Dünən YAP Qax rayon təşkilatı rayon icra hakimiyyəti ilə birgə Ulu Öndər Heydər Əliyevin anım gününü qeyd etdi. Mərasim iştirakçıları rayonun mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdi, önünüə tər gül-çiçək dəstələri düzərək, öz ehtiramlarını bildirdilər. Sonra partiya fəalları Heydər Əliyev muzeyində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən müxtəlif fotostend və eksponatlarla tanış oldular.
Qax rayon icra hakimiyyətinin iclas zalında davam edən anım mərasimini rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq, Ümummilli Liderin Azərbaycan tarixində, Azərbaycan dövlətçiliyinin təşəkkül tapmasındakı və inkişafındakı rolundan danışdı. Rayon rəhbəri böyük şəxsiyyət, müdrik lider, zəmanəmizin Ən Böyük Azərbaycanlısı Heydər Əliyevin zəngin və genişmiqyaslı fəaliyyətini bir neçə mərhələdə təhlil edərək, söylədi ki, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olub: "Ulu Öndər Heydər Əliyevin Azərbaycana siyasi hakimiyyətə qayıdışından sonra müstəqil dövlətimizin güclənməsinə və inkişafına nail olundu. Dahi Liderin xalqımız qarşısında göstərdiyi ən böyük tarixi xidmətlərdən biri də Onun müstəqil Azərbaycan dövlətinin əbədiyaşarlığını təmin etməsidir. Hər bir zaman ən yüksək və ən mötəbər kürsülərdə belə "Mən fəxr edirəm ki, Azərbaycanlıyam!" deyən Ümummilli Liderimiz Heydər Əliyev, Ən Böyük Azərbaycanlı idi. Ümummilli Liderimiz Azərbaycanın müstəqil bir dövlət kimi əbədi yaşamasını təmin etmək üçün onu möhtərəm Prezidentimiz İlham Əliyevə tapşırdı. Bu gün ölkəmizin gələcəyi və tərəqqisi naminə atılan addımlar, imzalanan sazişlər Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyev siyasi məktəbindən qaynaqlanır".
Tədbirdə YAP Qax rayon təşkilatı qadınlar şurasının sədri Şəkər Abdullayeva, rayon təşkilatının gənclər birliyinin sədri Elbrus Tağıyev, rayon təşkilatının şura üzvü Güllü Əhmədova, partiya fəalı Nizami Abdullayev və başqaları çıxış edərək, qeyd etdilər ki, Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən irəli sürülmüş bütün ideyalar bu gün Prezident İlham Əliyev tərəfindən uğurla reallığa çevrilməkdədir. Çıxış edənlər onu da bildirdilər ki, bu 9 il ərzində xalq öz Liderini bir an belə unutmayıb. Təbii ki, illər keçsə də, Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan naminə gördüyü işləri hər bir vətəndaş qürur hissi ilə xatırlayacaq.
Anım mərasiminin sonunda Ümummilli Lider Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş etdirildi.
RƏFİQƏ