BSU-da Azərbaycan Respublikasının Dövlət Bayrağı gününə həsr olunmuş konfrans keçirildi
Dünən Bakı Slavyan Universitetində Pedaqoji fakültənin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Bayrağı gününə həsr olunmuş "Azərbaycan Respublikasında Rus dilinin aktual problemləri" mövzusunda Respublika Tələbə-Elmi Konfransı keçirildi.Tədbiri giriş sözü ilə BSU-nun Pedaqoji fakültəsinin dekanı professor Eldar Piriyev açdı. Onun konfrans iştirakçılarına ünvanladığı təbrikindən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.Konfransda BSU-nun elmi işlər üzrə prorektoru dosent Şirinbəy Əliyev çıxış edərək, Bayraq gününün tarixi ilə bağlı dəyərli məlumat verdi. O, bildirdi ki, Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul olunmuşdur. Azərbaycanın ikinci dəfə dövlət müstəqilliyinə qovuşduqdan sonra üçrəngli bayrağın dövlət bayrağı kimi qəbul edildiyini bildirdi. Bayrağın şərəfini hər yerdə qorumağın, dünya arenalarında onun yüksək zirvələrdə dalğalanmasının vacibliyini vurğuladı. Vətənin bütövlüyü uğrunda canlarını fəda edənlərin xatirəsinin daim əziz tutulduğu qeyd edildi. Milli bayraq-mənəvi, siyasi,ideoloji baxımdan bir dövlətin və bir dövləti təşkil edən millətin simvolu olub, onların mövcudluğunu göstərən rəmzdir. Ş.Əliyev tələbələrimizin tariximiz, milli dəyərlərimiz, adət-ənənələrimizin dərindən öyrənilməsinin vacibliyini vurğuladı.Konfrans öz işini "Müasir rus dili", "Rus dilinin tədrisi metodikası" adlı bölmələrdə davam etdirdi. Birinci bölmədə 14, ikinci bölmədə 13, üçüncü bölmədə isə 16 məruzəçi dinlənildi.
ZÜMRÜD