Sumqayıt Texnologiyalar Parkında Yeni Azərbaycan Partiyasının ilk ərazi partiya təşkilatı yaradıldı
Dünən Sumqayıt Texnologiyalar Parkında Yeni Azərbaycan Partiyasının 163 nəfər üzvü olan ilk ərazi təşkilatının təsis yığıncağı keçirildi və təşkilatın 9 nəfərdən ibarət idarə heyəti təsdiqləndi. Tədbirdə texnika elmləri doktoru Hikmət Kərimov ərazi ilk partiya təşkilatının sədri, Rəsul Rəsulov müavin, Kəmalə Əsgərova qadınlar şurasının sədri, Sevinc Hüseynova isə gənclər birliyinin sədri seçilmişdir.Təsis yığıncağında YAP Sumqayıt şəhər təşkilatının şöbə müdiri Vəzirxan Ənsərov çıxış edərək bildirmişdir ki, "AZENCO" ASC-də ilk ərazi partiya təşkilatının yaradılması bir daha onu sübut edir ki, Yeni Azərbaycan Partiyasının sıraları və fəaliyyət istiqaməti daim genişlənir. V.Ənsərov "AZENCO" ASC-nin idarə heyətinin sədr müavini Sahib Musayevin ilk partiya təşkilatının yaradılması təklifinə görə ona təşəkkür etmiş, təşkilatın gələcək işində uğurlar arzulamışdır.
Daha sonra qeyd olunmuşdur ki, müəssisədə ərazi ilk partiya təşkilatının Yeni Azərbaycan Partiyasının 20-ci ildönümü-yubiley ərəfəsində yaranması Sumqayıt Texnologiyalar Parkının həyatında tarixi, yaddaqalan hadisə kimi qiymətləndirilir: "Ümummilli Lider Heydər Əliyev siyasi kursunun həyata keçirilməsində YAP Sədri, ölkə Prezidenti möhtərəm İlham Əliyevin ətrafında sıx birləşərək, hər birimiz Onun yaxın köməkçiləri olacağıq".
Tədbirin sonunda müəssisənin rəhbəri S.Musayev çıxış edərək, rəhbərlik etdiyi kollektivin Sumqayıtın sənaye istehsalı üzrə keçmiş şöhrətini bərpa etmək, müstəqil Azərbaycan dövlətinin iqtisadiyyatının yüksəldilməsi naminə səfərbər olacağını, qarşıda duran vəzifilərin həyata keçirilməsinin təmin olunacağını tədbir iştirakçılarına əmin etmişdir.
RÖVŞƏN