PDF Oxu

Əsas

  • 35

Bakı Metropoliteni 45 illiyini qeyd edib

Bakı Metropoliteni 45 illiyini qeyd edib

Dünən Azərbaycan Dövlət Filarmoniyasında Bakı Metropolitenin 45 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirə millət vəkilləri, nazirlik, idarə, ali təhsil müəssisələrinin rəhbərləri ilə yanaşı, xarici ölkələrdən də nümayəndələr qatılıb. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə Metropolitenin rəisi Tağı Əhmədov açıb.

Tədbir iştirakçıları və qonaqları salamlayan T. Əhmədov ilk olaraq ölkə Prezidenti İlham Əliyevin Metropoliten işçilərinin peşə bayramı, həmçinin müəssisənin 45 illiyi münasibətilə imzaladığı sərəncamları diqqətə çatdırıb. Bildirib ki, rəhbərlik etdiyi müəssisə, Bakı, ümumiyyətlə, ölkə üçün əlamətdar olan anın sevincini yaşadığımız bir gündə Cənab Prezident tərəfindən Metropoliten işçilərinin mükafatlandırılması sevincimizi ikiqat artırıb: "Dövlət başçısı İlham Əliyevin 7 noyabr 2012-ci ildə imzaladığı sərəncamlarla Metropolitenin istismarında səmərəli fəaliyyətinə görə, 2 əməkdaşımıza Prezidentin fərdi təqaüdü verilib, 3 əməkdaşımız şöhrət ordeni, 14 əməkdaşımız tərəqqi medalı ilə təltif olunub, 3 əməkdaşımız isə "Əməkdar mühəndis" fəxri adına layiq görülüb".

Bütün bunların dövlət başçısının Metropoliten işçilərinə göstərdiyi xüsusi diqqət və qayğısının bariz nümunəsi olduğunu deyən T. Əhmədov ölkə Prezidenti İlham Əliyevə Metropoliten işçiləri adından dərin təşəkkürünü bildirib.

Metropolitenin 45 illik fəaliyyəti haqqında məlumat T.Əhmədov bildirib ki, bu müddət ərzində metropolitenimiz böyük inkişaf yolu keçib: "Stansiyalarımızın sayı 4 dəfədən çox artıb. İstismarda olan yollarımızın ümumi uzunluğu 86,71 km-ə, tunellərin ümumi uzunluğu isə 91,36 km-ə çatıb. Xətlərin ümumi uzunluğu 34,56 km-dir. Hazırda Bakı metropoliteni 2 xətdən ("İçərişəhər-Həzi Aslanov" və "Xətai-Dərnəgül") ibarətdir ki, bunların da istismar uzunluğu 34,5 kilometr, mövcud stansiyalarının sayı isə 23-dür. Stansiyalardan yeddisi dərinözüllü, qalanları isə dayazözüllüdür. Vaqon parkımızdakı 266 vaqonun hamısı bu gün daşıma həcminin tələblərinə yerinə yetirmək iqtidarındadır. Yollarımız, tunellərimiz və oradakı bütün texniki qurğular təhlükəsiz hərəkəti təmin etməyə qadirdir".

Yeraltı yollarımızın inkişafındakı bu uğurların başlıca səbəbinin metroya olan tükənməz dövlət qayğısı və onun daimi dəstəyidir - deyən Metropoliten rəisi dövlət başçısı İlham Əliyevin Bakının nəqliyyat infrastrukturunda metropolitenə böyük önəm verdiyini xüsusi vurğulayıb: "Bu, öz təsdiqini son beşillikdə metromuzun texniki cəhətdən təkmilləşdirilməsi, yenidən qurulması üçün investisiya vəsaitinin ayrılması, metronun yeni sahələrinin tikilməsi, yeraltı yollarımızın inkişafı istiqamətində görülən tədbirlər, o cümlədən metromuzun qarşıdakı 20 ildə inkişaf planının qəbul olunmasında tapır. Həmin plana görə yaxın 20 il ərzində yollarımızın uzunluğu 119 km-ə, stansiyalarımızın sayı 76-ya çatacaq. Artıq gələn il biz metromuzun 3-cü xəttinin ilk stansiyasını istismara qəbul edəcəyik".

Tədbirdə nəqliyyat naziri Ziya Məmmədov, Moskva Metropoliteninin rəisi İvan Besedin, Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov, Rusiyanın "Vaqonmaş" QSC-nin direktoru Andrey Andreyev və digərləri çıxış edərək, Metropoliten işçilərini peşə bayramları münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıblar.

Daha sonra tədbir incəsənət işçilərinin konsert proqramı ilə davam edib.

Cabir

Digər xəbərlər