Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasın gündəliyinə "Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında" və büdcə zərfinə daxil olan "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2013-cü il üçün ehtiyac meyarının həddi haqqında", "Azərbaycan Respublikası Milli Məclisinin 2013-cü il üçün xərclər smetası haqqında" və "Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü il üçün xərclər smetası haqqında" qanun layihələri daxil edilmişdir.
Milli Məclisin sədri Oqtay Əsədov 2013-cü ilin dövlət büdcəsinin layihəsinin parlamentdə müzakirəsi zamanı 75 deputatın çıxış etdiyini, bir sıra rəy və təkliflərin irəli sürüldüyünü bildirdi: "Hökumət deputatların qaldırdıqları məsələləri bir daha müzakirə etdi və gələn ilin əsas maliyyə sənədinə bəzi dəyişikliklər olundu".
Sonra maliyyə naziri Samir Şərifov çıxış edərək, 2013-cü ilin dövlət büdcəsinin gəlir və xərclər hissəsinə edilən dəyişiklikləri deputatların diqqətinə çatdırmışdır: "Büdcə layihəsinin müzakirəsi zamanı deputatların səhiyyə sisteminin, əsasən də, xüsusi təyinatlı səhiyyə müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, dövlət büdcəsindən siyasi partiyalara ayrılan maliyyə vəsaitinin artırılması və s təklifləri bir daha nəzərdən keçirildi. Hökumət həmin təkliflərin bəzilərini müsbət qarşıladı və dövlət büdcəsinin gəlir və xərclər hissəsində dəyişikliklər olundu. Belə ki, Azərbaycan Respublikasının 2013-cü il üçün dövlət büdcəsinin gəlirləri 5 milyon manat artırılaraq, 19 milyard 159 milyon manata, büdcəsinin gələn il üçün xərcləri 40 milyon manat artırılaraq 19 milyard 850 milyon manata çatdırılmışdır. Dövlət büdcəsinin kəsiri isə 691 milyon manat olmuşdur. Eyni zamanda, icmal büdcənin gəlirləri artırılaraq 20 milyard 729 milyon manata, xərcləri isə 24 milyard 500 milyon manata çatdırılmışdır".
Sonra səsvermə keçirilmiş və Azərbaycan Respublikasının 2013-cü ilin dövlət büdcəsi 102 səs lehinə olmaqla təsdiq edildi.
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov çıxış edərək fondun 2013-cü il büdcəsi ilə bağlı məlumat verdi. Səsvermədən sonra Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsinin gəlir və xərcləri eyni olmaqla 2 milyard 632,7 milyon manat, yaşayış minimumu 116 manat, ünvanlı sosial yardımlar üçün nəzərdə tutulan ehtiyac meyarı isə 93 manat təsdiq olundu.
İclasda Azərbaycan Respublikası Milli Məclisinin və Hesablama Palatasının da xərclər smetası təsdiqləndi. Dövlət büdcəsində siyasi partiyaların maliyyələşməsi üçün nəzərdə tutulmuş vəsait artırılmışdır.
İclasda, həmçinin, gələn ilin dövlət büdcəsindən siyasi partiyalar üçün nəzərdə tutulmuş vəsaitin 500 min manat artırıldığı bildirildi. Bununla da büdcədən siyasi partiyaların maliyyələşməsi üçün nəzərdə tutulmuş vəsaitin 2 milyon 500 min manata çatdırıldığı vurğulandı. Sonda Milli Məclisin sədri Oqtay Əsədov bildirdi ki, parlament Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən sosial-iqtisadi siyasəti bundan sonra da dəstəkləyəcəkdir. Bununla da iclas öz işini başa çatdırdı.
RƏFİQƏ KAMALQIZI