İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda Yeni Azərbaycan Partiyasının (YAP) 20 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP-ın yaranma tarixi, inkişaf mərhələləri, ölkəmizin ictimai-siyasi həyatındakı xidmətləri barədə məlumat vermiş, 20 il ərzində qazanılan uğurlardan, ölkəmizin milli ideologiyasının formalaşmasındakı müstəsna rolundan bəhs etmiş, partiyanın ölkəmizin inkişafı naminə həyata keçirdiyi tədbirlərin əhəmiyyətini xüsusilə vurğulamışdır.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin şöbə müdiri Firudin Vəliyev 20 illik şərəfli yol keçən YAP-ın Azərbaycan tarixinin ağır və kəşməkəşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaradıldığını vurğulamışdır. Şöbə müdiri 20 il ərzində YAP-ın güclü siyasi təşkilat olaraq formalaşdığını, Vətənimizin tərəqqisi naminə genişmiqyaslı fəaliyyətini qeyd etmiş, son dövrlərdə gənclərin partiyaya marağının yüksəldiyini diqqətə çatdırmışdır.
AzərTAc