Qazaxlılar partiyanın yubileyini böyük coşqu ilə qeyd edirlər
Dünən YAP Qazax rayon təşkilatı və Qazax rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının 20 illiyi ilə bağlı tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə rayonun mərkəzində ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidəsi önünə tər çiçəklər düzüblər. Rayon Olimpiya İdman Kompleksinin iclas zalında keçirilən toplantıda tədbir iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov tədbir iştirakçılarını partiyanın yubileyi münasibəti ilə təbrik edərək, siyasi fəaliyyətlərində uğurlar arzulayıb. H.Pənahov Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi şərəfli yoldan bəhs edib: "Yeni Azərbaycan Partiyası 20 illik fəaliyyəti dövründə çətin və şərəfli yol keçib. Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası hakimiyyətə gəldikdən sonra Azərbaycan xaos və anarxiyadan xilas oldu, ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar olundu. Bundan sonra, dağıdılmış iqtisadiyyatımız bərpa olundu, yeni Konstitusiya qəbul edildi, siyasi-hüquqi islahatlar həyata keçirildi və ölkəmiz tərəqqi yoluna qədəm qoydu"
H.Pənahov YAP Qazax rayon təşkilatının 1993-cü il iyul ayının 24-də təsis edildiyini bildirib. Qeyd edib ki, hal-hazırda rayon təşkilatının 6033 nəfər üzvü var ki, bunlardan 41 faizi gənclər, 57 faizi isə qadınlardır: "Partiya üzvlərimizin fəallığı və işgüzarlığı nəticəsində ötən 20 il ərzində keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərində, referendumlarda rayonumuzun ərazisində YAP-ın yüksək səs çoxluğu ilə qələbə çalmasına, şəffaf, demokratik seçkilərin keçirilməsinə nail olunmuşdur".
Tədbirdə YAP Qazax rayon təşkilatının ilk sədri olmuş Abbas Göyüşov, Qazax Dövlət Sosial İqtisad Kollecinin müəllimi, rayon təşkilatınnı şura üzvü Tərlan Bədəlova, AMİ Qazax filialının III kurs tələbəsi Aysel Hüseynova, rayon ağsaqqallar şurasının sədri Xanqulu Süleymanov, Milli Məclisin deputatı Əhməd Vəliyev, YAP İcra Katibliyinin məsul işçisi Rəfael Gülməmmədov və başqaları çıxış edərək, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Yeni Azərbaycan Partiyasının çətin və şərəfli yol keçdiyini bildiriblər. Çıxışlarında qeyd ediblər ki, partiyanın bütün üzvləri onun yaradıcısı və xalqımızın Ümummilli Lideri Heydər Əliyev ideyalarına daim sadiq olmuş və onun göstərdiyi yolla getmişdir. Bu gün ölkəmizin sürətli inkişafında, tərəqqisində hakim partiyanın böyük rolu var. 1993-cü ildən iqtidarda olan YAP-ın sıraları gündən-günə kəmiyyət və keyfiyyət baxımından daha da təkmilləşir, nüfuzu artır. Partiyanın sıralarında yüz minlərlə üzvün birləşməsi ona olan inamın göstəricisidir.
Bayram mərasimində Qazax rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov Yeni Azərbaycan Partiyasının 20 il ərzində çətin və şərəfli yol keçdiyini vurğulayıb. A.Əsgərov bildirib ki, ölkəmizin ən ağır sınaq günlərində yaranan YAP Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlətçiliyin qorunması, sabitliyin və demokratik dəyərlərin bərqərar edilməsində mühüm rol oynamışdır: "Partiya 2003-cü ildən Ulu Öndərin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin Sədrliyi ilə daha da inkişaf edərək, ümumxalq partiyasına çevrilmiş, xalqımızın inam və etimadını qazanmışdır. Bu gün 600 minə yaxın üzvü olan YAP nəinki ölkəmizdə, eləcə də, beynəlxalq aləmdə nüfuzlu bir partiyaya çevrilmişdir".
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına yeni qəbul olunan bir qrup gənclərə partiyanın üzvülük vəsiqəsi təqdim olunub. Eyni zamanda, bir qrup fəal partiya üzvünə fəxri fərman təqdim edilib.
ÜLVİ