"Bu gün dünya siyasətində Türkiyənin yeri və rolu getdikcə artmaqdadır. İqtisadi cəhətdən Türkiyə inkişaf etmiş 20 ölkə sırasında 15-16-cı yerləri bölüşür. Təbii ki, sürətli inkişafı Türkiyəni bölgənin faktorlarından birinə çevirib. Bu baxımdan, Rusiya prezidenti Vladimir Putinin Türkiyə səfəri və səfər zamanı aparılan müzakirələr böyük əhəmiyyət kəsb edir". Bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, Türkiyə bölgədəki proseslərə ciddi təsir etmək imkanına malikdir. Onun fikrincə, həmçinin, Türkiyə hökumətinin başçısı Rəcəb Tayyib Ərdoğan da dünya liderləri içərisində böyük nüfuz sahibdir.
"Tarixən Rusiya və Türkiyə arasında müəyyən problemlər olub, müharibələr baş verib. Lakin bu gün dünya dəyişib və Rusiya Türkiyənin bölgədə artan nüfuzu ilə hesablaşmaq məcburiyyətindədir. Türkiyənin coğrafi mövqeyi, iqtisadi potensialı, Rusiyanın dünya bazarına özünün karbohidrogen ehtiyatlarını çıxarmaq üçün Türkiyə üzərində keçmək istəyi qarşılıqlı yaxınlaşmaya gətirib çıxarıb. İki ölkə arasında viza rejiminin götürülməsi, ticarət dövriyyəsinin getdikcə artması, humanitar əlaqələrin yüksəlməsi də münasibətlərin inkişafına müsbət təsir göstərir"- deyə, YAP İcra katibinin müavini vurğulayıb.
M.Qurbanlı deyib ki, V.Putinin səfəri zamanı iqtisadi əlaqələrin inkişafı, münasibətlərin siyasi aspektləri, ən başlıcası Yaxın Şərqdəki vəziyyət müzakirə olunub. Fələstinin BMT-də müşahidəçi statusu almasını Türkiyə və Rusiya tərəfindən dəstəkləndiyini xatırladan millət vəkilinin sözlərinə görə, bununla belə Suriya məsələsində bu dövlətlərin mövqeləri fərqlidir.
"Danışıqların nəticəsi olaraq verilən açıqlamalardan görünür ki, bölgədəki proseslərə yanaşmada Türkiyə və Rusiya arasında hələ də uzlaşmayan məqamlar var. Xüsusilə Suriyanın gələcəyi ilə bağlı fikir birliyi yoxdur, amma görünən odur ki, Fələstin məsələsində fikir birliyi var. Eyni zamanda, Qafqazdakı vəziyyət, xüsusilə Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ problemi bu ölkələrin müzakirə etdiyi daimi mövzulardan biridir. Bütün bunlar V.Putinin Türkiyəyə səfərinin əhəmiyyətli olduğunu göstərir. Nəzərə alaq ki, Yaponiya baş naziri Rusiyaya səfərini V. Putinin səhhətində yaranmış problemə görə təxirə salmışdı. Amma Rusiya dövlət başçısının belə vəziyyətdə Türkiyəyə səfər etməsi bu ölkənin nüfuzundan xəbər verir. Hesab edirəm ki, bu səfər Rusiya -Türkiyə münasibətlərinin inkişafına müsbət təsir göstərəcək"- deyə, YAP İcra katibinin müavini qeyd edib.