Nərimanov rayonunda YAP-ın yaranmasının 20 illiyinə həsr olunmuş konfrans keçirilib
YAP Nərimanov rayon təşkilatı partiyanın yaranmasının 20 illiyinə həsr olunan tədbirləri davam etdirir. Dünən növbəti tədbir YAP Nərimanov rayon təşkilatının Gənclər və İdman Nazirliyi ilk ərazi təşkilatında keçirilib. Partiyanın yaranmasının 20 illiyi münasibətilə keçirilən konfransı giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatı Gənclər və İdman Nazirliyi ilk ərazi təşkilatının sədri Əli Məmmədov Yeni Azərbaycan Partiyasının bu gün nəinki Azərbaycanın, eləcə də, Cənubi Qafqaz regionunun ən böyük siyasi təşkilatı olduğunu söyləyib. Natiq YAP-ın ən nüfuzlu siyasi qüvvəyə çevrilməsində Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb: "Xalqımızın dahi oğlu Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində YAP-ın təsis konfransı keçirilib və bir neçə aydan sonra bu siyasi qurum ilk böyük uğurunu qazanıb, YAP-ın Sədri ölkə Prezidenti seçilib".
Ə.Məmmədov onu da bildirib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi xətti bu gün partiyanın Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çıxış edən "Hərbi and" qəzetinin redaktoru Elnurə Qarayeva Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu YAP-ın hər zaman gənclərə xüsusi diqqət və qayğı ilə yanaşdığını, onlara öz potensiallarını ortaya qoymaq üçün lazımi şərait yaratdığını söyləyib.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirməsi İctimai Birliyinin sədri Emin Həsənli isə Azərbaycanın ictimai-siyasi həyatında mühüm rola malik olan Yeni Azərbaycan Partiyasının hər zaman dövlətimizin inkişafı ilə bağlı məsələlərdə fəallığı ilə seçildiyini qeyd edib: "Bu mənada, YAP Gənclər Birliyinin üzvləri də hər zaman milli maraqlarımızın qorunması, inkişaf etdirilməsi işində fəallıq nümayiş etdirirlər".
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə gənclər və idman sahəsində həyata keçirilən siyasət barədə ətraflı danışıb: "YAP-ın qurucusu, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda yenidən siyasi hakimiyyətə gəlməsindən sonra Azərbaycan gerçək müstəqilliyinə qovuşdu. Bununla da ölkəmizdə bütü sahələr, o cümlədən, Ulu Öndərin əsasını qoyduğu gənclərə diqqət və qayğı siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xüsusi olaraq vurğulamaq istərdim ki, ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2007-ci ilin "Gənclər ili" elan etməsi Azərbaycan dövlətinin gənclərə göstərdiyi qayğının bariz nümunəsidir. Bu gün Azərbaycan həm də idman sahəsində uğurlu inkişaf yolunu keçməkdədir. İdmançılarımızın London Olimpiya Oyunlarındakı uğurlu çıxışları bunu bir daha sübut etdi".
Konfransda çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev qeyd etdi ki, tarixi zərurətdən yaranan YAP çətin və şərəfli yol keçməklə yanaşı, həm də ictimai-siyasi arenada kifayət qədər nüfuz qazanmış siyasi təşkilatdır: "İctimai-siyasi proseslərin kifayət qədər mürəkkəb, keşməkeşli axarda cərəyan etdiyi bir vaxtda dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də təsis edilən Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin gələcək taleyini müəyyənləşdirən və əsas qüvvəyə çevrilən siyasi təşkilat oldu. Tarixi zərurətdən yaranan partiya ötən 20 ildə xalqa xidmət missiyasını şərəflə yerinə yetirmişdir".
T.Tağıyev bildirib ki, bu gün partiyanın böyük nüfuza malik olması onun yaradıcısı Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır: "Bölgənin aparıcı siyasi qüvvəsinə çevrilən YAP-ın sıralarının günbəgün artması Heydər Əliyev ideyalarına sədaqətin, həyata keçirilən siyasətin gələcəyinə inamın göstəricisidir. Bu gün bu siyasət möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir".
Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.
RƏFİQƏ