PDF Oxu

Əsas

  • 18

Yeni Azərbaycan Partiyası davamlı inkişaf yolunda

Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi ilə bağlı Səbail rayon təşkilatı Xəzər dənizçiliyi ərazi ilk təşkilatında tədbir keçirilib

Yeni Azərbaycan Partiyası davamlı inkişaf yolunda

Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi ilə bağlı Səbail rayon təşkilatı Xəzər dənizçiliyi ərazi ilk təşkilatında tədbir keçirildi. Tədbiri Xəzər dənizçiliyi ərazi ilk təşkilatının sədri İzafət Məmmədov açaraq partiyanın yaranma tarixindən, inkişafından bəhs edərək Yeni Azərbaycan Partiyasının 20 il ərzində şərəfli yol keçdiyini vurğuladı: "Ötən 20 ildə Yeni Azərbaycan Partiyası mühüm hadisələr, qələbələrlə dolu, zəngin, şərəfli bir tarix yaşayıb, davamlı inkişaf yolu keçib. Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin ideyalarını rəhbər tutaraq xalqın sağlam qüvvələrini öz ətrafında birləşdirməklə, dövlətçiliyə və millətə xidmət göstərir. Bu gün hər bir partiya üzvü fəxr etməlidir ki, Yeni Azərbaycan Partiyasının üzvüdür. Çünki bu partiyanın gördüyü işlər böyükdür".

Yubiley mərasimində çıxış edən Xəzər Dəniz Gəmiçiliyi idarəsinin rəisi Aydın Bəşirov Yeni Azərbaycan Partiyasının şərəfli tarixi yola nəzər salaraq bildirib ki, tarixi zərurətdən yaranan YAP çətin və şərəfli yol keçməklə yanaşı, həm də siyasi-ictimai mühitdə kifayət qədər nüfuz qazanmış siyasi təşkilatdır: "Yeni Azərbaycan Partiyası çox böyük tarixi yol keçib. 1992-ci il noyabrın 21-də Naxçıvanda Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə partiyanın təsis konfransı keçirildi. O vaxtkı AXC-Müsavat hakimiyyətinin bütün maneçilik cəhdlərinə baxmayaraq, yaradılan YAP qısa müddət ərzində hakimiyyətə gəldi. Təbii ki, bu hadisə görkəmli dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyevin xalq arasında böyük nüfuzu sayəsində baş verdi. Azərbaycan dövlətinə və dövlətçiliyə sadiq insanlar, müstəqilliyimizin bərpa olunmasında, ərazi bütövlüyümüzün qorunmasına, vətəninə, millətinə bağlı olan insanlar Yeni Azərbaycan Partiyasında təmsil olunurlar. Müstəqil Azərbaycanın inkişafı, iqtisadi-sosial və digər sahələrdə inkişaf proqramının işlənməsində YAP-ın tarixi, əvəzedilməz xidməti var".

Aydın Bəşirov onu da vurğuladı ki, hazırda ölkədə YAP-la rəqabət aparmağa qadir olan heç bir siyasi qüvvə yoxdur: "Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı İlham Əliyevin dediyi kimi, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, bütövlükdə, Cənubi Qafqazda ən böyük siyasi təşkilatdır. Azərbaycanın müasirləşməsi, yeniləşməsi istiqamətində həyata keçirilən siyasətdə YAP-ın özünəməxsus rolu var. Sıralarını günbəgün genişləndirən, alternativsiz siyasi qüvvəyə çevrilən YAP qarşıda duran vəzifələrin həlli istiqamətində də fəaliyyətini davam etdirir. Bir sözlə, partiyanın qurucusu Heydər Əliyevin dediyi kimi, "Yeni Azərbaycan Partiyası dünənin, bu günün, gələcəyin partiyasıdır".

Xəzər Dəniz Gəmiçiliyi idarəsinin rəisi onu da vurğuladı ki, ölkə Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının Sədri seçilməsi ilə partiyanın həyatında yeni mərhələ başladı: "Bu gün Ulu Öndərimizin yolunu ləyaqətlə davam etdirən ölkə Prezidenti İlham Əliyevin bütün fəaliyyəti Azərbaycanın tərəqqisinə, ölkədə demokratik dəyərlərin qorunmasına və inkişafına, xalqın rifah halının yaxşılaşdırılmasına, ölkəmizin qüdrətli dövlətlər sırasına çıxarılmasına yönəlmişdir. Ölkə rəhbərimiz Azərbaycanın inkişafı üçün bütün qüvvələrin, hər bir vətəndaşın səfərbər olması naminə olduqca səmərəli işlər görməkdədir".

Yubiley mərasimində "Professor Əziz Əliyev" gəmisinin kapitanı Faiq Məmmədov, gəmiçiliyin gənclərlə iş üzrə şöbəsinin müdiri Ülviyyə Quliyeva, gəmiçiliyini üzüçü heyət həmkarlar ittifaqı komitəsinin sədri Böyükağa Quliyev, Azərbaycan Dövlət Dəniz Akademiyası kitabxanasının müdiri Firəngiz Rzayeva, gəmiçiliyini MKTİ rəisi İlqar Orucov, İlham Allahverdiyev adına gəmi təmiri və gəmiqayırma zavodunun şöbə rəisi Məhəbbət Muradov müstəqilliyimizin ilk vaxtlarında ölkədə yaranan ictimai-siyasi durumda Azərbaycanın müstəqilliyini qorumaq və möhkəmləndirmək üçün siyasi partiyanın vacibliyini vurğulayıblar. Çıxışlarda qeyd olundu ki, milli müstəqilliyimizin möhkəmləndirilməsi, sosial-iqtisadi və demokratik islahatların aparılması yolunda mövcud uğurlar Yeni Azərbaycan Partiyasının fəaliyyətinin bəhrəsidir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər