Dünən Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov Serbiya Sosial Demokratik Partiyasının sədri, Baş nazirin müavini, xarici və daxili ticarət və telekommunikasiyalar naziri Rasim Lyayiçin başçılıq etdiyi nümayəndə heyəti ilə partiyanın mənzil-qərargahında görüşdü.
Əli Əhmədov Azərbaycan ilə Serbiya arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini bildirdi: "Əlaqələrimiz təkcə hökumətlər arasında deyil, hakim partiyalar arasında da inkişaf edir. Bir neçə ay əvvəl partiyalarımız arasında əməkdaşlığa dair sənəd imzalanmışdır. Ötən müddət ərzində hər iki partiyanın münasibətlərində xeyli inkişaf müşahidə edilmişdi. Partiyalar arasında da əlaqələrin genişlənməsi hər iki tərəfin maraq dairəsindədir. Çünki bu əlaqələr dövlətlərarası və hökumətlərarası münasibətlərin inkişafına da müsbət təsir göstərir".
Ə.Əhmədov onu da vurğuladı ki, Serbiya nümayəndə heyəti Azərbaycana çox vacib missiya ilə gəlmişdir: "Bu gün iqtisadi, siyasi, humanitar və digər sahələrdə münasibətlərimizin inkişafı çox vacibdir. Bu münasibətlərin daha da genişlənməsi üçün geniş imkanlar var və bu imkanlardan səmərəli istifadə olunmalıdır".
Rasim Lyayiç hər iki partiya arasında əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluğunu ifadə etdi: "Azərbaycana səfərimiz çərçivəsində Prezident İlham Əliyevlə və digər rəsmi şəxslərlə məhsuldar görüşlər keçirmişik. Siyasi əlaqələrimiz yüksək səviyyədədir, amma bu əlaqələrin digər sahələrdə inkişafına maraqlıyıq. Son 3 il ərzində dövlətlərimiz arasında 20-dən çox sənəd imzalanmışdır. Ən mühüm sənəd isə gələn ilin fevralında imzalanacaq strateji tərəfdaşlıq haqqında saziş olacaqdır. Bu saziş əlaqələrimizin digər sahələrdə də inkişafına müsbət təsirini göstərəcək".
Görüşdə Azərbaycan ilə Serbiyanın beynəlxalq müstəvidə də yaxından əməkdaşlıq etdiyi, bir sıra məsələlərdə, xüsusilə, ərazi bütövlüyü məsələsində mövqelərimizin üst-üstə düşdüyü qeyd olundu.
R.Lyayiç Azərbaycan tərəfinə Serbiyanın ərazi bütövlüyünü dəstəklədiyinə, Kosovonun müstəqilliyini tanımadığına görə minnətdarlıq etdi. Serbiya Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə dəstək verdi. Həmçinin, belə dəstəyi bir sıra beynəlxalq məsələlərdə Azərbaycandan görmüşük. Qonaq, eyni zamanda, bildirmişdir ki, Serbiya da Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır.
İqtisadi əməkdaşlığa da böyük önəm verildiyini deyən R.Lyayiç səfər çərçivəsində Azərbaycan - Serbiya biznes forumunun keçirildiyini xatırlatdı. Onun sözlərinə görə, bu forumda Serbiyanın 25 şirkətinin nümayəndələri iştirak etmişdir. Azərbaycanın 70-dən çox şirkəti Serbiya ilə iqtisadi-ticarət əlaqələrinin inkişafında maraq göstərmişdir. Bu amil də iqtisadi sahədə əlaqələrin daha da inkişafına təsirini göstərəcək.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparıldı. Görüşdə YAP İcra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov və Mübariz Qurbanlı iştirak etdilər.
RƏFİQƏ