Dünən Qaradağ rayon icra hakimiyyəti və YAP-ın rayon təşkilatının birgə təşkilatçılığı ilə Lökbatandakı Heydər Əliyev Mərkəzində 9 noyabr ən uca milli dəyərimiz olan üç rəngli Dövlət Bayrağı Günü münasibətilə dəyirmi masa təşkil olundu. Tədbiri giriş sözü ilə açan Qaradağ rayon icra hakimiyyətinin müavini Zəfər Əliyev Prezident İlham Əliyevin Sərəncamı ilə hər il noyabrın 9-nun Azərbaycan Dövlət Bayrağı Günü kimi qeyd olunmasının əhəmiyyəti haqqında danışaraq bildirdi ki, bu bayramın təsis edilməsi Azərbaycan Prezidentinin dövlət atributlarına verdiyi dəyərin bariz nümunəsidir. Natiq dövlət bayrağının hər bir vətəndaş tərəfindən müqəddəslik, azadlıq, fəxr və qürur mənbəyi kimi qəbul olunduğunu bildirərək, millətin azadlıq rəmzi, vətənin simvolu, hər zaman qürur və inam yeri olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. 1918-ci il mayın 28-də Azərbaycan öz müstəqilliyini elan etdi, bununla Şərqdə ilk demokratik dövlətin əsası qoyuldu.
Bu uzun sürən bir mübarizənin məntiqi sonluğu idi. Tezliklə Azərbaycan Xalq Cümhuriyyəti demokratik islahatlara başlayaraq, Azərbaycanın 3 rəngli bayrağı, gerbi, dövlət himni qəbul olundu. Lakin Azərbaycan Xalq Cümhuriyyəti cəmi 3 ay yaşadı. İkinci dəfə Azərbaycanın dövlət bayrağı Ümummilli Lider Heydər Əliyev tərəfindən Naxçıvanda Ali Sovetin sədri olarkən qaldırıldı. Düz 70 il sonra ikinci dəfə Azərbaycan bayrağı dalğalandı: "Məhz Ulu Öndərimizin siyasi cəsarəti hesabına ay-ulduzlu, üç rəngli bayrağımız dövlətimizin rəmzi elan edilmiş və onun hakimiyyətə qayıdışından sonra bu bayraq müstəqil Azərbaycanın dövlət bayrağı statusunu almışdır".
YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi ki, müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı məhz Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunmuşdur. Sonra bu bayraq müstəqil Azərbaycanın dövlət bayrağı elan edilmişdir. Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməsi nəticəsində Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrilmişdir. Azərbaycan bayrağını Avropanın mərkəzində - Strasburqda, Avropa Şurası binası qarşısında qaldırmaq şərəfi də məhz bayrağımıza yenidən həyat bəxş edən Ulu Öndər Heydər Əliyevə nəsib olmuşdur. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinin eyni dövrə təsadüf etməsi də bu uzaqgörən siyasətin məntiqi nəticəsidir.
V. Rəhimzadə qarşıdan gələn 12 noyabr - Konstitusiya Günü, 17 noyabr Milli Dirçəliş günü və YAP-ın yaranmasının 20- illiyi ilə əlaqədar tədbir iştirakçılarını təbrik edərək, bu əlamətdar günlərin müasir Azərbaycan dövlətinin tarixindəki əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verdi.
YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirdi ki, Naxçıvanda ağır və gərgin ictimai-siyasi proseslərin cərəyan etdiyi dövrdə - 17 noyabr 1990-cı ildə muxtar respublika Ali Məclisinin birinci sessiyası keçirildi: "Sessiyada muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ də geniş və ciddi müzakirə olundu. Sessiyada xalq deputatlarının ciddi müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə bağlı bir neçə təklif irəli sürüldü. Birinci o oldu ki, Azərbaycan milli bayrağı Naxçıvan parlamentində qaldırılsın və Azərbaycanın ali hakimiyyət orqanı qarşısında bu bayrağın qəbul etmək məsələsi qoyuldu. Bu gün üçrəngli bayrağımızın dünyada ən yüksək sütunda dalğalanması, Dövlət Bayrağı Meydanının yaradılması məhz Ümummilli Liderimizin bir vaxtlar həyata keçirtdiyi həmin milli rəmzlər islahatının davamı kimi qiymətləndirilməlidir".
Fəlsəfə elmləri doktoru Tahir Məmmədov çıxışında dövlətimizin müqəddəs rəmzlərindən olan bayrağımızın doğma Qarabağımızda dalğalanmasını arzu edərək, gənclərin bayrağa və digər dövlət rəmzlərinə hörmətlə yanaşmasının vacibliyini vurğuladı.
RƏFİQƏ HÜSEYNOVA