Səbail rayonunda dramaturqa həsr olunmuş filmin təqdimatı keçirildi
Dünən Dünya Azərbaycanlılarının həmrəylik günü ilə bağlı Səbail rayon icra hakimiyyətinin təşkilatçılığı ilə rayon rəhbərliyi, rayonun idarə, müəssisə, və təşkilatlarının, elm və təhsil müəssisələrinin, kütləvi informasiya vasitələrinin nümayəndələri, gənclər və ağsaqqallar, veteranlar, din xadimləri və ziyalıların iştirakı ilə Dənizkənarı Milli Parkdakı "Park Bulvar" Ticarət və İstirahət Mərkəzindəki "Sinema-Klub"da Mirzə Fətəli Axundzadənin 200 illiyi ilə bağlı filmin təqdimat mərasimi keçirildi. Tədbiri açıq elan edən Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov tədbir iştirakçılarını və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, qarşıdan gələn Yeni il münasibəti ilə təbrik etdi. A.Əsgərov ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində 2012-ci ildə əldə olunan uğurlu nailiyyətlərdən, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artmasından, əhalinin rifah halının yüksəlməsi istiqamətində həyata keçirilən sosialyönümlü layihələrdən danışdı. Rayon rəhbəri, əvvəlki illərdə olduğu kimi, 2012-ci ildə də Səbail rayonunda geniş abadılıq və quruculuq işləri, uğurlu layihələr, yeni obyektlər, təmir olunmuş təhsil, səhiyyə və s. müəssisələr, park və həyətlər, istirahət güşələri, asfaltlaşdırılmış yollar barədə məlumat verərək, yeni ildə də qarşıda duran vəzifələrdən söz açıbdır: "Bu il həm də böyük Azərbaycan mütəfəkkiri, milli dramaturgiyamız banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illik yubileyi böyük təntənə ilə qeyd olunur. Ölkə başçısı tərəfindən Azərbaycan mədəniyyətinin inkişafı tarixində parlaq səhifə açan Mirzə Fətəli Axundzadənin yubileyinin təntənəli şəkildə keçirilməsi ilə bağlı Sərəncam imzalanmış və müvafiq tədbirlərin keçiriləməsi ilə bağlı tapşırıqlar verilmişdir. 2012-ci il həm də Türksoy çərçivəsində "M.F.Axundzadə ili" elan edilmişdir. Bu gün milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin yubileyi ilə əlaqədar onun həyat və fəaliyyətini əks etdirən "Sübhün səfiri" filminə ictimai baxış keçiriləcəkdir".
Tədbirdə çıxış edən Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin yaradıcılığı, onun mənalı həyat yoluna nəzər saldı, ölkəmizdə və onun hüdudlarından kənarlarda keçirilən yubiley tədbirlərinindən danışdı. Xalq yazıçısı, həmçinin, dövlət sifarişi əsasında çəkilmiş, ssenari müəllifi olduğu "Sübhün səfiri" filminin çəkilişi barədə danışdı. Sonra filmin yaradıcı heyəti iştirakçılara təqdim etdirildi.
Filmin rejissoru Ramiz Həsənoğlu və baş rolun ifaçısı xalq artisti Rasim Balayev filmin ərsəyə gəlməsi və çəkilişi ilə bağlı təəssüratlarını danışdı.
Sonda tədbir iştirakçılarına "Sübhün səfiri" filmi nümayiş etdirildi.
RƏFİQƏ HÜSEYNOVA