PDF Oxu

Əsas

  • 24

Ağsu rayonunda Yeni Azərbaycan Partiyasının 20 illik yubileyi ilə bağlı silsilə tədbirlər davam edir

Ağsu rayonunda Yeni Azərbaycan Partiyasının 20 illik yubileyi ilə bağlı silsilə tədbirlər davam edir

Dünən Ağsu rayon icra hakimiyyəti və YAP Ağsu rayon təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə rayonun mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidəsi önünə gül dəstələri qoydular.

Rayon mədəniyyət sarayında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninini səslənməsi ilə öz işinə başlayıb. Yubiley mərasimində YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynov məruzə ilə çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci ildönümü təkcə partiyada deyil, bütün xalq tərəfindən, vətənini, dövlətini sevən, onun bu gününə, sabahına, xoşbəxt gələcəyinə biganə qalmayan bütün vətəndaşlar tərəfindən yüksək bayram əhval-ruhiyyəsi ilə qeyd edilir: "İctimai-siyasi proseslərin kifayət qədər mürəkkəb, keşməkeşli axarda cərəyan etdiyi bir vaxtda dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də təsis edilən Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin gələcək taleyini müəyyənləşdirən, əsas qüvvəyə çevrilən siyasi qurum olmuşdur. Tarixi zərurətdən yaranan partiya ötən 20 ildə xalqa xidmət missiyasını şərəflə yerinə yetirmişdir".

Ə.Hüseynov Yeni Azərbaycan Partiyasının Naxçıvanda yaradıldıqdan sonra onun yerli təşkilatlarının formalaşmağa başladığını vurğulayıb: "YAP Ağsu rayon təşkilatı 19 noyabr 1993-cü ildə təsis olunmuşdur. Təsis konfransını keçirən zaman rayon təşkilatının 9 ərazi təşkilatı, sıralarında 188 üzv var idi. Hazırda isə təşkilatı 90 ərazi ilk təşkilatında 4 min 550 nəfərdən çox insan birləşib. Üzvlərdən 1255 nəfəri gənclər, 1739 nəfəri qadınlardır. Bizim təşkilatımızda intellektual insanlar, ziyalılar daha çox üstünlük təşkil edir. YAP Ağsu rayon təşkilatı ölkəmizdə keçirilən seçki kampaniyalarında, eləcə də, digər ictimai-siyasi tədbirlərdə fəal iştirak edir".

Tədbirdə YAP Ağsu rayon təşkilatı təhsil işçiləri ilk ərazi partiya təşkilatının sədri Tahir Xasi, YAP Ağsu rayon təşkilatının qadınlar şurasının sədr müavini Sevil Mirzəliyeva, rayon təşkilatınnı gənclər birliyinin sədri Fərmail Nəsrullayev, rayon təşkilatının şura üzvü Cavan Cavadov, rayon veteranlar cəmiyyətinin sədri Camaləddin Zeynalov, Təklə kənd orta məktəbinin müəllimi Əmrulla Kərimov və başqaları çıxış edərək, partiyanın fəaliyyətindən və ölkənin inkişafındakı rolundan bəhs ediblər.

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı ölkəmizin son dərəcə çətin sınaqlar qarşısında qaldığı bir vaxtda yaranan Yeni Azərbaycan Partiyasının rolundan ətraflı bəhs edib. Mübariz Qurbanlı partiyanın 20 illik yubileyi münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək, onlara siyasi fəaliyyətlərində uğurlar arzulayıb. M.Qurbanlı partiyanın ötən 20 ildə şərəfli yol keçdiyini bildirib: "YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında xidmətləri danılmazdır və partiyamızın bu istiqamətdə gördüyü böyük işlər hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın 20 il ərzində keçdiyi yol Yeni Azərbaycan Partiyasının şərəf tarixi, şərəf salnaməsidir. Bu yolun hər bir uğurunda, qələbəsində bütövlükdə YAP-ın və onun hər bir üzvünün özünəməxsus töhfələri var".

M.Qurbanlı Ağsu rayonunda aparılan abadlıq işlərindən razılıq hissi ilə danışıb. O, bildirib ki, respublikamızın regionlarında, o cümlədən Ağsu rayonunda da aparılan tikinti, abadlıq, quruculuq işləri sevindirici haldır. Sonda millət vəkili rayon təşkilatına öz tövsiyyələrini verib.

Bayram mərasimində YAP Mərkəzi Aparatının səlahiyyətli nümayəndəsi, millət vəkili Ərəstun Cavadov çıxış edərək, Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən yarandığını və böyük inkişaf yolu keçdiyini, cəmiyyətin ən aparıcı qüvvəsinə çevirildiyini söyləyib.

YAP Ağsu rayon təşkilatının idarə heyətinin üzvü, Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, Azərbaycanın uğurlarından geniş bəhs edib. Bildirib ki, Azərbaycanın hazırda ən yüksək zirvələri fəth etməsi Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Bu gün Azərbaycanın hər bölgəsi, qəsəbəsi inkişaf, tərəqqi dövrünü yaşayır.

Yığıncaqda partiya sıralarına yeni qəbul olunmuş bir qrup gənc partiya üzvlərinə üzvlük vəsiqələri təqdim olunub.

Sonda tədbir iştirakçıları adından ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə müraciət qəbul olunub.

A.Səmədova

Digər xəbərlər