Dünən Bakıda "Gülüstan" sarayında Yeni Azərbaycan Partiyasının üzv olduğu 21 partiyanın birləşdiyi Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyası öz işinə başladı. Qeyd edək ki, İCAPP-ın daxili Nizamnaməsinə əsasən, assambleyalararası dövrlərdə qurumun Daimi Komitəsinin müxtəlif ölkələrdə hazırlıq və proqram tərtib etmək məqsədi ilə iclasları keçirilir. Cari ilin iyun ayında Bakı şəhərində Baş Assambleyaya hazırlıq məqsədilə keçirilən İCAPP-ın Daimi Komitəsinin 17-ci iclasında isə qurumun VII Baş Assambleyasının 2012-ci ilin noyabr ayının 22-23-də Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi qərara alınıb.
İki gün davam edəcək Baş Assambleyada "Asiyada təhlükəsizlik, sülh və əməkdaşlıq" mövzusunda müzakirələr aparılacaqdır. Tədbirdə 35 ölkədən 211-dən çox nümayəndə iştirak edir. Baş Assambleya çərçivəsində, həmçinin, gənc liderlərin siyasi proseslərdə iştirakı, siyasətçi qadınların cəmiyyətin həyatında yeri və digər məsələlər də müzakirə olunacaqdır.
Tədbir Azərbaycanın tarixindən, mədəniyyətindən, turizm imkanlarından, təbii sərvətlərindən, ölkə iqtisadiyyatının sürətli inkişafından, eləcə də, torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından bəhs edən filmin nümayişi ilə başladı.
Əli Əhmədov: "Müasir inkişaf edən dünyanın bir parçası olaraq Azərbaycan öz inkişafı ilə bütövlükdə bəşəri inkişafa öz töhfələrini
verməkdədir"
Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının 7-ci Baş Assambleyasının Bakıda keçirilən toplantısında Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov çıxış edərək böyük məsafə qət edib ölkəmizə gəlmiş qonaqları salamlayaraq, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının 7-ci Baş Assambleyasının işinə uğurlar arzuladı. Qeyd etdi ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı gözlərimizin önündə sürətlə, böyük dinamika ilə inkişaf edərək müasir dünyamızın çox mötəbər siyasi və ictimai təşkilatlarından birinə çevrilməkdədir: "Təkcə Asiya regionunun, dünyanın böyük bir qitəsinin siyasi problemləri ilə deyil, həm də bütövlükdə, beynəlxalq problemlərin aktual məsələləri ilə ciddi şəkildə məşğul olan Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı son illərdə, bütövlükdə, beynəlxalq məsələlərin həll olunmasına öz əhəmiyyətli və müsbət töhfəsini verməkdədir. İnsani və təbii resursları ilə dünyanın ən böyük regionu olan Asiya qitəsi dövlətlərinin dinamik inkişafı yaşadığımız dünyanın əlamətdar hadisəsi sayıla bilər. Bu regionun sürətli inkişafı bütün dünyanın iqtisadi və siyasi mənzərəsini dəyişməkdədir".
Əli Əhmədov bildirdi ki, Azərbaycan 21 ildir özünün dövlət müstəqilliyini bərpa edib: "Qısa müddət olmasına baxmayaraq, Azərbaycan bu illər ərzində sürətli inkişaf nümayiş etdirə bilib. Həyatımızın bütün sferalarında çox əhəmiyyətli dəyişikliklər baş verib. Bu illər ərzində Azərbaycanın iqtisadiyyatı 3 dəfədən çox artıb. Son 8-9 il ərzində ölkəmizdə yoxsulluq həddi 50 faizdən 5-6 faizə qədər endirilib. Hər il ölkəmizdə 100 minlərlə yeni iş yerləri açılıb. Ölkəmiz böyük dinamika ilə yeniləşir, müasirləşir. Müasir inkişaf edən dünyanın bir parçası olaraq, Azərbaycan öz inkişafı ilə, bütövlükdə, bəşəri inkişafa öz töhfələrini verməkdədir. Bunlar müstəqil, gənc Azərbaycan dövlətinin reallıqlarının əhəmiyyətli bir hissəsini təşkil edir. Eyni zamanda, Azərbaycanın bugünkü həyatının bir reallığı da ondan ibarətdir ki, 20 ildən artıqdır ki, torpaqlarımızın 20 faizi işğal edilib, bir milyondan çox soydaşımız qaçqın və köçkün vəziyyətinə düşüb, bu günə qədər də bu problem öz həllini tapmayıb. Bu, həm də onu göstərir ki, indiki halda, müasir dünyamızda bütün beynəlxalq təşkilatlar kimi, öz rolunu və əhəmiyyətini getdikcə artıran Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı həll olunmamış ədalətsiz münaqişələrin ədalətsiz nəticələrinin aradan qaldırılması işinə özünün əhəmiyyətli töhfələrini verməlidir".
