Müstəqilliklərini qazandıqdan sonra Azərbaycanla Gürcüstan istər regionda istərsə də, beynəlxalq aləmdə bir-birinin maraqlarını qoruyan və bir-birinə dəstək olan dövlətlər olublar. Bu strateji müttəfiqlik istənilən hakimiyyət dönəmində davamlı xarakter daşıyıb. Düzdür, Gürcüstanın Bdzina İvanişvili hakimiyyəti mövcud əlaqələrə kölgə salmağa hesablanan açıqlamaları olub. Hətta Bakı-Tbilisi-Qars dəmiryolu ilə bağlı bir sıra ziddiyyətli fikirlərdə ortaya qoymuşdu. Amma sonradan özü də etiraf etmişdir ki, bu məsələ ilə bağlı düşünülməmiş tələsik fikir bildirmişdi. Əlavə olaraq onu da qeyd etmişdir ki, Gürcüstan hakimiyyəti Bakı-Tbilisi-Qars dəmiryolnun tez bir zamanda başa çatmasında maraqlıdır. Söhbət etdiyimiz müsahiblərimiz Bdzina İvanişvilinin Bakı-Tbilisi-Qars dəmiryolu ilə bağlı əvvəlki mövqeyinin Azərbaycandan hansısa güzəştləri əldə etməyə hesablanan mövqe olduğunu söylədilər.
Millət vəkili Musa Qasımlı: "Bakı-Tbilisi-Qars" dəmiryolu Gürcüstanın mənfəətlərinə tamamilə uyğundur"
- Gürcüstanın yeni baş nazirinin Bakı-Tbilisi-Qars dəmiryolu ilə bağlı əvvəllər söylədiyi fikirlər həm Gürcüstan daxilində, prezidentlə olan münasibətləri ilə bağlı olmaqla yanaşı, həm də Azərbaycandan nəsə qoparmaq niyyəti ilə bağlı idi. Baş nazir Bdzina İvanişvili Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisini dayandırmaq gücündə deyildir. Çünki bu yol, Bakı-Tbilisi-Qars dəmiryolu Gürcüstanın mənfətlərinə tamamilə uyğundur. Gələcəkdə hər hansı bir layihədə qarşılaşmamaq üçün isə ehtiyat variantlarını hər zaman düşünmək lazımdır. Alternativ variantlara isə hər zaman ehtiyac var.
Politoloq Elman Nəsirli: "Tranzit ölkə olan Gürcüstan yalnız bu layihədən qazanc əldə edir"
- İvanişvilinin belə bəyanatlar səsləndirməsinə səbəb Gürcüstanda öz hakimiyyətinin xüsusi gücə malik olmasını nümayiş etdirmək istəyilə bağlı idi. Eyni zamanda isə, istəyirdi ki, Azərbaycandan müəyyən güzəştlər əldə etsin. Belə bir hadisə Bakı-Tbilisi-Ceyhan neft kəməri çəkilməsi zamanında baş vermişdi. Gürcüstan höküməti o zaman Borjomi yataqlarının ekoloji olaraq təhlükəyə məruz qaldığını bildirmişdi. Buna səbəb isə Azərbaycandan əlavə vəsait qoparmaq istəyi ilə bağlı idi. Hesab edirəm ki, bu dəfə də Gürcüstan höküməti belə bir cəhdi təkrarladı. Lakin baş nazir İvanişvili, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı artıq real həqiqətin nədən ibarət olduğunu gördü. Bir daha şahidi oldu ki, Azərbaycan Gürcüstana dünya bazarından da aşağı qiymətə qaz satır. Bütün bu layihələrdə isə tranzit ölkə olan Gürcüstan yalnız mənfəət əldə edir. Baş nazir isə bir daha əmin oldu ki, Azərbaycanla Gürcüstan münasibətlərin pozulması indiki zamanda Gürcüstan dövləti üçün problemlər yarada bilər. Gürcüstan bir tərəfdən, Rusiya, digər tərəfdən isə Ermənistan sıxışdırır. Ermənistan Axalkalakidə yaşayan erməniləri qızışdırıb, ərazi iddiaları irəli sürməyə cəhd göstərir. Belə bir halda Azərbaycanla Gürcüstanın münasibətlərinin pozulması onları çıxılmaz vəziyyətə gətirib çıxara bilər. Düşünürəm ki, Gürcüstanda hansı prezidentin hakimiyyətdə olmasından asılı olmayaraq, gələcəkdə buna oxşar qlobal layihələrdə alternativ variant nəzərə alınacaq. Nəticə isə bundan ibarətdir ki, baş nazir İvanişvili əsasız iddialarla çıxış etdi. Lakin Gürcüstanla Azərbaycan arasında baş verən dostluq münasibətləri və dinamizim hər zaman inkişaf edəcək.
Ruqiyyə Cəfərova