Dünən YAP İsmayıllı rayon partiya təşkilatı və rayon təhsil şöbəsi ilk partiya təşkilatı ilə birgə 12 Noyabr Konstitusiya Gününə həsr olunmuş dəyirmi masa keçirilib. YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova tədbir iştirakçılarını Konstitusiya Günü münasibətilə təbrik edib. O, çıxışında qeyd edib ki, Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib:
"Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Artıq 13 ildir ki, Azərbaycan noyabrın 12-ni Konstitusiya Günü kimi qeyd edir".1995-ci ildə qəbul olunmuş Konstitusiyanın müstəqil Azərbaycanın ilk, ümumilikdə isə, respublikanın beşinci Konstitusiyası olduğunu deyən Ə.Vahabova vurğulayıb ki, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi: "Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunub. Azərbaycan SSR-in 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxıb. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılıb, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılıb. 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub".
Tədbirdə çıxış edənlər Azərbaycan Konstitusiyası ilə bağlı geniş məlumat verərək, ölkənin əsas qanununun digər ölkələrin müvafiq qanunu ilə müqayisəli təhlilini aparıb, üstünlüyü barədə danışıblar.
A.Səmədova