YAP Sədrinin müavini Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının işində müəyyən irəliləyişlərin təmin edilməsi üçün bəzi təkliflərin səsləndirilməsinə zərurət olduğunu vurğuladı: "Bu yaxınlarda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Gənclər Təşkilatı yaradılıb. Hesab edirəm ki, əhalisinin tərkibində gənclərin yüksək faiz təşkil etdiyi bu regionda belə bir təşkilatın yaradılması böyük əhəmiyyət kəsb edir. Düşünürəm ki, Gənclər Təşkilatının işinə yüksək dinamika vermək məqsədilə Asiya Ölkələri Gənclərinin Forumunun keçirilməsi də maraqlı təşəbbüs olardı. Yeni Azərbaycan Partiyası olaraq, belə bir Forumun yaxın zamanlarda Azərbaycanda YAP-ın təşkilatçılığı ilə keçirilməsi təklifini irəli sürürük. İnanıram ki, Baş Assambleyanın iştirakçıları bu təklifə diqqətlə yanaşacaqlar. Digər bir məsələ Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar Təşkilatının yaradılması ilə əlaqədardır. Hesab edirəm ki, bu, region üçün, bizim ölkələrimiz üçün qadınların fəallığının artırılmasına xidmət edəcək Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar Təşkilatının yaradılmasına çox böyük ehtiyac var. Bu konfrans çərçivəsində qadınların iştirakı ilə toplantının keçirilməsi nəzərdə tutulub. Hesab edirəm ki, bu konfrans çərçivəsində Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar Təşkilatının yaradılması ilə bağlı müvafiq qərar qəbul oluna bilər."
YAP Sədrinin müavini Əli Əhmədov, həmçinin, qeyd etdi ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Nizamnaməsinə uyğun olaraq və formalaşmış ənənəyə əsasən Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasının Sədri seçilir. İCAPP VII Baş Assambleyasına Sədrlik səlahiyyətləri Prezident İlham Əliyevə verildi.
Sədrlik səlahiyyətlərini rəmzi olaraq qəbul edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev dövlətimizin başçısı İlham Əliyevin tədbir iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxudu. Məktubda deyilirdi ki, Asiyada təhlükəsizlik, sülh və əməkdaşlıq mövzusuna həsr olunmuş bu tədbirin Bakıda keçirilməsi Azərbaycanın regionda artan nüfuzunun və ona olan etimadın göstəricisidir: "Asiya və Okeaniyanın 300-dən çox siyasi partiyasını birləşdirən bu mötəbər qurum ölkələrimiz arasında əməkdaşlığı inkişaf etdirmək üçün uğurlu platformadır. Bu baxımdan, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının müasir dünyamızı düşündürən aktual çağırışlara xüsusi diqqət yetirməsini təqdirəlayiq hal hesab edirəm."
Məktubda, həmçinin, qeyd olunurdu ki, qloballaşan dünyamızın müasir siyasi mənzərəsinin formalaşmasında Asiya regionu ölkələrinin rolu və əhəmiyyəti gündən-günə artır. Hazırda Asiya dünyanın iqtisadi mərkəzinə çevrilməkdədir. Aparıcı Asiya dövlətlərinin dinamik inkişafının kökündə dayanan yeni iqtisadi modellərin öz təsdiqini tapması dünya iqtisadi sisteminin əsas meyillərini təşkil edir. Müasirləşən Asiya zəngin mədəniyyəti, nəhəng iqtisadi potensialı və insan resursları ilə bəşəriyyətin gələcək taleyinin müəyyən edilməsinə böyük töhfə verir. Elə dövlət müstəqilliyinin 21-ci ildönümünü böyük iqtisadi və sosial yüksəlişlə qeyd edən Azərbaycan da iqtisadi inkişafın "Azərbaycan modelini" yaratmağa nail olmuşdur.
