Ümummilli Lider Heydər Əliyevin anım günü, respublikamızın hər bir yerində olduğu kimi, dünya ölkələrində də qeyd olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumata görə, dünya ölkələrində təşkil olunan tədbirlərdə Ulu Öndər Heydər Əliyevin dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi istiqamətindəki xidmətlərindən söz açılıb. Heydər Əliyevin apardığı uzaqgörən daxili və xarici siyasətin nəticəsində Azərbaycanın beynəlxalq arenada artan nüfuzu, güclü ölkəyə çevrilməsi diqqətə çatdırılıb.
Moskva
Dekabrın 12-də Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində ümummilli lider Heydər Əliyevin büstü önünə tər çiçəklər qoyulması mərasimi keçirilmişdir. Tədbirdə səfirliyin, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin, Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) əməkdaşları iştirak etmişlər.
Elə həmin gün Ümumrusiya Azərbaycanlılar Konqresi Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı və səfirliyinin iştirakı ilə zəmanəmizin görkəmli siyasi xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş konfrans keçirmişdir. Tədbir "Yunost" mehmanxanasının konfrans zalında təşkil edilmişdir. Əvvəlcə ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən sənədli film göstərilmişdir.
ÜAK-ın icra aparatının rəhbəri Nemət Nağdəliyev tədbiri açaraq demişdir ki, ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş konfransın məqsədi böyük siyasətçi, müasir müstəqil Azərbaycanın memarı, Azərbaycan xalqının görkəmli oğlunun xatirəsinə ehtiram bildirməkdir. Onun sözlərinə görə Azərbaycan xalqını üzləşdiyi bəlalardan, ölkəni isə parçalanmaq təhlükəsindən yalnız Heydər Əliyev xilas edə bilərdi və bugünkü firavan Azərbaycan yalnız onun zəngin siyasi təcrübəsi, danılmaz nüfuzu, xalqın onu hərtərəfli dəstəkləməsi sayəsində mövcuddur.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tarixdə şəxsiyyətin rolu, ulu öndərin siyasətdə keçdiyi böyük həyat yolunun müxtəlif mərhələləri, o cümlədən sovet dövrü haqda söhbət açmışdır. O, Heydər Əliyevin görkəmli dövlət xadiminə xas olan istedadını, müasir Azərbaycanın təşəkkülünə və inkişafına, ölkənin artıq sarsılmaz suverenliyinin möhkəmlənməsinə qiymətli töhfəsini xüsusi qeyd etmişdir.
Bakıdan dəvət edilmiş qonaqlar - politoloq, Milli Məclisin deputatı Rasim Musabəyov, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Çingiz Abdullayev, habelə rusiyalı yazıçı və tarixçi Rudolf İvanov, Heydər Əliyevlə Moskvada işləmiş, o vaxt SSRİ Nazirlər Sovetinin sosial inkişaf üzrə bürosu sədrinin müavini olmuş İqor Prostyakov Azərbaycan xalqının ümummilli liderinin şəxsiyyətinin miqyası barədə danışmışlar.
İqor Prostyakov vurğulamışdır ki, Heydər Əliyev görkəmli dövlət xadimi idi. O, həm Azərbaycanın, həm də SSRİ-nin inkişafına çox böyük töhfələr vermişdir. İqor Prostyakov Heydər Əliyevin bütövlükdə Sovet İttifaqı miqyasında iqtisadiyyatın idarə edilməsinə töhfəsindən söhbət açaraq vurğulamışdır ki, o, öz dövrünün nəhəng siması, güclü lider idi. O demişdir: "Heydər Əliyev görkəmli xadimdir və taleyimdən çox razıyam ki, mənə bu görkəmli insanla işləmək nəsib olmuşdur".
Natiqlər qeyd etmişlər ki, Heydər Əliyev çox müdrik, əzmkar dövlət xadimi idi. O, öz adını tarixə Azərbaycan dövlətçiliyinin qurucusu, respublikanın müstəqilliyi, suverenliyi uğrunda mübariz kimi yazmışdır. Heydər Əliyev Azərbaycan xalqının milli mənlik şüurunun oyanmasında, onun mədəniyyətinin və təhsilinin inkişafında, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının sıx birləşməsində mühüm rol oynamışdır. O, Rusiya-Azərbaycan münasibətlərinin inkişafına da çox böyük töhfə vermişdir.
Konfrans zalında Heydər Əliyev Fondunun arxivlərində saxlanılan nadir fotoşəkillər sərgilənmişdi.
VAŞİNQTON
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının doqquzuncu ildönümü ilə əlaqədar Vaşinqtonda keçirilən anma mərasimində Azərbaycanın ABŞ-dakı səfirliyinin müraciəti əsasında Vaşinqtonda yerləşən İslam Mərkəzində Ulu Öndər Heydər Əliyevin ruhuna dualar oxunub. Sonra səfirliyin inzibati binasında Ümummilli Liderin anma mərasimi keçirilib. Mərasimdə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin zəngin və şərəfli həyat yoluna nəzər salınıb, Onun Azərbaycan dövlətçiliyi və xalqımızın rifahı naminə gördüyü misilsiz işlər minnətdarlıq hissi ilə xatırlanıb.
