PDF Oxu

Əsas

  • 37

Yeni Azərbaycan Partiyası yüksəliş illərində

Quba rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci ildönümü ilə əlaqədar yubiley tədbiri keçirildi

Yeni Azərbaycan Partiyası yüksəliş illərində

Dünən Quba rayon icra hakimiyyəti və YAP Quba rayon təşkilatı Yeni Azərbaycan Partiyasının 20 illiyi ilə bağlı yubiley tədbiri keçirilib. Tədbirdə millət vəkilləri Şəmsəddin Hacıyev, Yevda Abramov, Vahid Əhmədov, Quba rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayev, YAP Mərkəzi Aparatının məsul işçisi Həsən Daşdəmirov, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət iştirak edib. Tədbir iştirakçıları əvvəlcə rayonun mərkəzində ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər çiçəklər düzüblər.

Quba rayonu B.Səfəroğlu adına mədəniyyət evində keçirilən tədbirdə dövlət himni səslənib, həmçinin, tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev tədbir iştirakçılarını YAP-ın 20 illik yubileyi münasibətilə təbrik edib. Rayon təşkilatının sədri partiyanın yaranma tarixinə nəzər salaraq, o dövrdə ölkəmizin və xalqımızın çətin sınaqlarla üz-üzə qaldığını bildirib: "Xalqımız problemlərdən çıxış yolunu yalnız Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü. Bu səbəbdən də, ölkəmizin ziyalıları Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı Ulu Öndərimizə müraciət etdilər. YAP yarandıqdan qısa müddət sonra hakimiyyətə gəldi və partiyanın qurucusu Heydər Əliyevin sayəsində Azərbaycan üzləşdiyi bütün problemlərdən xilas oldu. Tarixi zərurətdən yaranan YAP çətin və şərəfli yol keçməklə yanaşı, həm də siyasi-ictimai arenada kifayət qədər nüfuz toplamış siyasi təşkilatdır. Sıralarında 600 min nəfərə yaxın insanın birləşdiyi Yeni Azərbaycan Partiyası çox böyük tarixi yol keçib".

Tədbirdə YAP Quba rayon təşkilatının idarə heyətinin üzvü, Quba rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayev çıxışında bildirdi ki, müstəqil Azərbaycanın inkişafı, iqtisadi-sosial və digər sahələrə dair proqramların həyata keçirilməsində YAP-ın əvəzedilməz xidməti var. O, ölkənin bütün bölgələrində quruculuq işlərinin həyata keçirildiyini xüsusi vurğulayaraq, bu prosesin Quba rayonununda da getdiyini bildirdi.

Yubiley mərasimində Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, millət vəkili, YAP Quba rayon təşkilatının idarə heyətinin üzvü Yevda Abramov, millət vəkili Vahid Əhmədov, Quba rayon təşkilatının idarə heyətinin üzvü Həsən Günəşli, Quba şəhər 3 saylı məktəbin direktoru Sara Məmmədova, YAP Quba rayon təşkilatının gənclər birliyinin üzvü Könül Qurbanova və başqaları çıxış edərək, partiyanın keçdiyi çətin və şərəfli yoldan danışdılar.

Sonra bir qrup partiya fəalına fəxri fərmanlar, partiya sıralarına yeni qəbul edilmiş üzvlərə partiya vəsiqələri təqdim edildi. Quba rayonu üzrə qəbul imtahanlarında ən yüksək - 675 bal toplamış tələbə Mirzəyev Tamerlan İftixar oğluna YAP Quba rayon təşkilatı tərəfindən kompüter hədiyyə olundu.

Tədbirdə Ulu Öndərimiz Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş etdirildi.

Yubiley tədbiri konsert proqramı ilə davam etdi.

ÜLVİ

Digər xəbərlər