Məktbuda dövlətimizin xarici siyasətinin prioritet məsələsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət yönəldilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanın üzləşdiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həll edilməməsi regionda iqtisadi sabitliyə, təhlükəsizliyə, əməkdaşlığa və inkişafa maneçilik törədən əsas amillərdəndir. Münaqişənin həlli ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi, BMT Baş Məclisinin, ATƏT-in, Avropa Şurasının, NATO-nun, Avropa Parlamentinin, İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq təşkilatların qərar və qətnamələri vardır. Ermənistan isə bütün bunlara məhəl qoymur. Bu səbəbdən də, bölgədə davamlı sülh və təhlükəsizlik üçün ən böyük təhlükə olan bu münaqişənin beynəlxalq hüquq çərçivəsində danışıqlar yolu ilə ədalətli həlli istiqamətində Azərbaycanın göstərdiyi səylər nəticəsiz qalmışdır. Məktubda bu inam ifadə edilmişdir ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyası çərçivəsində beynəlxalq aləmdə təhlükəsizlik, sülh və əməkdaşlığın təmin olunması və möhkəmlənməsi üçün səmərəli fikir mübadiləsi aparacaq, mühüm qərarlar qəbul ediləcək.
Daha sonra BMT-nin baş katibi Pan Gi Munun Baş Assambleyaya ünvanlanmış videomüraciəti nümayiş etdirildi. Baş Assambleyanın işinə müvəffəqiyyətlər arzulayan BMT-nin baş katibi bildirdi ki, Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı müsbət hal kimi dəyərləndirilir.
Xose de Venesia: "Dahi şəxsiyyət Heydər Əliyevin düzgün qurduğu siyasi xəttinin cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi
uğurların miqyasının genişləndirilməsinə öz müsbət təsirini göstərir"
Filippin parlamentinin sabiq spikeri, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsinin həmsədri Xose de Venesia Bakıya ilk gəlişinin ötən il Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda beynəlxalq konfransla əlaqədar olduğunu diqqətə çatdırdı.
Həmin səfərindən öncə ölkəmiz haqqında müəyyən qədər məlumata malik olduğunu vurğulayan Xose de Venesia qeyd etdi ki, səfərindən sonra təəssüratlarını daha da zənginləşdirmək imkanı əldə edib, Azərbaycan haqqında az məlumata malik olduğunu müəyyənləşdirib. O, çıxışında bu fikri də xüsusi vurğuladı ki, məktəb illərində Cənubi Qafqaz bölgəsi barədə müəyyən məlumata malik imiş. Amma bu gün böyük fəxrlə deyir ki, Azərbaycan Cənubi Qafaz bölgəsinin ən dinamik inkişaf edən, bu regiona böyük uğur gətirən ölkəsidir: "Azərbaycan ötən dövr ərzində çox əhəmiyyətli uğurlara imza atıb. Dahi şəxsiyyət Heydər Əliyevin düzgün qurduğu siyasət ölkənizin bütün sahələrdə böyük inkişaf yolu keçməsinə zəmin yaradıb. Bu gün onun siyasi xəttinin cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi uğurların miqyasının genişləndirilməsinə öz müsbət təsirini göstərir. Prezident İlham Əliyevin rəhbərliyi altında əldə olunan uğurlar Azərbaycanı dünyada tanıdır. Azərbaycan müasir dövlətdir. Ölkəniz sürətlə inkişaf edir. Azərbaycanda Avropa və Asiya dəyərləri bir araya gəlib. Ölkəniz güclü iqtisadiyyata malikdir. Yoxsuluğun səviyyəsinin aşağı düşməsi uğurlu sosial-iqtisadi siyasətin nəticəsidir. Bu uğurların fonunda Prezident İlham Əliyevi təbrik edir, Ona uğurlar arzulayıram".
Xose de Venesia təsisçisi olduğu qurum haqqında da geniş məlumat verdi. Bildirdi ki, qurumun bütün siyasi partiyaları bir araya gətirməsi müsbət haldır.
