PDF Oxu

Əsas

  • 21

“Freedom House” təşkilatının hesabatı subyektiv mülahizələr əsasında tərtib olunmuş raportdur

Əli Həsənov: “Bu hesabatlar daha çox bəzi anti-Azərbaycan meyilli Qərb dairələrindən maliyyələşən, ölkə daxilində onlar üçün saxta raportlar hazırlayan bir neçə qeyri-hökumət təşkilatlarının məlumatı əsasında tərtib olunmuşdur və bunların Azərbaycanın rea

“Freedom House” təşkilatının hesabatı subyektiv mülahizələr əsasında tərtib olunmuş raportdur

Azərbaycanın hərtərəfli inkişafı və beynəlxalq nüfuzunun artmasına qısqanclıqla yanaşan bəzi xarici dairələr, qurum və təşkilatlar ölkəmizin uğur və nailiyyət reallıqlarını qərəzli şəkildə təhrif etmək, onunla bağlı beynəlxalq aləmdə yanlış rəy formalaşdırmaq cəhdlərini davam etdirirlər. Bu kimi təşkilatlar ölkəmizdə əldə edilən inkişaf və tərəqqi amilinə qarşı bu kimi amillər çərçivəsində yanaşma tərzi göstərməklə, əslində, bir daha başqalarından tələb etdikləri "demokratiya dəyərlərindən" nə qədər uzaq olduqlarını nümayiş etdirirlər. Onu da qeyd edək ki, həmin təşkilatların dırnaqarası hesabatları öncəki hesabatlardan, demək olar ki, fərqlənmir və görünən də odur ki, bu hesabatlar hər dəfə rəflərə düzüldükdən sonra növbəti illərdə bir daha üzə çıxarılaraq, qərəzli qaydada ictimailəşdirilir.

Belə təşkilatlardan biri də "Freedom House"dur ki, adıçəkilən qurum dünyada insan haqları və azadlıqlarının vəziyyətinə dair növbəti illik "hesabatında" Azərbaycanla bağlı öncəkilərdən fərlənməyən fikirlər irəli sürüb. Və təbii ki, bu dəfə də təşkilat tərəfindən irəli sürülən iddialar heç bir reallığa söykənmir, özündə kifayət qədər qeyri-obyektiv və qərəz faktorunu ehtiva edir. Yuxarıda qeyd etdiyimiz kimi, "Freedom House"nin hesabatlarında Azərbaycan daim qara rəngdə təsvir olunur, baş vermiş müxtəlif hadisələr şişirdilir və guya Azərbaycanda insan haqlarının pozulmasını təsdiq edən "faktlar" kimi təqdim olunur.

Ancaq təəssüfedici məqamlardan biri də ondan ibarətdir ki, bu kimi təşkilatlara sapı özümüzdən olan baltalar da bir növ dəstək göstərirlər. Əlbəttə ki, belə məqamlarda qaranlıq məsələlərin mövcudluğunu da istisna etmək olmaz. Belə ki, "Freedom House" anti-Azərbaycan platformasında birləşmiş bəzi yerli QHT-lərin qərəzli iddialarını, subyektiv mülahizələrini yoxlamadan təkrarlayır və heç bir müstəqil araşdırma aparmadan öz yekun qənaətini yalnız bu "donoslar" əsasında formalaşdırır. Təsadüfi deyil ki, belə "hesabatlar" hətta tənqidi mövqeyi ilə seçilən hüquq müdafiəçilərinin narazılığına səbəb olur. Söz yox ki, araşdırılmamış ittihamların, "hesabatların" arxasında bəzi siyasiləşmiş yerli QHT rəhbərlərinin şəxsi mənfəətlərinin də dayanmasını istisna etmək olmaz.

Lakin daha acınacaqlısı da odur ki, uzun illərdən bəri beynəlxalq aləmin gözü qarşısında Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən təcavüzkar, terrorçu Ermənistan dövlətinin bu əməllərinə görə gözün üstündə qaşın var deyənlər tapılmır. Və nəyə görəsə, "Freedom House"yə qrantlar müqabilində "donoslar" yazan siyasiləşmiş QHT-lər bir dəfə də olsun Azərbaycanın haqlı tələbi barədə, qaçqın və köçkünlərimizin hüquqlarının pozulması haqda həmin təşkilata müraciətlər yazmırlar. Bu səbəbdən də, adıçəkiən təşkilat insan hüquq və azadlıqlarının vəziyyətinə görə Azərbaycanın "qeyri-azad", işğalçı Ermənistanı isə "qismən azad" ölkələr sırasına daxil edilməkdən çəkinmir. Başqa tərəfdən, burada daha bir amil mövcudluğunu sərgiləyir ki, bu da sözügedən təşkilatın mövqeyində ikili standartların və Azərbaycana qarşı antipatiyanın açıq təzahürü məsələsidir.

