı növbəti prezident seçkilərində Səbail rayon təhsil işçiləri Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləyəcəklər.
RƏFİQƏ