YAP Masallı rayon təşkilatında Dövlət Bayrağı Günü qeyd olunub
Dünən YAP Masallı rayon təşkilatının qərargahında Dövlət Bayrağı Günü ilə əlaqədar "Heydər Əliyev və Müstəqil Azərbaycan Bayrağı" mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatının aparat rəhbəri Qəşəm Hadıyev açaraq bildirib ki, hər bir xalqın ən müqəddəs rəmzlərindən olan bayraq onun varlığının, mövcudluğunun sübutu, dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisidir: "Odur ki, özünütəsdiq simvolu olan bayraq bütün dünyada qürur və güvənc yeri sayılır. Bayraq, həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin, mənəvi dünyasının göründüyü ən şəffaf və dəqiq meyardır. Belə bayraqlardan biri Xəzər dənizinin sahilində, Bakı buxtasında qürurla dalğalanır, bütün dünyaya müstəqil dövlətin varlığını bəyan edir. Bu, Azərbaycan xalqının azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağıdır".
YAP üzvü Araz Babayev çıxış edərək bildirib ki, hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir: "Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrın 17-də Naxçıvan Ali Məclisi müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərar qəbul etdi. Azərbaycan əsgəri də Vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı ali missiyanı öz üzərinə götürərkən üçrəngli bayrağa and içir. Üçrəngli bayrağımız hər zaman əbədi olacaq, bütün dünyada Azərbaycan dövlətinin və xalqının imzasını qürurla təsdiqləyəcək".
Tədbirdə YAP Masallı rayon təşkilatının fəal üzvlərindən Eldar Kazımov, Kənan Haşımov, Nemət Abdullayev, Sübhan Şiriyev və başqaları çıxışlarında vurğulayıblar ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin respublikamızın dövlət atributlarına, o cümlədən üçrəngli bayrağımıza göstərdiyi böyük ehtiram, bu məqsədlə həyata keçirilən tədbirlər ölkəmizdə milli həmrəyliyin daha da möhkəmlənməsinə, azərbaycançılıq məfkurəsinə və dövlət rəmzlərinin təbliğinə xidmət edən böyük amillərdir.
A.Səmədova