Devid Kramerin "Freedom House"yə rəhbər təyin olunması bu təşkilatın fəaliyyətinə xüsusi antiislam çaları gətirib.Məsələyə daha yaxından varsaq görərik ki, "Freedom House", əslində, belə davranışları ilə nəinki mənəvi, eləcə də, dini tolerantlıqdan nə qədər uzaq olduğunu sübut edir. Azərbaycanın müsəlman, Ermənistanın isə qeyri-müsəlman ölkəsi olması həmin təşkilatın işğalçı dövləti "qismən azad" ölkə kimi tanımasına gətirib çıxarıb. Bunu "Freedom House"nin 2011-ci ildə dünya ölkələrində internetin vəziyyəti ilə bağlı hesabatındakı təhrifində də görmək mümkündür. Təşkilat hətta Beynəlxalq Telekommunikasiya təşkilatının Azərbaycana dair statistikasını da məqsədli şəkildə təhrif edərək, fəaliyyətində demokatiyadan və azad fikirdən nə qədər uzaq olduğunu sübut edib.

Xatırladaq ki, "Freedom House" təşkilatının sənədlərində göstərilir ki, onun əsas məqsədi demokratik dəyişiklikləri təşviq etmək, dünyada azadlığın vəziyyətini müşahidə etmək və insan haqlarını qorumaqdır. Lakin artıq bir neçə ildir ki, "Freedom House" bu coğrafiyanı daraldaraq, xüsusilə, müsəlman ölkələrini əsas tənqid, qərəz hədəfinə çevirib. Ekspertlər düşünürlər ki, vaxtilə ABŞ Dövlət Departamentində yüksək vəzifə sahibi olmuş Devid Kramerin "Freedom House"yə rəhbər təyin olunması bu təşkilatın fəaliyyətinə xüsusi antiislam çaları gətirib.

Reallığı düzgün qiymətləndirən beynəlxalq dairələr "Freedom House"nin iddialarını qəbul etmirlər

İnsan hüquq və azadlıqlarının müdafiəsi, media azadlığı sahəsində ixtisaslaşan ekspertlər, QHT rəhbərləri hesab edirlər ki, təşkilatın Azərbaycanla bağlı iddiaları reallığı əks etdirmir, qeyri-ciddidir və xarici anti-Azərbaycan dairələrin sifarişinin məhsuludur. Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Freedom House" təşkilatının dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatını subyektiv mülahizələr əsasında tərtib olunmuş QHT raportu kimi dəyərləndirir.

"Əgər "Freedom House" üçün azad ölkə meyarı bir qrup məsuliyyətsiz insanların şəhərin mərkəzində qanunsuz aksiya keçirməsinə, anarxiya, xaos yaratmaq cəhdlərinə asayiş keşikçilərinin seyrçi mövqedə qalmasıdırsa, bu cəhdlərin qarşısının alınması ölkənin azadlıq reytinqini aşağı endirirsə, o zaman buyursun, Avropanın mərkəzi ölkələrində hüquq-mühafizə qüvvələrinin o tipli aksiyaçılara tutduğu divana qiymət versin. Bizim üçün xaos və anarxiyanın, məsuliyyətini itirmiş insanların daxili sabitliyi pozmaq, başqa insanların fəaliyyətinə mane olmaq və s. kimi qeyri-qanuni aksiyalarının qarşısının alınması qanunçuluğun tələbi və yerinə yetirilməsidir. O ki qaldı vətəndaşları təhqir edən, insanlara böhtan atan, qələm arxasına gizlənərək, min bir oyundan çıxan, reketçilik edən, xalqına və dövlətinə xəyanət edən "jurnalistin" cəzasız qalması bu gün Azərbaycan cəmiyyətinin istəyinə uyğun gəlmir".

PA rəsmisi bildirib ki, Azərbaycanda hər bir vətəndaş hansı peşə sahibi olmasından asılı olmayaraq, öz fəaliyyətinin məsuliyyətini dərk etməli və başqa insanların hüquq və azadlıqlarına hörmətlə yanaşmalıdır. Belə ki, onun fikrinə görə, hüquqi dövlətdə insan hüquqlarının balansı mövcuddur: "Bir insanın hüququ başqa birisinin hüququnun başlandığı yerdə bitir. Bizim Azərbaycan dövlətimizdə hüquqların balansını belə anlayırıq. O ki qaldı "Freedom House"un digər məsələlərlə bağlı hesabatında qeyd olunan məsələlərə - jurnalistlərin azadlığının məhdudlaşdırılması, internet azadlığının təhdid olunması, bloqqerlərin sıxışdırılması və həbsə alınması, həbsxanalardakı vəziyyətin dözülməz olması, məhbuslara işgəncələr verilməsi və s. ilə bağlı fikir və mülahizələrə, hesab edirik ki, onlar da subyektiv mülahizədən başqa bir şey deyil. Bu hesabatlar daha çox bəzi anti-Azərbaycan meyilli Qərb dairələrindən maliyyələşən, ölkə daxilində onlar üçün saxta raportlar hazırlayan bir neçə qeyri-hökumət təşkilatlarının məlumatı əsasında tərtib olunmuşdur və bunların Azərbaycanın real gerçəkliyi ilə heç bir əlaqəsi yoxdur".
"Bu, artıq Azərbaycan üçün oxunmuş bir mahnıdır"

