D.O.
206-49a
Yeni Azərbaycan Partiyası - 20
Dünən YAP Cəbrayıl rayon təşkilatı və Cəbrayıl rayon icra hakimiyyətinin təşkilatçılığı ilə YAP-ın 20-ci ildönümü qeyd olunub. Tədbir iştirakçıları ilk öncə Biləsuvar rayon 4 saylı qəsəbədə yerləşən Heydər Əliyev adına parkda Ulu Öndərin büstünü ziyarət edərək büstü önünə tər çiçəklər düzüblər. Biləsuvar rayon 4 saylı qəsəbə klubunda keçirilən tədbirdə dövlət himni səslənib. YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev Yeni Azərbaycan Partiyasının 20 illiyi münasibəti ilə təbrik edib.
Rayon təşkilatının sədri Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu YAP ölkənin ictimai-siyasi həyatında yeni mərhələnin əsasını qoyduğunu vurğulayıb: "Yeni Azərbaycan Partiyası yarandığı gündən partiya siyasi mübarizələrlə zəngin bir yol keçib. İqtidar partiyası kimi Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin avanqard qüvvəsi kimi xalqımızın qarşısında dayanan vəzifələrin həllinə öz töhfəsini vermiş və bu gün də bu xəttə sadiqdir".
A.Fərzəliyev Azərbaycanın uğurlarından geniş bəhs edərək bildirib ki, bu gün ölkəmizin iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü artan nüfuzunun və siyasi çəkisinin təsdiqidir. Yeni Azərbaycan Partiyası bu uğurların fonunda gələcəyə daha böyük inamla irəliləyir.
Millət vəkili Astan Şahverdiyev çıxış edərək partiyanın keçdiyi zəngin yoldan geniş bəhs edib.
Cəbrayıl rayon icra hakimiyyətinin başçısı Mahmud Quliyev çıxış edərək tədbir iştirakçılarını 20 illik yubiley münasibəti ilə təbrik edib və partiyanın keçdiyi inkişaf yolundan danışıb. M.Quliyev bildirib ki, ölkəmizin Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Düzgün seçilən yol ölkəni daim inkişafa və tərəqqiyə aparır. Yeni Azərbaycan Partiyasının iqtidar partiyası kimi fəaliyyəti Azərbaycanın bugünkü uğurlarını təmin edən ən başlıca şərt olmuşdur".
Sonda tədbir iştirakçıları adından ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə müraciət qəbul olunub.
Aytən