BELQRAD
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının doqquzuncu ildönümü Serbiyanın paytaxtı Belqradda da anılıb. Tədbirdə səfirliyin əməkdaşları, yerli ictimaiyyətin və müsəlman icmasının nümayəndələri, Belqradda fəaliyyət göstərən Azərbaycan-Serbiya Ticarət-İqtisadi Palatasının, Azərbaycan Mədəniyyət Mərkəzinin üzvləri, bu ölkədə yaşayan və təhsil alan soydaşlarımız, KİV-lərin təmsilçiləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə dövlətimizin dəstəyi ilə abadlaşdırılan "Taşmaydan parkı"na gələrək görkəmli siyasi xadim, xalqımızın Ulu Öndəri Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyub, Ümummilli Liderin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra tədbir səfirliyin iqamətgahında davam etdirilib.
Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.
MEKSİKA
Ümummilli Lider Heydər Əliyevin xatirəsi Meksikada da anılıb. Meksikada yaşayan Azərbaycan və türk icmalarının üzvləri Mexiko şəhərində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoyub, Ümummilli Liderin xatirəsini ehtiramla anıblar.
Qeyd edim ki, anım mərasimləri hələ də davam etdirilir. Belə ki, hər il olduğu kimi, bu ildə dekabr ayının 15-də Almaniyanın Berlin şəhərində Ümummilli Lideri Heydər Əliyevin vəfatının 9-cu ildönümünə həsr olunmuş anma mərasimi keçiriləcək. Tədbir Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Almaniya Federativ Respublikasındakı səfirliyi və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi ilə birgə təşkil ediləcək.
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov Ulu Öndər Heydər Əliyevin həyat yolu və yaradıcılığı haqqında məruzə ilə çıxış edəcək. Daha sonra mərasim görkəmli siyasi xadim, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş fortepiano konserti ilə davam edəcək. Köln və Essen şəhərlərinin Musiqi Akademiyalarının dosenti, pianoçu Elnarə İsmayılovanın ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənəcək.
Dekabrın 14-də isə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının təşəbbüsü və təşkilatçılığı ilə İzmit Sabancı Mədəniyyət Mərkəzində rəssam İlhan İşbaşının Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 9-cu ildönümünə həsr olunmuş "Azərbaycan" adlı rəsm sərgisi keçiriləcək. Azərbaycanın müxtəlif guşələrini əks etdirən sərgidə rəssamın yağlı boya ilə çəkilmiş 50-yə yaxın rəsm əsəri sərgilənəcəkdir. Sərgi dekabrın 21-nə kimi davam edəcək.
Pekin
Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyində zəmanəmizin görkəmli siyasi xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Tədbirdə Türkiyənin Pekindəki səfiri Murat Səlim Esenli, Tacikistan səfiri Rəşid Alimov, Ukraynanın müvəqqəti işlər vəkili Vasili Qamyanin, Qazaxıstanın Şanxay Əməkdaşlıq Təşkilatındakı (ŞƏT) daimi nümayəndəsi Bağdad Seytbattalov, Rusiya, İran, Özbəkistan, Qırğızıstan səfirliklərinin müşavirləri, Pekində ezamiyyətdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin idarə rəisi Zavər Qafarov, Çin ictimaiyyətinin nümayəndələri, eləcə də Pekindəki azərbaycanlı tələbələr və iş adamları iştirak etmişlər. Əvvəlcə mərasim iştirakçıları ulu öndərin büstü önünə gül dəstələri düzmüş, əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər, Azərbaycanın dövlət himni səsləndirilmişdir. Tədbiri açan Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov ümummilli lider Heydər Əliyevin həyat fəaliyyətindən, yaratdığı dövlətçilik məktəbindən ətraflı danışmışdır. Qeyd etmişdir ki, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidməti onun şah əsəri olan müasir və müstəqil Azərbaycanı yaratmasıdır. Heydər Əliyev yalnız Azərbaycan miqyasında deyil, həmçinin dünya siyasətində nadir, seçilən şəxsiyyət idi.
Türkiyənin səfiri Murat Səlim Esenli çıxışında qeyd etmişdir ki, strateji təfəkkürə malik olan Heydər Əliyev qısa zamanda böyük işlər görmüş, Azərbaycanı bugünkü zirvələrə yüksəltmişdir. Türkiyə ilə Azərbaycan dövlətlərinin qardaşlıq münasibətlərinin möhkəmlənməsində ulu öndərin əvəzsiz xidmətlərini xatırlayan səfir vurğulamışdır ki, Heydər Əliyevin əziz xatirəsi Türkiyədə daim yad edilir. Tacikistan səfiri Rəşid Alimov 1980-ci illərdə Ümumittifaq Gənclər İttifaqının Mərkəzi Komitəsində işlədiyi dövrdə Heydər Əliyevlə görüşləri, ulu öndərin gənc kadrlara xüsusi diqqət və qayğısı haqqında xatirələrini bölüşmüşdür. Gənc rəssam Jen Yanqyanq görkəmli dövlət xadimi Heydər Əliyev ilə görüşünü məmnunluqla xatırlayaraq, ölkələrimiz arasında dostluğun əbədi davam etməsini arzulamışdır.
Qazaxıstanın ŞƏT-dəki daimi nümayəndəsi Bağdad Seytbattalov dünya miqyaslı siyasi xadim Heydər Əliyevin Qazaxıstan ilə Azərbaycan arasında münasibətlərin inkişafında xidmətlərindən danışmışdır.
İkinci Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı olmuş Çin Mərkəzi Millətlər Universitetinin professoru Xu Cenxuan Heydər Əliyevin yaratdığı Azərbaycanın onu heyran etdiyini bildirmişdir.
Sonra ulu öndər Heydər Əliyevə həsr olunmuş film nümayiş olunmuşdur. Qonaqlar, həmçinin ümummilli liderin anım gününə həsr olunmuş kitab sərgisi ilə tanış olmuşlar.
NƏZAKƏT