PDF Oxu

Əsas

  • 35

“Baku” jurnalı dünyanın aparıcı mətbu orqanlarından biridir “Four Seasons Hotel Baku”nun açılışına və “Baku” jurnalının nəşrinin 5 illiyinə həsr olunmuş tədbir keçirilib

“Baku” jurnalı dünyanın aparıcı mətbu orqanlarından biridir “Four Seasons Hotel Baku”nun açılışına və “Baku” jurnalının nəşrinin 5 illiyinə həsr olunmuş tədbir keçirilib

Noyabrın 17-də Bakıda beşulduzlu "Four Seasons Hotel Baku"nun açılışına və "Baku" jurnalının nəşrinin 5 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının təsisiçisi və baş redaktoru Leyla Əliyeva iştirak edib. Tədbirdə xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin nümayəndələri, yerli və xarici media mənsubları, tanınmış iş adamları, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan "Four Seasons Hotel Baku"nun baş meneceri Tarek Murad nadir memarlıq həlli ilə diqqəti cəlb edən "Four Seasons" otellər şəbəkəsi fərdi üslubu, yüksək keyfiyyəti və çoxsaylı xidmət növləri ilə fərqləndiyini diqqətə çatdırıb. O bildirib ki, klassik və müasir dizaynı ilə seçilən Bakı kompleksində beynəlxalq və milli-memarlıq üslubu peşəkarlıqla uzlaşdırılıbdır.

"Four Seasons Hotel Baku"nun orijinallığını artıran və daha çox diqqəti cəlb edən amillərdən biri də dizayn zamanı milliliyin diqqətdə saxlanılmasıdır. Təsadüfi deyildir ki, "Four Seasons Hotel Baku"nun bütün zallarına və toplantı otaqlarına ecazkar Azərbaycan muğamlarının adları verilibdir. Burada "Segah" adlı 500 nəfərlik böyük ziyafət zalı yaradılıbdır. Bu zalda xüsusi mərasimlər və tədbirlər keçirmək mümkündür. Belə mərasimlərin keçirilməsi üçün oteldə həcmcə daha kiçik bir zal - 390 nəfərlik "Rast" zalı da fəaliyyət göstərir. Otelin "Şur", "Çahargah", "Bayatı Şiraz", "Hümayun", "Şüştər" otaqlarında müxtəlif işgüzar görüşlərin keçirilməsi üçün bütün şərait yaradılıbdır.

Məşhur "Four Seasons" otellər şəbəkəsinin dünyada sayca 90-cı oteli "Four Seasons Hotel Baku" 27 lüks və yüksək səviyyəli qonaqlar üçün nəzərdə tutulan 2 nömrə də daxil olmaqla, ümumilikdə, 171 geniş otaqdan ibarətdir. Klassik interyeri, göz oxşayan rəng çalarları və gözəl balkonları ilə diqqəti çəkən otaqlar yüksək texnologiya ilə təchiz olunmuşdur. Otaqların əksəriyyətindən Bakının və Xəzər dənizinin füsunkar mənzərəsini seyr etmək mümkündür. Burada müxtəlif zövqlərə uyğun nömrələrlə yanaşı, müştərilərə zəngin əyləncə növləri də təklif edilir.

Sonra qonaqlar nəşrə 2007-ci ildə Moskvada rus dilində başlayan "Baku" jurnalının 5 illiyinə həsr olunmuş fotosərgi ilə tanış olublar. Sərgidə məşhur fotoqrafların Bakının dəbini və müasir üslubunu təcəssüm etdirən fotoları nümayiş olunur.

Ötən beş ildə jurnal dünyanın aparıcı mətbu orqanlarından birinə çevrilib və çoxsaylı oxucu marağına səbəb olubdur. Bu müddət ərzində jurnalın dünyanın bir çox ölkələrində təqdimatları keçirilibdir. Jurnalda Azərbaycanın tarixi, mədəniyyəti, dünəni və bu günü haqqında maraqlı materiallar dərc olunmaqdadır. Əsas məqsədlərindən biri ölkəmizi daha geniş coğrafiyada tanıtmaqdan ibarət olan "Baku" jurnalı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm layihələrə imza atır.

Tədbir yerli və xarici rəqs qruplarının, musiqi kollektivlərinin iştirakı ilə hazırlanmış geniş konsert proqramı ilə davam edib.

NƏZAKƏT

Digər xəbərlər