PDF Oxu

Əsas

  • 25

"Sağlam ailə sağlam gələcəyin təminatıdır"

Səbail rayonunda bu adda aksiya çərçivəsində tədbir keçirlib

"Sağlam ailə sağlam gələcəyin təminatıdır"

Dünən Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Səbail rayon icra hakimiyyəti ilə birgə "Sağlam ailə gələcəyin təminatıdır" adlı aksiya çərçivəsində tədbir keçirilib.

İlk öncə tədbir iştirakçıları və qonaqlar mərkəzin foyesində qurulmuş uşaqların rəsm və əl işlərindən ibarət sərgi ilə tanış oldu. Sonra layihənin təqdimatı keçirildi. Səbail rayon ictimaiyyəti, bir sıra nazirlik və komitələrin nümayəndələrinin, Milli Məclisin deputatlarının və Bakı şəhərinin digər rayonlarını təmsil edən çoxsaylı qonaqların iştirakı ilə keçirilən tədbir iştirakçılarını salamlayan Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov gənc nəslin tərbiyəsinə və sağlam həyat tərzinin təbliğinə istiqamətləndirilmiş tədbirlərin əhəmiyyətini vurğulamışdır. O, qeyd etmişdir ki, Azərbaycan xalqı dərin tarixi köklərə, milli-mənəvi dəyərlərə malik bir xalqdır. Ailənin möhkəmliyi, onun daxilindəki səmimi münasibətlər, ailə başçısı və yaşlı nəslə olan hörmət və ehtiram ənənələri xalqımıza hər zaman xas olan cəhətlərdən olmuş, xalqımız illər boyu onu qoruyub saxlamış və gələcək nəsillərə ötürmüşdür: "Bu gün Səbail rayonunun əhalisinin sayı 94770 nəfər, rayonda məskunlaşmış məcburi köçkünlərin sayı 9189 nəfərdir. Xüsusi olaraq qeyd olunmalıdır ki, bu gün Səbail rayonunda çalışan işçilərin sayı 98891 nəfər olmuşdur. Hazırda rayonda 22742 ailə yaşayır və yeni yaranmış ailələrin sayında ilbəil artım müşahidə olunur. Bu rəqəmlər illər üzrə artaraq 2004-cü ildə il ərzində 667 nigah faktından 2011-ci ildə il ərzində 1429 nigah faktına çatmışdır. Müsbət haldır ki, son 10 il ərzində rayonda yeni doğulan körpələrin sayında ilbəil artım müşahidə olunur və bu artım stabil olaraq artmaqda davam edir. Rayonda boşanma hallarının da sayında son illər ərzində müəyyən artım qeyd olunmuşdur. Həmçinin, qeyd etmək lazımdır ki, rayondakı ailələrin 2598-i namamam ailələrdir. Bu neqativ halın qarşısının alınması istiqamətində təkcə icra strukturları deyil, cəmiyyətin bütün təbəqələrinin iştirakı vacib şərtdir. İlk növbədə, gənc ailələrin dağılmasının qarşısının alınması məqsədi ilə bu ailələrin işlə təminat və yaşayış şəraitlərinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilməlidir. Ümidvarıq ki, gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə dövlət tərəfindən ipoteka kreditlərinin verilməsi, kreditlərin məbləğinin artırılması və faizin aşağı salınması məsələləri bu istiqamətdə böyük addım olacaqdır".

A.Əsgərov ailə dəyərlərinin qorunub saxlanılması, gənc ailələrə sağlam həyat tərzinin aşılanması məqsədi ilə maarifləndirmə işəlrinə, həmçinin müəyyən sosial problemlərin həllinə yönəlmiş yerli layihələrin həyata keçirilməsinə fikir verilməsini vacib saydı. Bildirdi ki, gənclərin işlə təminatı, ailələrin sosial problemlərinin həlli, yeni iş yerlərinin açılması, əmək yarmarkaları və bircalarının təşkili, imkansız ailələrə ünvanlı sosial yardımların verilməsi, yerli əhəmiyyətli sosial layihələrin həyata keçirilməsi, məktəbəqədər təhsil müəssisələrinin sayının artırılması və mövcüd uşaq bağçalarının əsaslı təmir olunaraq müasir tələb səviyyəsinə çatdırılması, imkansız ailələrin uşaqlarının mədəniyyət müəssisələrində keçirilən kütləvi-mədəni tədbirlərdə iştirakı üçün müvafiq tədbirlərin görülməsi, onların asudə vaxtlarının təşkili məsələləri gənc ailələrin daha da möhkəmlənməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir. Rayon rəhbəri bu istiqamətdə görülən işlər və həyata keçirilən sosial yönümlü layihələr barədə ətraflı məlumat verdi.

Tədbirdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirdi ki, komitənin ailələrimizin qorunub saxlanılması istiqamətində gördüyü tədbirlərdən, dövlətin, cənab Prezidentimiz İlham Əliyevin ailəyə, gənclərə verdiyi önəmdən danışmış və dövlət siyasətində ailə siyasətinin prioritet olduğunu bir daha vurğuladı.

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Aynur Sofiyeva fikirlərini statistika ilə əsaslandıraraq Azərbaycanda 1.900.000-dən çox ailənin olduğunu qeyd etdi. Həmçinin, bildirdi ki, cari ildə 80.000-ə yaxın nikah bağlanmış, 10-11 faiz boşanma halları olmuşdu.

Milli Məclisin Sosial-Siyasət Komitəsinin sədri Hadı Rəcəbli ailə dəyərlərinin qorunması istiqamətində Milli Məclisdə qəbul edilən qanunlar, onların həyata keçirilməsinin vacibliyi barədə danışaraq, gənclərin hüquqi maarifləndirilməsinin, ailə həyatı qurarkən nikah müqaviləsinin əhəmiyyətinin vacibliyini vurğuladı.

Tədbirdə iştirak edən gənclərə komitə tərəfindən hazırlanmış, "Reproduktiv sağlamlıq. Nikahdan əvvəl tibbi müayinə", "QİÇS sağalmaz xəstəlikdir", "Uşaq-valideyn münasibətləri", "Sağlam həyat tərzi", "Yaşlılara qayğı və hörmət təlimatları", "Qan qohumları arasında nikah və onun fəsadları", "İnsan alveri qurbanı olma" və "Uşaqlarınızı qoruyun" adlı bukletlər paylanıldı və iştirakçıları maraqlandıran suallar cavablandırıldı. Həmçinin, tədbirdə aksiyanın keçirilməsi zamanı fərqlənənlərə komitə tərəfindən diplomlar, tədbirdə iştirak edən sağlamlıq imkanları məhdud olan 50 uşağa isə Səbail rayon icra hakimiyyəti tərəfindən hədiyyələr təqdim olundu.

Tədbir Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin, "Müşviq" Əlil Uşaqlara Yardım İctimai Birliyinin, "Azərbaycanda Daum Sindromlu İnsanların Assosiasiyası"nın, Milli Təhlükəsizlik Nazirliyi Mədəniyyət Mərkəzinin istedadlı uşaqlarının ifalarında konsert proqramı ilə sona çatdı.

R.HÜSEYNOVA

Digər xəbərlər