Qaradağ rayon Sahil qəsəbəsində Yeni Azərbaycan Partiyasının 20 illik yubileyi ilə bağlı tədbir keçirildi
Dünən Qaradağ rayon Sahil qəsəbəsində YAP-ın 20 illik yubileyi ilə bağlı tədbir keçirildi. Tədbiri Sahil qəsəbəsi icra nümayəndəsi Əkbər Fərəcov açaraq Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illik yubileyi ilə bağlı qəsəbə sakinlərinə təbriklərini çatdırdı. Ə.Fərəcov Yeni Azərbaycan Partiyasının yarandığı və keçdiyi şərərfli yola nəzər salaraq partiyanın ümumxalq partiyasına çevrilməsindən bəhs etdi: "Yeni Azərbaycan Partiyası tariximizin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Heydər Əliyevin rəhbərliyi ilə və bu böyük şəxsiyyətin ətrafında birləşən insanların fəal iştirakı ilə yaranıb. Bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci ildönümü təkcə partiyada deyil, bütün xalq tərəfindən, vətənini, dövlətini sevən, onun bu gününə, sabahına, xoşbəxt gələcəyinə biganə qalmayan bütün vətəndaşlar tərəfindən yüksək bayram əhval-ruhiyyəsi ilə qeyd edilir. Çünki tarixi zərurətdən yaranan partiya ötən 20 ildə xalqa xidmət missiyasını şərəflə yerinə yetirib".
16 saylı Bakı Peşə Liseyinin müəllimi Məlahət Nağıyeva da çıxışında Yeni Azərbaycan Partiyasının yarandığı mürrəkkəb dövrə nəzər salaraq Qaradağ rayon təşkilatının respublikada ilk formalaşan təşkilatlardan olduğunu qeyd etdi. M.Nağıyeva həmin dövrün çətinliklərinə baxmayaraq Yeni Azərbaycan Partiyasının yerlərdə xalqımızın bütün təbəqələri tərəfindən böyük dəstək qazandığını vurğuladı və əlavə edərək söylədi ki, bu gün YAP özünün ən yüksək inkişaf mərhələsinə yüksəlib". Çünki bu partiyanı Azərbaycan xalqı birmənalı şəkildə dəstəkləyir deyən 9 saylı internat məktəbinin nümayəndəsi Ülviyyə Hüseynova, 16 saylı Bakı Peşə Liseyinin direktoru Əbülfət Qarayev və başqaları çıxışlarında Yeni Azərbaycan Partiyasının regionun ən güclü siyası təşkilatı olaraq onun sıralarında böyük gənclər ordusunun təmsil olunduğunu vurğuladılar. Çıxış edənlər Ümummilli Liderimiz Heydər Əliyevin ölkəmizin müstəqilliyi uğrunda apardığı yorulmaz fəaliyyətindən və Onun layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycan təhsilinin inkişafına göstərdiyi diqqət və qayğıdan danışdılar.
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Partiyanın 20 illik yubileyi ilə əlaqədar olaraq Sahil qəsəbəsi sakinlərinə, təhsil işçilərinə təbriklərini çatdırdı. A.Hüseynov YAP təsis olunduğu müddətdən çox az vaxt sonra respublikada ilk təsis olunan təşkilatlardan birinin də Qaradağ rayon təşkilatı olduğunu bildirdi: "Həmin dövr hakimiyyətdə olan qüvvələrin Yeni Azərbaycan Partiyasının yerlərdə təşkilatlanma işinə nə qədər çətinliklər yaratmasına baxmayaraq bu missiya xalqın istək və arzularının tərənnümü olduğu üçün sarsılmadı. Çünki həmin vaxtlar ölkədə olan proseslər fonunda cəmiyyət onu doğru yolla işıqlı gələcəyə aparacaq Yeni Azərbaycan Partiyasının ətrafında cəm olmağı özünün başlıca amalı kimi qəbul etmişdi. O vaxtlar bir sıra partiyalar meydana çıxsa da onlara ictimai dəstəyin olmaması ucbatından arxivə keçməli oldular. YAP isə zamanın bütün sınaqlarından üzü ağ çıxaraq xalq partiyasına çevrildi". A.Hüseynov Ulu Öndər Heydər Əliyev ideyalarının tərənnümçüsü olan YAP-ın bu gün cənab Prezident İlham Əliyevin Sədrliyi ilə günü-gündən qüvvətlənən öz iqtisadi-siyasi potensialını regionda, beynəlxalq arenada daha da möhkəmləndirən müstəqil Azərbaycana xidmət göstərdiyini vurğuladı.
Tədbirin sonunda YAP Qaradağ rayon təşkilatı tərəfindən partiya işində aktivlik göstərmiş bir qrup fəallara fəxri diplomlar təqdim edildi.
R.KAMALQIZI