Sonra Çin Xalq Siyasi Məsləhət Konfransının vitse-prezidenti və Katibliyinin üzvü Du Qinglin, Kamboca Baş nazirinin müavini və Kamboca Xalq Partiyasının lideri Sok An, Banqladeşin sabiq prezidenti, Jatiyo Partiyasının sədri Hussain Muhammad Erşad, Nepalın sabiq baş naziri, Nepal Kommunist Partiyasının lideri Madhav Kumar Nepal çıxış edərək, konfransın əhəmiyyətindən geniş bəhs etdilər.
Belçikanın sabiq baş naziri, Avropa Xalq Partiyasının sədri Uilfrid Martinsin videomüraciəti nümayiş etdirildi. V.Martins Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının siyasi partiyaları özündə birləşdirən yeganə beynəlxalq qurum olduğunu önə çəkərək, təşkilatın qarşıya qoyduğu məqsədlərə birgə səylər əsasında nail olacağına inamını ifadə etdi.
Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının baş katibi və Daimi Komitəsinin həmsədri Çanq Eui-Yonq Daimi Komitənin 18-ci iclasında qəbul olunan qərarları və qurumun 2011-2012-ci illər üçün əsas fəaliyyəti ilə bağlı hesabatı təqdim etdi.
Sonra qurumun VII Baş Assambleyası işini sessiyalar üzrə davam etdirdi.
Tədbir iştirakçıları Azərbaycan haqqında müsbət fikirlər söyləyərək bu ölkənin, həqiqətən də, regionda lider dövlət olduğunu bildirdilər. Qonaqlar, eyni zamanda, xoş təəssuratlarını bölüşdürdülər.
Joze de Venecia: "Azərbaycandan bu qədər çox partiyanın iştirak etməsi göstərir ki, Azərbaycanda çoxpartiyalı demokratiya qurulub"
"Azərbaycan yetkin demokratiya qurub". Bunu Flippin parlamentinə 5 dəfə sədr seçilmiş, konfransın təsisçilərindən olan Joze de Venecia söylədi. Joze de Venecia bildirdi ki, Avropa və Asiya arasında yerləşən Bakının strateji əhəmiyyəti var: "Azərbaycanda bu qədər çox partiyanın konfransın işində iştirak etməsi göstərir ki, Azərbaycanda çoxpartiyalı demokratiya qurulub. Prezident İlham Əliyev Heydər Əliyevin siyasətini uğurla davam etdirir, işsizlik 7 faizə enib. Bu, böyük uğurdur. Azərbaycanda neft-qaz resursları uğurla istifadə olunur". O, qeyd etdi ki, Azərbaycan bu gün Qafqazı dünyaya başqa cür təqdim edir: "Bu, Azərbaycanın, Qafqaz dağlarının təsiridir".
Du Çinlin: "Hər bir xalq başqa-başqa xalqların suveren, ərazi bütövlüyünə, dəyərlərinə hörmət etməklə bölgədə sülhü və təhlükəsizliyi
təmin edə bilər"
Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi Du Çinlin çıxışında qeyd edib ki, müxtəlif ölkələrin partiyaları diskussiyaları gücləndirərək regional və qlobal problemlərin həlli yollarını tapmalıdır. O dedi ki, hər bir xalq başqa-başqa xalqların suveren, ərazi bütövlüyünə, dəyərlərinə hörmət etməklə bölgədə sülhü və təhlükəsizliyi təmin edə bilər: "Ona görə də siyasi partiyalar arasında dialoq gücləndirilməlidir".
Hüseyn Məhəmməd Ərşad: "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində sülh və təhlükəsizlik məsələləri çox mühüm yerlərdən
birini tutur"
Banqladeşin keçmiş prezidenti, həmin ölkənin siyasi partiyalarından birinin rəhbəri olan Hüseyn Məhəmməd Ərşad isə dahi Azərbaycan şairi Nizami Gəncəvidən danışıb: "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində sülh və təhlükəsizlik məsələləri çox mühüm yerlərdən birini tutur. Biz onun əsərlərini oxuduqca çox təsirlənirik və sülh-təhlükəsizlik məsələlərinin həllində ondan ruhlanırıq, istifadə edirik". Sonda konfrans iştirakçılarına ziyafət verildi.
RƏFİQƏ KAMALQIZI