Əli Həsənov "Freedom House" hesabatında xüsusi bir abzasla Bakı şəhərinin baş layihəsinə müvafiq olaraq bəzi yenidənqurma və köçürmə işlərinin mənfi qiymətləndirilməsinə də münasibət bildirib və qeyd edib ki, bu, artıq Azərbaycan üçün oxunmuş bir mahnıdır: "Bu tipli ittihamlar bizim üçün tanış böhtan və yalanlar üzərində qurulmuşdur. "Eurovision" müsabiqəsi zamanından başlayan bu kampaniyanın arxasında erməni lobbisi və bəzi anti-Azərbaycan dairələri dayanır. Məqsəd də guya insanların mülkiyyət hüququnun pozulduğunu şişirdərək, Azərbaycanın artmaqda olan müsbət imicinə zərbə vurmaq, Qərbdə onun dinamik inkişaf edən ölkə obrazını zədələmək, nüfuzuna xələl gətirməkdən ibarət idi".

Əli Həsənovun sözlərinə görə, Bakı şəhərindəki bütün bu yenidənqurma işləri və abadlaşdırma siyasəti Prezident İlham Əliyevin təşəbbüsü ilə insanlar və onların rifahının yüksəldilməsi, şəhərimizin abadlığı və gözəlliyi üçün həyata keçirilir: "Bakı şəhərinin baş planına uyğun olaraq daxili infrastrukturların genişləndirilməsi və yenidən qurulması, şəhərin əvvəlki illərdə pozulmuş ahənginin bərpası yüz minlərlə şəhər və on minlərlə məhəllə sakinlərinin rahat yaşayışının, gediş-gəlişinin təmin olunması və yaxşılaşdırılması üçün edilir. Təəssüf edirik ki, bu işdə bəzi ailələrin təbii olaraq başqa yerə köçürülməsindən qaçmaq da qeyri-mümkün olmuşdur. Lakin Azərbaycan Prezidenti cənab İlham Əliyevin xüsusi tapşırığı ilə köçürülməyə məruz qalan insanların hüquqları tam təmin olunmuşdur. Onlara daha münasib alternativlər, daha sərfəli evlər, yaxud müvafiq ödəmələr təklif olunmuş və həmin insanlar da bunu razılıqla qarşılamışlar. Əlbəttə, təbii olaraq köçürülənlərdən bir neçəsi ənənəvi yaşayış yerini tərk etmək istəmədiyi üçün narazı qalmışdır. Amma bunların sayı razı qalanların və Bakı şəhərində, həmin məhəllələrdə gələcək həyat şəraitini yaxşılaşdıranlarla müqayisədə çox cüzi idi".

PA rəsmisi vurğulayıb ki, Azərbaycanda minlərlə insan köçürülüb. Bunun içərisindən, əlbəttə ki, 3-5 narazı tapıb mətbuata, televiziyaya çıxartmaq olardı və bizim bəzi QHT-lərimizin dəstəyi ilə bir çox anti-Azərbaycan dairələr belə də edir: "Necə olur ki, on minlərlə köçürülən insanın içərisindən 3-5 nəfəri təkrar-təkrar, ayrı-ayrı Qərb dairələri, Qərb mətbuatı öz səhifəsinə çıxarır, müsahibələrini dərc edir və bunu da bu gün "Freedom House" öz hesabatına salır? Yaxşı olmazdımı ki, onlar bu arayışları hazırlayarkən köçürməyə cəlb olunmuş digər insanların və şəhər sakinlərinin də fikirlərini nəzərə alsınlar? "Freedom House"un hesabatını ümumiləşdirsək, bu hesabat, neçə illərdir ki, ardıcıl olaraq bir-birinin ardınca bəzi QHT-lərin hazırladığı raportlardan heç nə ilə fərqlənmir. Burada tək Azərbaycanın adı keçmir, bütün postsovet ölkələri bu siyahıya salınıb, guya bunların əksəriyyətində insan hüquqları və azadlıqları pozulur, məhdudlaşdırılır". Əli Həsənovun fikrinə görə, "mənfi qiymətləndirmənin əksər postsovet ölkələrinə aid olması onu göstərir ki, "Freedom House"un istifadə etdiyi metodologiya və yanaşma doğru deyil, "Freedom House"un əsaslandığı mənbələr subyektiv mülahizələrdən çıxış edir və o mənbələrin çoxu məqsədyönlü fondlardan maliyyələşən QHT-lərdir ki, onlar da Azərbaycanın mənfi imicinin formalaşdırılmasında maraqlıdırlar".

Nəticədə, bir daha belə qənaətə gəlmək mümkündür ki, bu kimi qərəzli təşkilatların məqsədləri yalnız qaralamaq kimi əməllərlə məşğul olmaqdan başqa heç nə deyil. Ancaq həqiqət hər zaman öz sözünü demişdir. Azərbaycan həqiqətlərinin gücü qarşısında isə "Freedom House" kimi cılız təfəkkürlü təşkilatların nəyə isə nail ola bilmələri inandırıcı və real görünmür.

RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər