PDF Oxu

Əsas

  • 26

Mütərəqqi və mütəşəkkil partiya

YAP Xaçmaz rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyini qeyd etdi

Mütərəqqi və mütəşəkkil partiya

Dünən YAP Xaçmaz rayon təşkilatı icra hakimiyyəti ilə birgə Yeni Azərbaycan Partiyasının 20 illiyinə həsr olunmuş geniş tədbir keçirib. Tədbir iştirakçıları ilk öncə rayon mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidəsi önünə tər çiçəklər düzüblər.

Tədbirdə YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev "YAP Ümumxalq Partiyasıdır" mövzusunda məruzə ilə çıxış edib. N.Ağayev tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edib onları Yeni Azərbaycan Partiyası ətrafında daha sıx birləşməyə çağırıb. Rayon təşkilatının sədri onu da bildirib ki, Yeni Azərbaycan Partiyasının 20 il ərzində çox zəngin siyasi mübarizələrlə dolu, şanlı tarixi vardır: "XX əsrin sonlarında Azərbaycan xalqının həyatında yaranmış mürəkkəb ictimai-siyasi proseslərin gedişində meydana çıxmış Yeni Azərbaycan Partiyası bu gün regionun ən nüfuzlu partiyalarından birinə çevrilmişdir. Çünki bu partiyanın yaradıcısı Ümummilli Liderimiz Heydər Əliyev olub".

Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən yarandığını vurğulayan N.Ağayev ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə mövcud durumun çox mürkkəb olduğunu xatırladıb: "1990-cı ilin əvvəllərində ölkəni bürümüş dərin siyasi, iqtisadi və sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Məhz belə bir vaxtda Azərbaycan ziyalıları Naxçıvana, Heydər Əliyevə müraciət göndərdilər. Azərbaycanın ən yeni tarixində "91-lər"in "Səs" qəzetində müraciəti dərc olundu. Həmin müraciət, əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu ağsaqqalları bu müraciətlə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etməyi xahiş edirdilər. Ümummilli Liderimiz Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, Onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin mane olması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi Naxçıvana gedərək, partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Azrbaycanın 40 bölgəsindən seçilmiş 550 nümayəndənin təmsil olunduğu konfrans Heydər Əliyevin Sədrliyi ilə 1992-ci il noyabrın 21-də keçirilmişdir. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçilmişdir. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərinə böyük məsuliyyət götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yaranmışdır".

Yığıncaqda iştirak edən Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Milli Məclisin üzvləri Hadı Rəcəbli, İlham Əliyev, Arif Əşrəfov, YAP İdarə Heyətinin üzvü Şahlar Əsgərov, partiyanın fəallarından Qərənfil Məcidova, Mariya Həsrətova, Elnur Əliyev, Aydın Əsgərbəyli və başqalırı çıxış edərək partiyanın 20 illik şərəfli və zəngin yol keçdiyini, Ümummilli Lider Heydər Əliyevin və Onun layiqli davamçısı, partiyanın Sədri, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlərə nail olunduğunu bildiriblər.

Tədbirdə YAP sıralarına daxil olmuş bir qrup gəncə partiya vəsiqələri təqdim olunub. Eyni zamanda, YAP Xaçmaz rayon təşkilatının 800 -üncü üzvünə partiya vəsiqəsi və qiymətli hədiyyə verilib. 800 -üncü üzvü olan Mətanət Şıxəliyeva çıxış edərək YAP üzvü olması ilə qürur və fəxr etdiyini bildirib.

Tədbirdə bir daha vurğulanıb ki, 2013-cü il prezident seçkilərində bütün xaçmazlılar Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevə səs verəcəklər.

Sonda tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə müraciət qəbul olunub.

Tədbir konsert proqramı ilə davam edib.

A.Səmədova

Digər xəbərlər